Baş Prokurorluğun növbəti regional konfransı başa çatıb

post-img

Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar aprelin 18-də Sabirabad şəhərində “Korrupsiya ilə mübarizədə Heydər Əliyev siyasi irsi” adlı konfrans başa çatıb.

Bu barədə "Xalq qəzeti"nin Sabirabad şəhərinə ezam olunmuş əməkdaşı məlumat verib.

Konfrans Baş Prokurorluq və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, ətraf region prokurorluqlarının məsul əməkdaşları, hüquq-mühafizə orqanları və digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin, media və QHT nümayəndələrinin iştirakı ilə keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin Sabirabad şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edilib. Tədbir başlamazdan öncə ulu öndər Heydər Əliyev və vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi konfrans iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad olunub.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Asəf Sarıkişiyev ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə korrupsiyaya qarşı aparılan sistemli mübarizə, həyata keçirilən əsaslı islahatlar, görülən təşkilati və preventiv tədbirlər, habelə korrupsiyaya qarşı ciddi mübarizənin aparılmasında prokurorluq orqanlarının üzərinə düşən vəzifələr barədə çıxış edib.

Milli Məclisin deputatı, Baş Prokurorluğun Anti-Korrupsiya Təlim Mərkəzinin rəhbəri Kamal Cəfərov bildirib ki, korrupsiyaya qarşı mübarizə istiqamətində Heydər Əliyev qəti siyasi iradəsi Prezident İlham Əliyev tərəfindən davam etdirilməklə həyata keçirilən mövcud siyasətin əsas istiqamətini təşkil edir.

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov mötəbər tədbirin Sabirabad şəhərində təşkilindən məmnunluğunu ifadə edib.

Konfransda, həmçinin rayon prokuroru Fəxrəddin Pənahov, məhkəmə sədri Füzuli Pənahov, Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli və digərləri ümummilli lider Heydər Əliyevin korrupsiyaya qarşı konkret əməli addımlarla müşahidə olunan barışmaz siyasətinin digər fəaliyyət sferalarına müsbət təsirləri barədə çıxışlar edib.

Tədbir çərçivəsində media və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə Sabirabad rayon prokurorluğunun inzibati binasına press-tur təşkil olunub. İnzibati binanın infrastrukturu barədə məlumatlandırılan iştirakçılar binada əməkdaşlar üçün yaradılmış iş şəraiti ilə tanış olublar.

Kriminalistik avtomobil və avadanlıqlarla tanış olan qonaqlara istintaq hərəkətlərinin keçirilməsi zamanı müasir texnikadan istifadənin əhəmiyyəti izah olunub.

Konfransı çərçivəsində iştirakçılar Sabirabad rayon Heydər Əliyev mərkəzinin Muzey hissəsində Ulu Öndərin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini özündə əks etdirən fotostendlər ilə tanış olub.

Sabirabad Heydər Əliyev Mərkəzi fondunun baş mühafizi Səlmi Mühtiyeva media və qeyri-hökumət təşkilatlarının nümayəndələrinə ətraflı məlumat verib. S. Mehtiyeva bildirib ki, Heydər Əliyev prezidentliyi dövründə Sabirabada 15 dəfə səfər edib. Səfərləri çərçivəsində sakinlərin problemlərini dinləyib, müvafiq qurumlara tapşırıqlar verib. 

Sonda xatirə şəkli çəkilib. Press-turda iştirak edənlər nahar ediblər. 

Xatırladaq ki, Baş Prokurorluq tərəfindən bundan əvvəl, Gəncə, Lənkəran, Şəki, Gədəbəy, Quba, Bərdə və Zaqatala şəhərlərində regional konfranslar təşkil olunub.

Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”









Son xəbərlər