Abidələrin qorunması prioritetdir

post-img

Ötən əsrin 60-cı illərindən başlayaraq abidələrin mühafizəsi siyasəti ilə əlaqədar sovet qanunvericiliyinə “tarix və mədəniyyət abidəsi” ifadəsinin daxil edilməsi  abidə anlayışının hüquqi status çərçivəsində dərkində yeni addımı oldu. 

Bu fakt tarix və mədəniyyət abidələrinin mühafizəsinin nə qədər zəruri və tələbli bir hadisə olduğunu sübut edir. Tarix və mədəniyyət abidəsi anlayışı mədəni irsin qorunması sahəsinə aid olan müasir anlayış-terminoloji aparatında aparıcı yer tutur. Müasir dövrdə bu anlayışın hüquqi məzmunu, təkcə unikal memarlıq, tarixi-mədəni maddi obyektləri, ansamblları, tarixi landşaftları deyil, eləcə də ənənəvi texnologiyaları, təsərrüfat formalarını, çox dəyərli qeyri-maddi obyektləri də əhatə edir. Gələcəyə ötürülməsi aktuallıq kəsb edən mədəni irsin bu kateqoriyadan olan obyektlərinin elmi-nəzəri aspektdən daha dərindən öyrənilməsi, tədqiqi, mühafizəsi və populyarlaşdırılması məqsədilə ötən əsrin 80-cı illərinin sonlarına yaxın (1986-1990-cı illərdə) moskvalı tədqiqatçı P.Boyarskinin təşəbbüs və rəhbərliyi ilə humanitar fənnlər sistemində abidəşünaslıq elmi istiqamətinin təşəkkülü mühüm hadisəyə çevrildi. 

Bu elmi istiqamətin hazırda postsovet respublikalarında, eləcə də zəngin maddi və qeyri-maddi irsə malik olan Azərbaycanda da təşəkkül tapması mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə tədqiqat aparan dos. Y.Eyvazovanın 2017-ci ildə  “Abidəşünaslıq” adlı monoqrafiyasının nəşri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bakalavr səviyyəsində “Tarix və mədəniyyət abidələrinin mühafizəsi”, “Mədəni irs”, magistr səviyyəsində isə, abidəşünaslıq  fənlərinin tədrisi ixtisaslı kadrların hazırlanmasında çox böyük əhəmiyyət kəsb edir. 

Azərbaycanda abidəşünaslığın elmi fənn kimi dövriyyəyə cəlb edilməsinin həm fundamental elmi-nəzəri, həm də təcrübi-tətbiqi baxımdan zəngin bünövrə qaynaqları mövcuddur. Belə ki, Azərbaycanın tarixi-mədəni irsini müxtəlif elmi istiqamətlər üzrə (arxeologiya, epiqrafika, tarix, sənətşünaslıq, teatrşünaslıq, kulturologiya, muzeyşünaslıq, təbiətşünaslıq və s.) öyrənən alim-tədqiqatçıların adı nəinki Azərbaycan, keçmiş sovet məkanı, eləcə də beynəlxalq səviyyədə tanınır. 

Onlardan görkəmli arxeoloqlar İ.Cəfərzadə, M.Hüseynov, Ə.V.Salamzadə, epiqraf-tədqiaqatçı Məşədixanım Nemət, sənətşünas Rasim Əfəndi, memarlar Ş.Fətullayev, C.Qiyasi, tarixçi alimlər  S.Aşşurbəyli, N. Vəlixanlı, xalçaçı L.Kərimov və başqalarının adlarını sadalamaq olar. Bu tədqiqatçıların üzə çıxararaq tədqiq etdikləri arxeoloji, epiqrafik, etnoqrafik obyektlər, nəinki Azərbaycanın, eləcə də dünyanın bəşəri abidələri sırasına daxildir. Qobustan (İ.Cəfərzadə), Azığ mağarası (M.Hüseynov), Şirvanşahlar sarayı (S.Aşşurbəyli) belələrindəndir. Bu görkəmli alimlərin elmi əsərlərində tarix və mədəniyyət abidəsi fenomeninin müəyyənləşdirilməsi aspektindən maraqlı mülahizələrə rast gəlinir ki, bunlar da milli abidəşünaslığın metodoloji bazası baxımından çox əhəmiyyətli hesab edilir. Azərbaycanda abidəşünaslığın  təşəkkülünün digər zəruri məqamı ölkənin zəngin mədəni irs xəzinəsinə malik olma faktıdır. Təkcə, maddi abidələri (memarlıq, şəhərsalma, monumental heykəltaraşlıq, təbii-bədii estetik görünüşlər, mədəni landşaftlar və s) deyil, qeyri-maddi abidələri (etnoqrafiya-folklor, musiqi, adət-ənənələr) ilə zəngin olan Azərbaycanda onların mühafizəsi, qorunmasını kompleks şəkildə fundamental tərzdə reallaşdırılması, həm də günün aktuallığıdır. Bu fənnin Azərbaycan təhsilinə, elminə cəlb edilməsinin proqnozları çox ümidvericidir. Əvvəla, tarix və mədəniyyət abidəsi anlayışının elmi izahında yenilik olacaqdır: bu fenomenə əvvəlki izahlardan fərqli olaraq kompleks yanaşma proqnozlaşdırılır. Çünki cəmiyyətdə bu anlayışın küll halında deyil, çox məhdud rakursdan dərk olunması nəticə etibarılə onların əhəmiyyət diapazonuna xələl gətirmiş olur.

Azərbaycanda bu elmi istiqamətin formalaşdırılmasını aktuallaşdıran əsas amillərdən biri də müstəqilliyin bərpasından sonra dövlətin bu sahəyə xüsusi diqqətin yetirməsi faktıdır. 

Ulu öndər Heydər Əliyev, Azərbaycan Prezidenti İlham Əliyevin dövlət siyasətində bu istiqamətlə bağlı təkmilləşdirilmiş qanunvericilik bazası, ölkə əhəmiyyətli layihələrin həyata keçirilməsi abidəşünaslıq baxımından əhəmiyyətlidir. Hərbi münaqişələr dövrünə təsadüf edən müstəqillik illərində təkcə insan deyil, mədəni resursların: daşınar və daşınmaz, qeyri-maddi tarix və mədəniyyət abidələrinin dağılması, itməsi, daşınması müharibənin fəlakətlərindən birinə çevrildi. Bununla bağlı ümummilli lider H.Əliyevin rəhbərliyi dövründə ölkənin bir sıra beynəlxalq konvensiyalara qoşulması, Prezident İlham Əliyevin göstəriş və qərarları, xüsusilə də, "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"nın, 44 günlük müharibənin tarixi zəfərindən sonra işğal ərazisindəki muzey və abidələrin bərpası ilə bağlı ayrıca bir siyasətin reallaşdırılması, abidəşünaslığın təşəkkülü və formalaşdırılması baxımından mühüm addımlardandır.   

Beləliklə, aparılan təhlillər təkcə mədəni irsin əsas kateqoriyası hesab edilən tarix və mədəniyyət abidələrinin deyil, bütövlükdə mədəni irsin mühafizə olunması, bu gün problematik mahiyyət kəsb edən anlayış-terminoloji aparatının dəqiqləşdirilməsində abidəşünaslığın zəruriliyini qabardır.

Yeganə Eyvazova,

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Muzeyşünaslıq kafedrasının müdiri, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent

 

Mədəniyyət