Fars rejiminin “Nizami sevgisi” türklüyə nifrətdən qaynaqlanır

post-img

Bakıda Beynəlxalq Nizami mərkəzinin X Qlobal Forum keçirdiyi günlərdə İranda “Nizami həftəsi” adı altında təxribatçı aksiya keçirilməsi, dünya şöhrətli Azərbaycan şairinin fars sənətkarı kimi qələmə verilməsi ölkəmizdə hiddət və ikrahla qarşılandı. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar ciddi narazılığını belə ifadə etdi:

– Azərbaycanın dahi şairi və mütəfək­kiri Nizami Gəncəvinin adı dünya ədəbiy­yatının ən görkəmli klassikləri sırasında çəkilir. O, xalqımızın milli iftixarı olan sənətkar olmaqla bərabər, həm də dün­ya ədəbiyyatında xüsusi yer tutur. İranın paytaxtı Tehranda “Nizami Gəncəvi həftə­si” keçirilməsi və bu tədbirlərdə Azərbay­can xalqına mənsub sənətkar olmasına heç bir şübhə olmayan türk şairin fars kimi təqdim edilməsi aşkar saxtakarlıq, mənəvi oğurluqdur. Buna xalq arasında deyirlər: “Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı”. Fərq ondadır ki, İrandakı bu bağırtı bizim bağrımızı yara bilmədi, amma qəzəb və etirazımıza səbəb oldu.

Şairin öz yaradıcılığı da, ədəbiyyat tarixi də birmənalı olaraq sübut edir ki, Nizami Gəncədə anadan olub, ömrünü Gəncədə başa vurub, elə orada da dəfn olunub. Dahi şair və mütəfəkkirin məza­rı üzərində onun xatirəsinə möhtəşəm məqbərə ucalır. Onun əsərlərinin böyük qismi Azərbaycan həyatına aiddir, Azər­baycan mövzusunun özünəməxsus yeri var.

İranda Nizamini özününküləşdirib, fars şairi elan edirlərsə, böyük səhv edirlər. Bütün dünya Nizami Gəncəvini Azərbaycan şairi kimi tanıyır. Azərbay­can şəhərlərində Nizaminin adı verilən küçələr, ona ucaldılan heykəllər niyə İranda yoxdur? Çünki onu özlərininki say­mayıblar. İndi Nizami adı müstəqil Azər­baycan dövlətini şöhrətləndirib-şərəflən­dirəndə İran şovinizmi onun fars dilində yazmasını əsas götürüb təxribat törədir. Fars millətçiləri isə qoy əvvəlcə Nizamini bizim qədər sevib dəyərləndirsinlər, son­ra ona sahib çıxmaq xülyasına düşsün­lər.

Xalq yazıçısı açıqlamasının sonun­da söylədi:

–Tarixin yaxın zamanında Şəhriyar da fars dilində əsərlər yazmışdı, məgər o fars idimi? Yaxud fars sənətkarın türk­cə yazması onu farslıqdan çıxarırmı? Məsələ milli kimlikdədir, sənətkarın han­sı ölkəyə və xalqa məxsus olmasında­dır. Bu anlamda Nizami Azəərbaycana və Azərbaycan xalqına məxsusdur. O, dünya ədəbiyyatının və Şərqin görkəmli sənətkarı olmaqla yanaşı, qədim tarixə malik Azərbaycan xalqının böyük oğlu, qüdrətli şairi və görkəmli mütəfəkkiridir. Fars rejiminin “Nizami sevgisi” türklüyə nifrətdən qaynaqlanır.

Hazırladı: T.AYDINOĞLU, “Xalq qəzeti”

Sosial həyat