Aşıq Ələsgərlə möhkəm dost olmuş Ağdabanlı Qurbanın ocağında dünyaya gəlmiş Şəmşir də bütün varlığı ilə saz-söz dünyasına bağlanıb. Klassik aşıq poeziyası ilə çağdaş şeirimizi məharətlə qovuşduraraq yaddaqalan örnəklər yaradıb.
...Səməd Vurğun İstisuda müalicə alırdı. Onun görüşünə gələn orta yaşlı bir aşıq bədahətən “Xoş gəldin” rədifli qoşması ilə şairi salamlayır. Aşığın şirin avazı, gözəl səsi şairin ağrı-acısını unutdurur. Qısa tanışlıqdan və söhbətdən sonra Səməd Vurğun bir neçə dəqiqəyə “Aşıq Şəmşir, Dəlidağdan keçəndə” misrası ilə başlayan şeir yazır və həmin axşam Kəlbəcər mədəniyyət evindəki görüşdə səsləndirir. Beləcə, ölməz şairin diqqəti sayəsində aşığın şöhrət dairəsi daha da genişlənir.
Sonralar Aşıq Şəmşir xalq sevgisinin zirvəsinə ucalıb, çoxlu kitabı çıxıb, Əməkdar incəsənət xadimi fəxri adına, “Şərəf nişanı” ordeninə layiq görülüb. Onun 40-dan artıq yetirməsi – şəyirdi vardı. Aşıq Qardaşxanın, Qəmkeş Allahverdinin, Aşıq Xalıqverdinin və bu gün çoxlarının yaxşı tanıdığı onlarca saz-söz sənətkarının kamilləşməsində Aşıq Şəmşir məktəbinin böyük rolu olub. Eyni zamanda, Bəhmən Vətənoğlu, Sücaət kimi şairlər də Dədə Şəmşir bulağından su içiblər.
...Təxminən 25 il əvvəlin söhbətidir. Çalışdığım dövlət televiziyasından Nizami adına Ədəbiyyat Muzeyinə, Aşıq Şəmşirin yeni çapdan çıxmış “Zərli tac kamallı başa yaraşır” adlı kitabının təqdimatına getmişdim. Gözəl tədbir idi. Məlum oldu ki, kitab Azərbaycan dövlətçiliyinin xilaskarı, ulu öndər Heydər Əliyevin şərəfinə Dədə Şəmşirin yazdığı şeirdən ad alıb.
Azərbaycanımın igid oğluna
“Qızıl ulduz” qoşa-qoşa yaraşır.
Alqış kamalına, alqış ağlına,
Zərli tac kamallı başa yaraşır.
Tədbirdən hazırladığım material həmin axşamın ən diqqətçəkən reportajlarından oldu. Əlbəttə, azman siyasət və sənət dahilərinə olan rəğbətin sayəsində.
Dədə Şəmşir həm də gözəl dastanlar müəllifi idi. Çoxsaylı qoşma, gəraylı, təcnis, təxmisləri ilə bərabər, “Şəmşir və Sənubər”, “Cəlal və Minayə”, “Misir və Sənəm” kimi dastanları, “Polad” mənzum dramı əbədi həyat qazanıb. İfa etdiyi yetmiş beş aşıq havası lentə köçürülüb və Azərbaycan Radiosunun Qızıl Fondunda saxlanmaqdadır. “O Kürün, Arazın Tərtəriyəm mən”, “Dədə öyüdləri (iki cilddə) kitabları əl-əl gəzir.
Aşıq Şəmşir dünyasını dəyişəndən 12 il sonra Kəlbəcəri nankor qonşular işğal edib, Ağdabanı oda qalayıblar. Vandallar Kəlbəcər elinin dədəsi Aşıq Şəmşirin evini də tar-mar edib, sənətkarın külliyyatını külə döndərib, qızı Çimnaz xanımı da orada qətlə yetiriblər.
Dədə Şəmşir haqqında çox yazılıb. Televiziyada birgə çalışdığım rəhmətlik Məmməd Aslan ondan yana-yana danışardı. “Saxla izimi, dünya” kitabı başabaş ustadına məhəbbət etirafları ilə süslənib.
...İşdən çıxıb evə getmək istəyirdim. Məmməd Aslan dedi ki, Qənbər Şəmşiroğlu gözləyir, gəl, bir saatlığına onun görüşünə gedək. Həmən razılaşdım. “Gənclik” tərəflərdəki bir kafedə Dədə Şəmşirin yadigarı isti bir məclis qurmuşdu. Özü də gözəl şair olan ağsaqqalın, həmçinin Məmməd müəllimin söhbətlərinə təşnələr kimi qulaq kəsildim. Unudulmaz bir görüş idi. Beləcə, böyük ocağın közünə bir saat yox, bir neçə saat qızındım. Yeri gəlmişkən, Qənbər Şəmşiroğlu yaratdığı “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi UNESCO-da məsləhətçi statusu qazanıb.
Vətən müharibəsində, 44 günlük Zəfər yürüşü sayəsində külli-Qarabağ, o cümlədən də Kəlbəcər azadlığına qovuşub. İndi oralarda geniş bərpa-quruculuq işləri görülür. Göygöl rayonunda Aşıq Şəmşirin adını daşıyan 7 illik uşaq musiqi məktəbinin həyətində qoyulmuş aşığın büstü sanki dağlara sarı inamla boylanır. Dədənin şad olan ruhu artıq Ağdabanın üstündə dolaşır. Səsi də eşidilir:
Qartal düşüncəli, şair xəyallı,
Tərlan yuva salan dağlar oğluyam.
Anam İstisudu, atam Dəlidağ,
Murov, Lilpar, Qonur, Qoşqar oğluyam...
Əli NƏCƏFXANLI, “Xalq qəzeti”