Opera ulduzlarının “moda konserti”

post-img

...Həm uca, məlahətli səslər, həm də gözoxşayan səhnə libasları heyrət doğururdu. Meh ləpəli  “alışdım-yandım”  kostyumlarla soprano güclü xoş avazlar, sanki, yarışa girmişdi. Gözəlliklərin qeyri-adi vəhdəti konsert–sərgiyə gələnlərə möcüzəli təsir bağışlayırdı. 


Söhbət Heydər Əliyev Mərkəzində təqdim olunan “Opera və moda Sultan Couture 20” adlı bayram tədbirindən gedir. Paytaxt sakinləri və qonaqlar bir neçə saat ərzində xeyli möhtəşəm sürprizlə qarşılaşdılar.      
Mərkəzdəki Auditorium zalında opera və modanın birləşdiyi konsertdə dünyaya səs salmış sopranolar – beynəlxalq müsabiqələr laureatı Yana Melikayeva, Moskva Akademik Musiqili Teatrının solisti Anastasiya Çernovolos, Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının solisti   Yekaterina Sannikova və “Helikon-opera” Moskva Musiqili Teatrının solisti Elnarə Məmmədova iştirak ediblər. Onlar oxuduqca titrəşən çilçıraqlar da sanki ehtizaza gəlirdi.     Ən parlaq ifalar səhnədə “şahlıq” edirdi. Dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri isə öz “xəzri və gilavar”ları ilə məxsusi ab-hava yaradırdı.     
Gecəyə fərqlilik gətirən daha bir məqam opera müğənnilərinin səhnəyə rəssam-modelyer Orxan Sultanın məhz Bakı konserti üçün hazırladığı libaslarda çıxması oldu. Özünün 20 illiyini qeyd edən “SULTAN COUTURE&Co” brendinə məxsus 16 geyimdən ibarət kolleksiya nümayiş etdirildi. Müğənnilər “BVLGARI” brendinin zinət əşyalarını da təqdim edirdilər.   
Beləliklə, tamaşaçılar həm gözəl vokal interpretasiyalarının, həm də məşhur zərgərlik brendinə aid bəzəklərlə göz-könül oxşayan səhnə libaslarının şahidi oldular. Konsertin son akkordları unudulmaz Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısı ilə vuruldu.
Eyni zamanda, Azərbaycan operasının ilk qadın ifaçılarından bəhs edən sərgi təqdim edildi. Qeyd edək ki, 1908-ci ildə təməli qoyulan milli operamız Şərqdə ilk dəfə qadın ifaçıları səhnəyə çıxarması ilə tarix yaradıb. Fatma Muxtarova, Şövkət Məmmədova, Gülxar Həsənova, Sona Aslanova, Sona Mustafayeva, Şərqdə opera yazmış ilk qadın bəstəkar Şəfiqə Axundova haqqında məlumatlar əksini tapıb. Qadın ifaçıların ən müxtəlif tamaşalarda istifadə etdikləri kostyumların fotoları sərgilənib. Buraya “Leyli və Məcnun”, “Nərgiz”, “Xosrov və Şirin”, “Qız qalası”, “Traviata”, “Şəhsənəm”, “Karmen” baletlərinə aid əlbisələr daxildir. Bizcə, Həqiqət Rzayevanın Leyli (“Leyli və Məcnun”) Nəzakət Məmmədovanın isə Solmaz ("Od gəlini") rolunda geyindikləri tarixi libaslar daha çox diqqət çəkdi.

 


Əli ƏLİYEV, “Xalq qəzeti” 



Mədəniyyət