Borçalıda Novruz: dövlət bayramı və el şənliyi

post-img

Azərbaycan və əksər türk xalqlarında keçirilən Novruz bayramının mənşəyi bəzən atəşpərəstlik, bəzən də Babil, İran, islam tarixi ilə bağlanır. Təbii ki, tarixi min illərə gedib çıxan bu qədim türk mərasiminə bir çox digər mədəniyyətlər təsir edə bilərdi. Ancaq bu bayramın arxaik variantının Yaxın Şərqlə heç bir əlaqəsi olmayan saxalarda və Altay türklərində izlənməsi onun mənşəyinin qədim türk mədəniyyətindən qaynaqlandığını deməyə əsas verir. Azərbaycan xalqının xüsusi şövqlə və müxtəlif bölgələrdə özünəməxsus çalarlarla keçirdiyi Novruzun Gürcüstandakı soydaşlarımızın bayramlaşmasındakı bir çox detallar bu bayramın məhz türk mədəniyyətindən törədiyini və türk etnik-mədəni tipologiyasına aidliyini təsdiqləyir. 

Digər tərəfdən, Novruz xalqımızın etnik mədəniyyətində təcrid olunmuş halda deyil və digər milli mərasimlərlə, ilk növbədə - türk mifoloji panteonunun ulu üzvlərindən olan Xıdırəlləz kultu ilə də bağlıdır. Borçalıda, o cümlədən 1920-ci ildən Ermənistana verilmiş Dağ Borçalıda və Ağbaba-Şörəyel mahalında, eləcə də Ahıska türklərində Xıdır Nəbi, Xıdır İlyas, Xıdırəlləz, digər bölgələrdə Xızır, Xızır İlyas, Xıdır baba, Xıdır Zində adlanan mərasim Novruzu qabaqlayan mərasimdir. Kiçik Çillənin ortalarına, fevralın 10-na təsadüf edir. Rəvayətə görə, su, külək, yolla bağlı olan və insanları bəlalardan qurtaran Xıdır ikidir – Xıdır İlyas suda batanları xilas edir, Xıdırəlləz isə adamları hər qəzadan, sudan, oddan qurtarır, dara düşənə köməkçi, yolçuya həyan, qəribə yoldaş, məzluma dayaq olur. Beləliklə, Xıdırəlləz yol və su ilə bağlıdır; su başında, yolda daha çox görünür. Bir kəs yola çıxanda dalınca «Xıdırəlləz köməyin olsun» deyərlər. Orucluğun 15-ci günündən sonra oruc ayının axırına  qədər Leyla-qədr gecəsində Xıdırəlləz evləri gəzir. Buna görə də orucluğun ikinci yarısının hər tək günündə axşamdan un torbasını açıb üstunü hamarlayar, qovut hazırlayar, Xıdırdan qismət dilərlər. Xıdırəlləz kimin evinə gəlsə, un ya qovut üstdə əlinin,  atının ayağının, qamçısının izi düşər. Leyla-qədr gecəsi Xıdırəlləz gələndə «göy  açılır», doğudan batıya doğru göydə işıq qurşağı şəklində zolaq yaranır, Xıdır yolunu görən adam Allahdan nə diləsə, diləyi qəbul olunur, cənnət, cəhənnəm görunür.

Novruz məhz Xıdırəlləzlə bağlı olan qışın, soyuğun, Böyük və Kiçik Çillənin və fevralın 21-dən martın 21-nə, Novruza qədər davam edən Boz ayın sonudur, təbiətin canlandığı, boz günlərin işıqla əvəzləndiyi, Günəşin parladığı dövrün başlanğıcıdır və bütün bu inanclar qədim türk mifoloji təsəvvürləri ilə bağlıdır.

Buna görə də Novruzun əsas rəmzləri canlanan təbiət, cücərən bitkilər, göyərən nəbatat, parlayan Günəş və alovlanan od. Novruz məra­sim­ləri – ocaq qalamaq və üstündən tullanaraq qışın ağırlığından qurtulmaq, həyati qüvvənin təcəssümü olan səməni göyərtmək, ağac budaqlarından şax düzəltmək, bayram paylarını bölüşmək  və sairə qədim türklərdə dirilik, məh­sul­darlıq, əmin-amanlıq rəmzi olan həyat ağacı və müqəddəs odla, Ötükən dağında bitən Qarağac,  Ut Ana və Odxan,  inancları ilə bağlıdır. Bu qədim etnik inanc və mərasimlərin bir çoxu xalqımızın böyük şövqlə keçirdiyi Novruz bayramı mərasimlərində, o cümlədən Borçalının Novruz gələnəyində bu gün də yaşamaqdadır. 

Lakin Borçalı özü yekrəng bir məkan deyil və nəinki rayonlar və kəndlər, bəzən bir kəndin məhəllələri arasında da fərqlərə rast gəlmək olur. Borçalı mahalı tarixən üç coğrafi hissəni – Sınıq Körpüdən Bala Muğanlıya qədər Aran Borçalı, buradan Başkeçidə qədər Bağ Borçalı və Başkeçiddən Axılkələk-Ahısqaya qədər Dağ Borçalını əhatə edən böyük bir ərazidir. Dağ Borçalı sovet hakimiyyəti tərəfindən Ermənistana verilib və soydaşlarımız bu illər ərzində tarixi yurdlarından tamamilə çıxarılıb. 

Azərbaycanla strateji əməkdaşlıq və müttəfiqlik münasibətlərində olan qardaş Gürcüstanda Borçalı soydaşlarımız Novruz bayramını son dövrlərdə geniş miqyasda, dövlət bayramı səviyyəsində keçirir, klassik ənənələri saxlamaqla bəzi yeniliklərə də imza atırlar.  Novruz yalnız Borçalı ərazisində deyil, soydaşlarımızın tarixən yaşadığı, zəngin Azərbaycan mənəvi-mədəni mühiti olmuş və bu gün də olan Tbilisi şəhərində də qədimdən təmtəraqla keçirilib. Tbilisidə, qədim Tiflisdə Novruz bayramı haqqında XIX - XX əsrlərin mətbuatı, səyyahlar, burada çalışan ziyalılar söhbət açmışlar. Tiflis ədəbi mühitinin tədqiqatçısı prof. Abbas Hacıyev dövrün mətbuatına istinad edərək bildirir ki, Tiflisdə çox qədimlərdən Novruz bayramı yaxınlaşanda azərbaycanlıların daha çox mərkəzləşdikləri Şeytanbazar canlanmış, qeyri-adi görkəm almışdır, burada meydan tamaşaları («Kos-kosa», «Səməni», «Qodu-qodu», «Qaravəlli», «Kilimarası»…) göstərilmiş və bu dəstələr  Borçalını kəndbəkənd gəzib bayram tamaşaları göstərmişlər. Sonralar Tiflisdə, Borçalı, Batum, Adıgün. Axirkələk və Başkeçiddə həm mərasim-meydan, həm də Şəbih tamaşaları göstərməyin ənənələri yaranmışdır və nəhayət, 1872-cü ildə Tiflisdə məhz Novruz bayramı münasibətilə «Obşestvennoe sobraniye»nin zalında müsəlman həvəskarları tərəfindən Azərbaycan dilində ilk tamaşa  Mirzə Fətəli Axundovun «Vəziri-xani-Lənkəran» əsərinin 3-cü pərdəsi səhnələşdirilib tamaşaçılara təqdim edilmişdir.

Maarifpərvər ziyalı Eynəli bəy Sultanov da 1914-15-ci illərdə Tiflis mətbuatında dərc olunmuş məlumatlarında Novruz bayramının müsəlmanlar tərəfindən yüksək əhval-ruhiyyədə üç gündən az davam etmədiyini və böyük canlanma olduğu, izdiham yaşandığı, rəngarəng paltar geymiş insanların şad və xürrəm şəkildə ən gözəl geyimlərdə, təmiz paltarda, gülab suyu və digər xoş qoxulu ətirlərdən istifadə etməklə gəldiklərini, hamının çöhrəsində şənlik olduğunu, tanışların bir-birinin evinə qonaq getməsini, hamının bir-birini təbrik edib, xoşbəxtlik arzulayaraq qucaqlaşıb öpüşməsini, evlərdə zəngin süfrələrin açılmasını, masalara şirniyyat, şərbət, mer-meyvələr qoyulmasının, milli mətbəxin ən dadlı, ləziz yeməyi olan aş gətirilməsinin vacibliyindən danışır. Eynəlibəy Sultanov yazır ki, Tiflisin müsəlmanlar yaşayan məhəllələrində hava qaranlıqlaşandan sonra silahlardan atəşlər aşılır, tonqallar çatılır və i.a. və s. Eynəli bəy Sultanov onu da söyləyir ki, türklərin böyük milli bayramı olan Novruz bayramında Tiflisdəki Yeni klubda yerli Müsəlman Ziyalı Cəmiyyəti tərəfindən ehtiyacı olan müsəlmanlara və yerli müsəlman xeyriyyə cəmiyyətlərinə (qadın və kişi) vəsait yığımını gücləndirmək məqsədi ilə təntənəli qəbul təşkil edilib. Tədbirdə Qafqazın Şeyxül-İslamı Pişnamazzadənin başçılığı ilə din xadimləri də qatılıb və xeyir-dua verib.

         Tbilisidə və Borçalıda klassik Novruz ənənələri bu gün də davam edir və daha da genişlənərək iki hissəli mərasim şəklində baş tutur. Xalqın el arasında keçirdiyi ənənəvi Novruz bayramlaşmalarından əlavə, Novruz son illərdə rəsmi bayram səviyyəsində, dövlət rəhbərlərinin, yerli hakimiyyət nümayəndələrinin, gürcü dostlarımızın iştirakı ilə təntənəli konsert və bayram şənlikləri ilə qeyd olunur.  

         Bununla yanaşı, xalq öz adətlərini, min illərlə formalaşmış mərasimləri də milli sərvət olaraq yaşadır. Novruz bayramına hazırlıq dövründə ailələr ilk növbədə rəhmətə gedənlərin məzarlarını ziyarət edir, məzarlıqda abadlıq işləri aparılır, dualar oxunur, qəbir üstünə bayram şirniyyatı qoyulur. Məzarlıq ziyarəti daha çox üçüncü çərşənbədə baş verdiyindən, buna Qara çərşənbə də deyirlər. Eləcə də, bəzi yerlərdə ilk çərşənbəyə Əzəl, ya Kül, ikinciyə Cıdırçı, ya Müjdəçi, dördüncüyə isə İlaxır çərşənbə deyilir.  

Evlərdə bayramqabağı təmizlik işləri aparılır, paltar-palaz havaya verilir, çirkli, tozlu heç nə qalmır. Bundan sonra bayramlaşma başlayır, əsasən cavanlar və xanımlar bayram paltarında axşamlar qohum-qonşuya sovqat, xonça aparır, əvəzində nəmər alırlar. Xonça əsasən nişanlı qızlara və gənc gəlinlərə aparılır. Çərşənbələrdə bayram canlanır, tonqallar qalanır, cavanlar şənlənir, mərcə yumurta döyüşdürürlər. Nəhayət bacadan şal, xurcun, torba atmağa başlanır. Qədimdə evlər əsasən birmərtəbəli və ya qazma olduğundan, xurcunu evlərin bacasından atardılar və buna Borçalı ləhcəsində baja-baja deyərdilər. Oğlanlar şal və ya xurcunu öz nişanlılarının və ya sevgililərinin bacasından atardı, papaq atılmazdı. İndi isə baca olmadığından qapıdan və ya qapı ağzına atılır. Hazırda şal, torbanı əsasən uşaqlar atır.

Dağ kəndlərində evlər yamac boyu pilləvari olduğundan, pəncərə evin damında olardı və tülkülər bəzən ordan evə tamaşa etdiyindən buna “tülkülü pəncərə” deyərdilər. Subaylar da bayramı həvəslə gözləyər və bəxtlərini sınayardılar. Bu sınağın geniş yayılmış üsullarından biri “qapı pusmaq” və ya “qulaq falı”, digəri üzük sınağı və ya falı idi. Sevgililərin bəxtini sınamasının, bəzən Xıdırəlləzdə də istifadə olunan başqa bir növü isə daha mürəkkəb idi: kiçik qız uşağının qabağına un və duz qoyub, una duz almasını deyirlər, həvəsləndirib duzu bol edirlər. Cavan qızlar bu xəmirdən çörək bişirib oğlanlarla birgə yeyir, yanlarına su dolu piyalə qoyurlar, yuxuda kim ona su versə, bəxtinə o oğlanın yazıldığını deyirlər. 

Bayramın ən mənalı cəhətlərindən biri də küsülülərin barışması, imkanlıların kasıblara əl tutması, qurban kəsib paylaması, nəzir-niyaz verməsidir. Bütövlükdə Novruz Borçalıda bir həftədən on günə qədər çəkir. 

         Marneuli artıq iri şəhərə çevrildiyindən burada ənənəvi at yarışı, davul zurna ilə müşayiət olunan güləş və sairə demək olar ki keçirilmir. At yarışı əsasən kəndlərdə qalıb. Faxralı kimi böyük kəndlərdə at yarışına yüzlərlə tamaşaçı, onlarla yarışçı gəlir, davul-zurna çalınır, bəzən aşıqlar da meydan sulayır. Kəndlərin bir fərqli cəhəti də məhəllə tonqallarının qalanması, dağlıq yerlərdə tonqalların zirvələrdə çatılmasıdır. 

Yerli adətlərdən biri də bəzi kəndlərdə, xüsusən, Faxralıda, Muğanlıda Orta əsrlər Avropasının karnavallarını xatırladan bir mərəkə - maska taxmış gənclərin kəndi qapı-qapı gəzməsidir. Gənc oğlanlar alabəzək, xəz dərili və ya etnoqrafik personajların geyimində, çox vaxt maskada şənlənir, davul-zurna sədaları ilə rəqs edir, yallı gedirlər. Onlar bayram axşamı müxtəlif maskalar taxaraq dəstə-dəstə yaxınların, qohumların evlərinə baş çəkib bayram sovqatı alır, həm də ev sahiblərini təbrik edirlər. Bəzi hallarda hətta ev sahibləri maskalıların kim olduqlarını bilmirlər. Bəzən nişanlı oğlanlar, istəklilər fürsətdən istifadə edərək, bayram axşamı maskada sevgililərinin evlərinə gedirlər.

Ulu Borçalıda soydaşlarımız Novruz, Xıdırəlləz, Mövlud, Rəcəb, Qurban, Ramazan kimi ənənəvi, Azərbaycanın və Gürcüstanın müstəqilliyi, xalqımızın şanlı Zəfər bayramı, Həmrəylik günü kimi yeni bayramları qürurla keçirərək, öz tarixinə, mənəvi sərvətlərinə sahib çıxır, xalqlarımız arasında əzəli və əbədi dostluğa sədaqətini nümayiş etdirir. Əmin olaq ki, Novruz dəyərləri, Novruz ruhu və Novruz nuru xalqlarımızın rifah və tərəqqi yoluna daim işıq salacaqdır.

Asif Hacılı, professor 

 

Mədəniyyət