Şahmatçılarımız Avropa çempionatında

post-img

Serbiyanın Vrnyaçka Banya şəhərində kişi şahmatçılar arasında keçirilən şəxsi Avropa çempionatı davam edir. Yarışa 40 Avropa Federasiyasından 482 şahmatçı qatılıb. Bu yarış iştirakçı sayına görə 2010-cu ildə qeydə alınmış göstəricini üstələyib. Belə ki, həmin ildə yarışda 408 şahmatçı iştirak edib. 


Qeyd edək ki, artıq çempionatda VI tur geridə qalıb. Son turun nəticələrinə əsasən, ukraynalı qrossmeyster Anton Korobov və Yunanıstan təmsilçisi Stamatis Kurkulos–Arditis hərəyə 5,5 xalla 1-2-ci yerləri bölüşürlər. Qrossmeysterimiz Nicat Abasov isə altı turdan sonra 5 xal toplayan səkkiz şahmatçının arasında yer alıb.
Növbəti yeddinci turda həmyerlimiz Nicat Abasov FİDE bayrağı altında çıxış edən rusiyalı Aleksey Sarana ilə görüşəcək. 4,5 xal toplayan şahmatçımız Misrətdin İsgəndərov serbiyalı Pretke Aleksandrla qarşılaşacaq. Digər təmsilçimiz 4,5 xalı olan Vüqar Əsədli isə qara fiqurlarla oynayacaq.  O, ukraynalı Vasili İvançuku sınağa çəkəcək. 
Çempionata qatılan iki həmyerlimiz–Eltac Səfərli və Ülvi Sadıqov isə üz-üzə gələcəklər. Turun bizim üçün ən maraqlı görüşlərindən biri həmyerlimiz beynəlxalq idman ustası Əhməd Əhmədzadənin  erməni qrossmeyster Ter-Saakyan Samvellə keçirəcəyi görüş olacaq. 
Növbəti şahmatçımız beynəlxalq idman ustası Xəzər Babazadə (4 xal) FİDE bayrağı altında çıxış edən erməni mənşəli rusiyalı qrossmeyster David Porovyanla üz-üzə gələcək. 
Beynəlxalq dərəcəli qrossmeyster Aydın Süleymanlı isə (4 xal) moldovalı qrossmeyster Vladislav Nevedniçi ilə görüşəcək. Digər təmsilçimiz Namiq Quliyev (4 xal) Gürcüstan təmsilçisi Noy Tuhisiani ilə qarşılaşacaq. Qrossmeysterimiz Vüqar Rəsulov isə (3,5 xal)  Bosniya-Herseqovina təmsilçisi Pastar Slavenini sınağa çəkəcək.  Həmyerlilərimizin növbəti Serbiya dueli isə Əhməd Xaqan ilə Abdulla Qədimbəyli (hər ikisi 4 xal) arasında olacaq.
Qadın təmsilçilərimizdən beynəlxalq idman ustası Ülviyyə Fətəliyeva  (3,5 xal) serbiyalı qrossmeyster İviç Velimirlə görüşəcək. 
Qeyd edək ki, martın 14-də yekunlaşacaq çempionatda ən yaxşı nəticə göstərən 23 şahmatçı bu il yayda Bakıda keçiriləcək dünya kubokuna vəsiqə əldə edəcək.


Elçin ABBASOV, “Xalq qəzeti”

İdman