Beynəlxalq Muğam Mərkəzində “Mirzə Şəfi Vazehin Şərq lirikası Qərb musiqisində” adlı konsert proqramı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, konsertdə Əməkdar artist İlham Nəzərov (kontratenor) və pianoçu beynəlxalq müsabiqələr laureatı Züleyxa Abdulla çıxış edib.
Musiqiçilərlə yanaşı Hüseynağa Aslanov Mirzə Şəfi Vazehin alman dilindən tərcümə olunmuş mətnlərini qiraət edib.
Konsert proqramında görkəmli İsveçrə bəstəkarı Hans Huberin (1852-1921) 13 parçadan ibarət romans silsiləsi Bakıda ilk dəfə təqdim olunub. Vazehin şeirlərinə yazılmış bu silsilənin notları İsveçrədə 140 il əvvəl, 1882-ci ildə nəşr edilib, lakin ölkəmizdə ilk dəfə səslənib.
Layihə musiqişünaslar və klassik musiqi həvəskarları tərəfindən maraqla qarşılanıb.