Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda qırğız xalqının qədim eposuna həsr olunmuş “Manas Günü” təşkil edilib. Tədbir çərçivəsində tanınmış alim, şair Adil Cəmilin Fond tərəfindən Azərbaycan və qırğız dillərində nəşr olunan “Manas Eposu və Türk Dastançılıq Ənənəsi” adlı kitabının təqdimat mərasimi keçirilib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva türk xalqlarının eposlarının dünyanın ən zəngin folklor nümunələri arasında yer almasından bəhs edib. O, vurğulayıb ki, qırğız xalqının irsini, milli kimliyini əks etdirən “Manas” qəhrəmanlıq səhifələri, Vətən sevgisi ilə zəngindir. Nəhayət, “Manas” Türk Dünyasını birləşdirən amildir. Ümummilli lider Heydər Əliyev 1995-ci ildə Bişkekdə “Manas”ın 1000 illiyinə həsr olunmuş tarixi çıxış edib. Fondun prezidenti rəhbərlik etdiyi təşkilat tərəfindən müasir dövrdə “Manas”ın dərindən öyrənilməsi yönündə tanınmış alim Adil Cəmilin yazdığı kitabın türk xalqlarını bir-birinə daha da yaxınlaşdırmaq məqsədini daşıdığını bildirib.
Tədbirdə çıxış edən Qırğız Respublikasının Prezidentinin Xüsusi Nümayəndəsi Taalatbek Masadıkov, qardaş ölkənin respublikamızdakı fövqəladə və səlahiyyətli səfiri Kairat Osmanaliev, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, TÜRKSOY-un nümayəndəsi Kanat Mambetaliyev, AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov, Azərbaycan Prezidentinin Türk Dövlətləri Təşkilatında səlahiyyətli nümayəndəsi, dövlət xadimi Həsən Həsənov çıxış edərək, kitabın Azərbaycan və Qırğız xalqları arasında qardaşlıq bağlarının daha da gücləndirilməsində mühüm rolunu qeyd ediblər.
Kitabın müəllifi Adil Cəmil uzun zamandan bəri üzərində çalışdığı əsərin yüksək səviyyədə tərtibatı və təqdimatı üçün fondla və Qırğızıstanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Tədbirin bədii hissəsində Heydər Əliyev adına Hərbi İnstitutun kursantı, manasçı Emirtemir Tolonov “Manas” dastanından parçalar səsləndirib. Azərbaycanın Əməkdar incəsənət xadimi Sahib Paşazadə və Saule Osmonaliyeva tərəfindən Qırğızıstanın milli musiqiləri və mahnılarını ifa ediblər. Qırğız mətbəxindən nümunələr təqdim olunub.
“Xalq qəzeti”