Onu bütün türk dünyasında tanıyırlar

post-img

Beynəlxalq Muğam Mərkəzinin və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı və Türk dünyasının tanınmış aydınlarının iştirakı ilə Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı, AYB İdarə heyətinin üzvü Əkbər Qoşalının 50 illik yubileyinə həsr olunmuş Yaradıcılıq gecəsi keçirilib.

Muğam Mərkəzində təşkil edilən gecədə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva türk dünyasından gəlmiş mötəbər qonaqları, deputat həmkarlarını və bütün tədbir iştirakçılarını salamlayıb, ürək sözlərini bölüşüb: “İlk növbədə yubilyar qardaşımızı təbrik edir, ona yeni yaradıcılıq uğurları diləyirəm! Türk dünyasından mötəbər aydınların, qardaş ölkələrin yazıçılar birliklərinin başqanlarının, ölkəmizin ədəbi qurumlarının, oxucuların, vətəndaş cəmiyyəti institutlarının, şeir-sənət vurğunlarının geniş tərkibdə iştirakı yubilyarın ictimai, ədəbi fəaliyyətinə diqqətin, sayğının ifadəsidir. Biz Əkbər Qoşalı ilə 20 ilə yaxındır tanışıq, yaradıcı əməkdaşlığımız var, son 3 ildə isə birgə çalışırıq.  Onun, Mədəniyyət komitəsinin eksperti olaraq məhsuldar çalışmaları, məsuliyyəti şair-yazıçı kimliyi ilə yanaşı dövlət qurumlarında uzunmüddətli və səmərəli iş təcrübəsindən, bu təcrübənin yüksək əyarından xəbər verir.

Beynəlxalq “Alaş” Ədəbiyat mükafatı və bir sıra digər mükafatların laureatı olan Əkbər Qoşalının ədəbi yaradıcılığı və ictimai fəaliyyəti qoşa qanad kimi bir-birini tamamlamaqda, necə deyərlər, tarazlıq yaratmaqdadır. Tarazlıq dedikdə ilk növbədə nəyi nəzərdə tuturam? – Söhbət fiziki parametlərdən deyil, ideyadan, ideyalı ədəbiyyatdan gedir, əlbəttə. Əlbəttə, ədəbiyyat başda olmaqla, ümumən hər bir yaradıcılıq aktı ideyaya əsaslanmasa, ideyalı olmasa, yaşarılı ola bilməz. Əkbər Qoşalının şeirləri, poemaları, hekayələri ilə, esseləri, məqalələri, müsahibələri ilə tanışlıq onu 90-cılar ədəbi nəsli içində ideyalı ədəbiyyatın ən əsas təmsilçilərindən biri, bir sıra göstəricilərə görə birincisi kimi səciyyələndirməyə əsas verir. Əkbər Qoşalının irihəcmli əsərlərinin – “Dərvişin nağılı”, “Çobanbayatı” poemalarının və “Türk dünyasında ədəbiyyat... Ədəbiyyatda Türk dünyası” məruzələrinin bu baxımdan daha təsirli olduğunu düşünürəm. Təsadüfi deyil ki, adıkeçən mövzuda məruzələr Azərbaycan Yazıçılarının son iki Qurultayında məhz ona etibar edilib və o da bu etibarı yüksək səviyyədə doğruldub. Xalq yazıçısı, AYB sədri Anarın Əkbər Qoşalının məruzəsini model məruzə adlandırması, məruzələr haqqında çoxsaylı təqdiredici rəylərin meydana çıxması, habelə ciddi alimlərin elmi əsərlərində həmin məruzəyə istinad olunması da dediklərimizi təsdiq edir.  Onu Türk dünyasının hər yerində tanıyır, bilirlər, yaradıcılığına, ictimai fəaliyyətinə sayğı duyurlar. O, Türk dünyası gənc yazarlarının Azərbaycan mərkəzli beynəlxalq platformasının -  Dünya Gənc Türk Yazarlar Birliyinin qurucusu və ilk başqanı olub. 

Əkbər Qoşalı Azərbaycan dövlətinin, qardaş respublikaların, ortaq türk qurumlarının, digər çoxsaylı qurum və quruluşların mükafatları ilə təltif olunub. Bu, onun yaradıcı və ictimai fəaliyyətinə, xidmətlərinə verilən dəyərin ifadəsidir. Dəyərli qardaşımızın 50 illik yubileyi münasibəti ilə təbrik edir, ona yeni yaradıcılıq uğurları diləyirəm”!

Yaradıcılıq gecəsində Qazaxıstan Prezidentinin müşaviri Malik Otorbayev, Tatarıstan Dövlət Şurasının deputatı, Xalq şairi, Tatarıstan Yazıçılar Birliyinin başqanı, Dövlət Mükafatı laureatı Rkail Zəydulla, Azərbaycan Yazıçılar Birliyinin katibi, TÜRKSOY Yazarlar Birliyinin başqan müavini Səlim Babullaoğlu, Qırğız Milli Yazıçılar Birliyinin başqanı, Əməkdar mədəniyyət xadimi Nurlan Kalıbekov, “TRT Türkmənistan Masası”nın rəhbəri, tanınmış jurnalist, ictimai xadim Murat Toylu, İraq Türkmanlarının tanınmış nümayəndəsi, “Kərkük Mədəniyyət Mərkəzinin başqanı, şair-publisist, jurnalist, ictimai xadim dr. Şəmsəddin Kuzəçi, Çuvaşıstanın Əməkdar incəsənət xadimi, şair-publisist Marina Karyagina, Qazaxıstandan – ABAY TV-nin prodüsseri, şair Tanagöz Tolkınkızı, Ekibastuz şəhərinin “Otarka” qəzetinin redaktoru Janargül Kadırova, Qazaxıstan Yazıçılar Birliyinin üzvü, teleaparıcı Janayım Auğanbaykızı, “Egemen Qazaxıstan” qəzetinin “Ədəbiyyat və incəsənət” şöbəsinin əməkdaşı, şair Batırxan Sersenxan, habelə Saxa-Yakutiya Dövlət Məclisinin (İl-Tümən) deputatı, Yakutsk şəhərinin Fəxri vətəndaşı, “Saxa-Yakutiya Azərbaycan diasporu” regional ictimai təşkilatının başqanı Əliş Məmmədov, “Arxangelsk vilayətinin Azərbaycan diasporu" regional ictimai təşkilatının başqanı Tarlan Qasımov, “Çuvaşıstan-Azərbaycan Dostluq Cəmiyyəti”nin başqanı Aqil Əliyev, Dünya Gənc Türk Yazarlar Birliyi başqanı İntiqam Yaşar, “Dədə Ələsgər ocağı” İctimai Birliyinin başqanı Xətai Ələsgər, “Türk Dünyası Ağsaqqalları” İB təmsilçisi Sabir Tağıyev, 34 saylı tam orta məktəbin direktoru Nəcibə Axundova, türkoloq, telejurnalist Aida Eyvazkı Göytürk, şair Elşən Əzim, rəssamlar – Minayə Feyzullayeva, Natiq Nəcəfzadə və b. çıxış edərək, Əkbər Qoşalını təbrik edib, ürək sözlərini bildirib, təmsil etdikləri ölkə və qurumların adından onu təltif ediblər, habelə öz əl işlərini təqdim ediblər.

Gecədə Əməkdar artist Nuriyyə Hüseynova (“Var olsun”)  tanınmış sənətçi Şəmistan Əlizamanlı (“Bilə bilmirəm”), yeni nəsil müğənniləri Çilənay Hüseynova ilə Sərxan Bünyadzadə (“Ömrün təsviri”), Aşıq Roman Azaflı (“Dəli könül”) bəstəkar Fərahim Sadiqin Əkbər Qoşalının sözlərinə yazdığı mahnıları ifa edib. Aşıq Əli Zeynalabdinov Əkbər Qoşalının “Aman Allah, nə vaxtlarım var imiş” şeirini “İncəgülü” havası üstə oxuyub.  Bəstəkar Elmir Mədətoğlunun Əkbər Qoşalının sözlərinə yazdığı mahnını (“Sənin məktubların”) isə Şəhla Həmidova ifa edib. Sənətçiləri Əməkdar artist Fəzilə Rəhimovanın rəhbəri olduğu “FolkMusiCBand” ansamblı müşayiət edib. 

Tanınmış sənətçiləri Həlimət Sultan və Mütəllim Dəmirov kamançanın müşayiəti ilə şairin şeirlərindən ibarət kompozisiya təqdim edib. Bədii qiraətçilər Zemfira xanım Əbdülsəməd yubilyarın “Tədarük eyləmişəm”, Müşfiqə Baləddin isə “Qız qalası” şeirini səsləndirib. Gecənin sonunda rejissor Faiq Nağıyevin quruluşunda  mini tamaşa nümayiş olunub.

Gecədə yubilyarın “Seçilmiş əsərləri”nin I cildi oxuculara təqdim olunub. Naşiri Səbuhi Şahmursoy olan kitabın təqdim yazısı Qənirə Paşayevaya, ön sözü Vaqif Yusifliyə aiddir. “Hədəf Nəşrləri”ndə nəfis şəkildə nəşr olunan kitabın redaktorları Şəmil Sadiq, İntiqam Yaşar, illüstrasiyaların müəllifi Xalq rəssamı Arif Hüseynovdur.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”







Mədəniyyət