Həyatdan səhnəyə, səhnədən duyğu və düşüncələrə

post-img

Bu gün milli teatr sənətimiz özünün daha bir “ağsaqqallıq” zirvəsini aşır. Bünövrə olaraq 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası səhnələşdirilib. Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynayıblar. 


Məşhur xeyriyyəçi-mesenat Hacı Zeynalabdin Tağıyevin də milli teatrın təşəkkülündə böyük xidməti olub. O, Bakı şəhərində ilk teatr binası inşa etdirib. Beləliklə də, möcüzəli səhnə sənəti inkişaf etməyə başlayıb. Azərbaycan teatrında   Cahangir Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov və başqaları kimi böyük sənətkarlar ordusu yetişib və hər biri xalqın sevimlisinə çevrilib. Fəxrlə deyə bilərik ki, şərəfli tarixi yol keçmiş milli teatrımızın işıqları daim gur yanıb. Azərbaycanın peşəkar səhnə sənətçilərinin nüfuzlu Qərb, o cümlədən Avropa teatrları ilə təcrübə mübadilələri davamlı səciyyə daşıyıb. 
Şübhəsiz ki, teatrlarımızın yeni və daha böyük inkişaf yoluna çıxmasında mədəniyyət və incəsənətin böyük hamisi olan ümummilli lider Heydər Əliyevin xidmətləri misilsizdir. Ulu öndərin teatr sənətinə sevgi və qayğısı bu gün Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Elə dövlət başçısının milli peşəkar teatrımızın 150 illik yubileyinin qeyd edilməsi barədə xüsusi sərəncam imzalaması da bu baxımdan böyük fərəh doğurur. 
Onu da qürurla xatırladaq ki, ­2006-cı ildə ölkəmizdə “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Qədim yaradıcılıq sahəsinin müasir inkişaf mərhələsini əks etdirən həmin Qanunda dövlətin incəsənətə xüsusi önəm verməsi rəsmən bəyan edilib. Sonrakı illərdə də teatrla bağlı bir sıra mühüm sənədlər imzalanıb və qarşıya qoyulan vəzifələr şərəflə yerinə yetirilib.  
Teatrlarımızın maddi-texniki bazasının möhkəmləndirilməsi hər zaman dövlətin diqqətində olub. Son illərdə görülmüş məqsədyönlü işlər nəticəsində Azərbaycan Dövlət Musiqili Teatrının binası dünya standartlarına uyğun təmir edilərək istismara verilib. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Azərbaycan Dövlət Akademik Milli Dram, Sumqayıt, Mingəçevir, Ağdam və Füzuli Dövlət Dram teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Onu da deyək ki, Sumqayıt teatrının 40 il ərzində həll olunmayan bina problemi köklü şəkildə öz həllini tapıb. Daxili imkanlar hesabına Dövlət Pantomima Teatrının binasının bir hissəsi bərpa edilərək tamaşaçıların ixtiyarına verilib. İrəvan teatrının binasızlıq və qaçqınlıq həyatı artıq arxada qalıb. Şuşa teatrı isə yaxın zamanlarda öz doğma ünvanında  afişalarını asacaq. 
Azərbaycan bütün sənət adamlarının, o cümlədən də teatr xadimlərinin hərtərəfli qayğı ilə əhatə olunduğu məkandır. Çoxsaylı sənət adamına yüksək fəxri adlar verilib. Hər il 100 nəfər istedadlı sənət adamı Prezident təqaüdünə layiq görülür. Yüzlərlə  teatr işçisinin mənzil və digər problemləri həll olunur. 
Azərbaycan peşəkar milli teatrının beynəlxalq əlaqələri də çoxşaxəlidir. Ötən illər ərzində Azərbaycanın teatr təmsilçiləri  dünyanın onlarca ölkəsində keçirilən tədbirlərdə, festivallarda ölkəmizi layiqincə təmsil ediblər. Tanınmış xarici rejissor, baletmeyster, xoreoqraf, teatr rəssamları tamaşa hazırlamaq üçün ölkəmizə gəliblər. 
Nəhayət onu da vurğulayaq ki, Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilib. Hər il martın 10-u Azərbaycanda “Milli Teatr Günü” kimi təntənə ilə qeyd olunur. 
İnanırıq ki, bu gün yaranmasının 150-ci yubiley ilini qeyd edən Azərbaycan teatrı bundan sonra da gözəl səhnə əsərləri ilə milli-mədəni zövqün inkişafına fədakarcasına xidmət edəcək.  


“Xalq qəzeti”     

Mədəniyyət