Zəngəzur dəhlizi və Qarabağ

post-img

Beynəlxalq ictimaiyyətin hadisə və proseslərə yanaşmasında öz maraqlarından çıxış etməsindən, bu maraqlar naminə bütün mütərəqqi dəyərləri qurban verməyə hazır olmasından dəfələrlə söz açmışıq. Bu fonda beynəlxalq hüquq və normaların alətə çevrilməsindən də, həmçinin, ortada dünya birliyi, aparıcı xarici təşkilatlar, qurumlar, dövlətlər adına, həqiqətən də, son dərəcə riyakar mənzərənin olduğunu hər kəs bilir və dərk edir. Bu yazıda həmin mənzərənin bir vacib elementini diqqətə çatdıracağıq. Hesab edirik ki, üzərində dayanacağımız məqam hazırda Azərbaycan–Ermənistan münasibətlərinin tənzimlənməsi baxımından da müstəsna əhəmiyyət daşımaqdadır. 
Azərbaycan Prezidenti İlham Əliyev bütün beynəlxalq platformalarda bildirir ki, ölkəmiz 30 illik münaqişəni hərbi-siyasi yollarla aradan qaldırıb, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib. Dövlətimizin başçısı, həmçinin Dağlıq Qarabağ münaqişəsinin artıq keçmişdə qaldığını, Azərbaycanda bu adda inzibati ərazi vahidinin yoxluğunu dəfələrlə vurğulayıb. 
“Prezidentin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratmışıq. Fürsətdən istifadə edərək, mən BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırıram”. Bu fikirləri Prezident İlham Əliyev BMT Baş Assambleyasının 2021-ci il sentyabrın 24-də keçirilmiş 76-cı sessiyasında ümumi müzakirələr çərçivəsindəki çıxışında bildirmişdi. 
Dövlətimizin başçısı, demək olar, eyni fikirləri həmin ilin oktyabrında İspaniyanın nüfuzlu EFE informasiya agentliyinə müsahibəsində də dilə gətirmişdi. Sonuncu dəfə isə Prezident  bu il fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutmuş “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda vurğulamışdı ki, “Dağlıq Qarabağ” ifadəsi daha etibarlı deyil. Bir daha ölkəmizin ərazisində bu adlı inzibati ərazi vahidinin olmadığını vurğulayan dövlətimizin başçısı bunları da bildirmişdi: “Əlbəttə, bu səbəbdən mən tərəfdaşlarımızdan xahiş etmək istərdim ki, Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmətlə yanaşsınlar. Erməni əhalinin olduğu Azərbaycanın Qarabağ bölgəsi mövcuddur”.
İndi isə Ermənistanın baş naziri Nikol Paşinyanın, belə demək mümkünsə, beynəlxalq ictiamiyyətə etiraz dolu fikirlərindən bir məqamı xatırladaq. Erməni baş nazir martın 3-də Almaniya Bundestaqının Xarici Əlaqələr Komissiyasının üzvləri ilə görüşündə bunları demişdi: “Yeri gəlmişkən, diqqətinizi başqa bir çox vacib vəziyyətə cəlb etmək istəyirəm. Dünən Almaniya Xarici Siyasət Cəmiyyətində müzakirə apardıq və orada bəzi həmkarlarımız “Zəngəzur dəhlizi” ifadəsini işlətdilər. Həmkarlarımızdan diqqətli olmalarını xahiş etdim, çünki bəzən eyni söz müxtəlif regionlarda, müxtəlif siyasi və geosiyasi şəraitdə fərqli mənalar verə bilir. Adətən, Avropada dəhliz daha yaxşı nəqliyyat xidmətləri göstərən marşrutlar deməkdir və s. Amma bizim vəziyyətimiz elədir ki, Dağlıq Qarabağda müharibəyə son qoyan 9 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda dəhlizlə bağlı hüquqi cəhətdən razılaşdırılmış məqamımız var”.
Məqsədimiz, heç də, Azərbaycan və Ermənistan liderlərinin söylədiklərini qarşılaşdırmaq və ya müqayisə aparmaq deyil. Nə də N.Paşinyanın ölkəsinə sərf edən anlarda üçtərəfli bəyanata istinadını, əslində isə həmin sənədin bir çox digər müddəalarına İrəvan tərəfindən əməl edilmədiyini vurğulamaq niyyətindən də uzağıq. Heç soruşmuruq ki, nəyə görə Paşinyan “Dağlıq Qarabağ” ifadəsini işlədir. Rusiya rəsmilərinin dilində də bu ifadənin populyarlığını saxladığına toxunmaq istəmirik. 
Yeri gəlmişkən, Azərbaycan Prezidenti bu il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində “Zəngəzur dəhlizi” ifadəsinin üçtərəfli bəyanatda yer almadığını, onu geosiyasi leksikona özünün daxil etdiyini vurğulamışdı. Şübhəsiz, ölkəmizin dəhliz məntiqi dünyanın rifahına töhfə baxımından müstəsna önəm daşımaqdadır. Ancaq, konkret olaraq, bu məqamı da vurğulamaq kimi məqsədimiz yoxdur. 
Üzərində dayanmaq istədiyimiz məsələ, əvvəldə də dediyimiz kimi, beynəlxalq birliyin riyakarlığıdır. Bəli, dünya ictimaiyyəti özünə sərf edən anlarda istənilən məsələni gündəmə gətirir və bu zaman bəşəri prinsiplər, hüquqi normalar əhəmiyyətini itirir, daha doğrusu, hüquq alətə çevrilir. 
Fikir verin, Zəngəzur dəhlizi məsələsi beynəlxalq birlik üçün son dərəcə əhəmiyyətlidir. Çünki dəhliz gəlir gətirəcəkdir. Ancaq dünya ictimaiyyəti ermənipərəstliyindən də qalmır. Yəni, həm bir tərəfdən özünün rifahını düşünür, digər tərəfdən, bu rifahın təminatı baxımından əhəmiyyətli rol oynayan məsələnin – Qarabağ probleminin həllinə, ümumən, Azərbaycan və Ermənistan arasındakı gərginliyin aradan qaldırılmasına ikili yanaşma ortaya qoyur. “Dağlıq Qarabağ” ifadəsinin gündəmdə saxlanılması da bu riyakar yanaşmadan qaynaqlanır. Axı, beynəlxalq hüquq nöqteyi-nəzərindən yanaşsaq, ərazi Azərbaycanındır, onu necə adlandırmaq da ölkəmizin daxili işidir... 
Belə nəticəyə gəlirik ki, dünya vurğuladığımız iki məsələni bir-birindən ayırır. Təxminən belə: Azərbaycan və Ermənistan arasında vəziyyət yaxşılaşsın, Zəngəzur dəhlizi işə düşsün, Qarabağ məsələsinin həlli isə sonraya qalsın. Təbii ki, Ermənistan nə dəhlizin işə düşməsinə razıdır, nə də Qarabağ iddialarından əl çəkir. Mövcud durumda Azərbaycan çox doğru olaraq Zəngəzur dəhlizi və Azərbaycan–Ermənistan münasibətlərinin tənzimlənməsini eyni müstəviyə daşımaqdadır. Bu yanaşma Qərbi fakt qarşısında qoymaqdır. Başqa sözlə desək, öz rifahını düşünürsənsə, onun naminə nələrdənsə – indiki halda birincisi, ermənipərəstlikdən uzaq durmalısan, ikincisi, İrəvana təzyiq göstərməlisən ki, geri çəkilsin, üçüncüsü, ən pis ssenaridə, Ermənistanın əzilməsinə dözməlisən. 
Qeyd etdiyimiz məqam və yanaşma bir daha onu göstərir ki, Azərbaycan bundan sonra da öz prinsiplərində ardıcıllığını və qətiyyətini əzmlə davam etdirməlidir. 44 günlük müharibədəki Zəfərin yaratdığı reallıqlardan maksimum yararlanmaq şərtdir. Heç bir halda, bu reallıqların gətirdiyi imkanları hansısa beynəlxalq dairələrin lokal maraq və mənafelərinə nəinki qurban vermək, azacıq da olsa, güzəştə getmək olmaz. 
Vətən müharibəsindən sonra savaşın psixoloji mərhələsinin başlanacağını bilirdik. Həm diqqətə çatdırdığımız məqam, eləcə də digər nüanslar var ki, onların hər biri həmin mərhələnin son dərəcə amansız şəkildə ədalətsiz şərtlər diqtə etdiyini göstərməkdədir. Bu şərtlərin heç birini qəbul etmək olmaz. Azərbaycan dövlətinin, başda Prezident İlham Əliyev olmaqla, həyata keçirdiyi siyasət də onu göstərir ki, ölkəmiz özünün dominant mövqeyində möhkəmdir, qətiyyətlidir. 


Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

Siyasət