Humanitar dəhliz açıqdır, canilərin yolu isə bağlı...

post-img

Ekspertlər bu qənaətdədirlər ki, Ermənistan tərəfinin Azərbaycana qarşı təcavüz siyasətinin və qeyri-qanuni əməllərinin qarşısının alınması məqsədilə Laçın yolunun başlanğıcında sərhəd-nəzarət keçid məntəqəsinin yaradılması labüddür.


Aksiya iştirakçıları artıq ikinci bayramı Laçın–Xankəndi yolunda keçiriblər. Ekofəallar 8 Mart – Beynəlxalq Qadınlar Günündən əvvəl, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü və Yeni ili Şuşada qeyd ediblər. Aksiya başlanan gündən ekofəalların arasında kişilərlə bərabər, xanımlar da yer alıblar. Onlar da gecə-gündüz Laçın–Xankəndi yolunda öz haqlı tələblərini səsləndirir, oğlanlarla çiyin-çiyinə öz postlarında ruh yüksəkliyi ilə dayanırlar.
KİV-ə müsahibə verən xanım ekofəallar haqlı tələblərindən dönməyəcəklərini bildiriblər.
Könüllü Aygün Məmmədova aksiyada iştirak etdiyi üçün çox sevincli olduğunu vurğulayıb. O deyib: "90 günə yaxındır ki, aksiyalarımız davam edir. Bu gün isə 8 Mart – Beynəlxalq Qadınlar Günüdür. Əlbəttə ki, iştirakçılar arasında xanımlar da var. Bu münasibətlə bütün Azərbaycan xanımlarını təbrik edirəm".
Digər könüllü Ülkər Həmzəyeva bildirib ki, havanın şaxtalı keçməsi onları məqsədlərindən döndərməyəcək. Heç bir çətinlik onlara mane olmur. İlk gündən qeyd etdikləri kimi, tələbləri yerinə yetirilməyənədək aksiyalar davam edəcək: “Biz ekoloji cinayətlərə son! deyirik. Azərbaycan gəncləri Vətəni üçün əllərindən gələni əsirgəmirlər. Biz qadınlar da bayram olmasına baxmayaraq buradayıq. Söhbət Vətəndən gedirsə, biz bu yoldan dönmərik. Aksiyada iştirak edən xanımları, eləcə də bütün Azərbaycan qadınlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bundan sonrakı bayramlarımızı da işğaldan azad olunan torpaqlarımızda keçirməyi arzulayıram”.
Ekofəal Könül Abasova deyib ki, soyuq, şaxtalı hava onların iradəsini sındırmır. Qadınlarımız həm zərif, həm də möhkəmdirlər. “Bizim tələblərimiz dəyişməz olaraq qalır və aksiya davam edir. Əsas məqsədimiz Qarabağda ermənilər tərəfindən törədilən ekoloji cinayətin dayandırılmasıdır”, - deyən Könül Abasova əlavə edib ki, tələbləri yerinə yetirilənədək aksiyanı davam etdirəcəklər. Azərbaycan könüllüləri aksiyanın ilk günlərində olduğu kimi, həvəsli və qətiyyətlidirlər.
Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə təmas qrupunun Bakıda keçirilən Zirvə görüşünü işıqlandırmaq üçün ölkəmizə gəlmiş xarici media nümayəndələri Laçın–Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan aksiya yerinə də gediblər. Ekoaksiyanın gedişi barədə məlumatlandırılan xarici media nümayəndələri aksiyadan reportajlar hazırlamaqda davam edirlər. Əcnəbi jurnalistlər təmsil etdikləri KİV-də aksiyanın xoş mərama hədəfləndiyini, Azərbaycanın təbii sərvətlərinin ermənilər tərəfindən talanmasının qarşısının alınmasına dair çağırışların edildiyini yazırlar. Xarici media vasitələri, eləcə də, yolun blokadada olmadığına, Rusiya ­sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillərin Laçın-Xankəndi yolundan maneəsiz keçidinə diqqət yönəldirlər.
Haqlı etirazlar onu deməyə əsas verir ki, heç bir kənar təzyiq aksiyanı dayandıra bilməz! 

Çingiz Bayramov,
“Dialoq və İnkişaf Naminə” İctimai Birliyin sədri

– Laçın-Xankəndi yolunda keçirilən aksiyanın ilk iştirakçılarından biri kimi deyərdim ki, öz torpaqlarımıza, sərvətlərimizə sahib çıxmalıyıq. Məqsədlərimizdən biri ekoloji terrora “yox!” demək, təbii sərvətlərimizin talanmasının qarşısının alınmasını tələb etməkdir. Laçın yolunda nəzarət olmadığından ərazilərimizə silah-sursat daşınırdı, özbaşınalıq idi. Biz tələb edirik ki, yolda Azərbaycanın nəzarət-buraxılış məntəqələri yaradılsın ki, hər yüklər ərazilərimizə daşınmasın.  
Bu aksiyanı Azərbaycanın QHT-ləri, ictimai fəalları başlatdılar. Vətəndaşlarımız Qarabağda baş alıb gedən qanunsuzluğa əl-qolunu sallayıb tamaşa edəsi deyildilər. Bu aksiya şəraitin tələbi idi, özbaşınalığa son qoyulmasına çağırış idi. Öz ərazilərimizdə dövlət qurumlarımız monitorinq keçirə bilmirdi, gedə bilmirdik. Amma Azərbaycan vətəndaşlarından başqa, separartçılara havadarlıq edən hər kəs ərazilərimizə gedir, hətta orada qondarma vəzifələr tuturdular. Belə qayda harda var? Bu, qalib ordunun əsgərləri kimi bizdə qıcıq yaradırdı. Məhz bu məqsədlə könüllü şəkildə Laçın-Xankəndi yoluna üz tutduq ki, vəziyyəti gözümüzlə görək. Gördük ki, vəziyyət acınacaqlıdır. Sərvətlərimiz talanır. Beynəlxalq aləmə həqiqəti göstərməyin ən sivil yolu dinc aksiya idi. Aksiyamız öz töhfəsini verdi. Dinc aksiyamızdan dünya xəbərdardır. Aksiya yerinə xarici jurnalistlər, ayrı-ayrı dövlətlərin nümayəndələri gəliblər. 
Yol tamamilə açıqdır. Humanitar yüklər, insanlar yoldan maneəsiz istifadə edə bilirlər. Biz əyani şəkildə də, mətbuatdan da aydın görürük ki, Rusiya sülhməramlılarına və BQXK-yə məxsus avtomobillərin, xəstə erməni vətəndaşlarının yoldan gediş-gəlişinə əngəl yaradılmır. 
Biz hətta Qarabağda yaşayan  ermənilərə də çağırış etdik ki, onlar da aksiyamıza qoşulsunlar. Bu, bizim ümumi sərvətimizdir. İmkan verməyək ki, sərvətimiz separatçılar vasitəsilə talansın. 


Rizvan Fikrətoğlu, 
“Xalq qəzeti”

Siyasət