Gimnastımız finala vəsiqə qazandı

post-img

Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya kuboku yarışı başlayıb. Ölkəmizdə artıq yeddinci dəfə təşkil olunan budəfəki mötəbər turnirə rekord sayda – 48 ölkədən 173 idmançı qatılıb. 


Yarışda əvvəlcə komandaların paradı olub, sonra isə açılış mərasimi keçirilib. 
Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov açılış mərasimində çıxış edərək idman gimnastikası üzrə ötən illər ərzində bir sıra nailiyyətlərin əldə edildiyini bildirib. O qeyd edib ki,  gimnastlarımız London, Rio, Tokio olimpiadalarında təmsil olunub, dünya və Avropa çempionatlarında mükafatçılar sırasında yer alıblar. Ölkəmizin ev sahibliyi ilə 2015-ci ildə keçirilən birinci Avropa Oyunlarında komandamız idman gimnastikası üzrə 1 qızıl, 2 gümüş, 2 bürünc olmaqla 5 medal qazanıb. 2017-ci ildə Azərbaycanda təşkil edilən IV İslam Həmrəyliyi Oyunlarında 5 qızıl, 5 gümüş, 2 bürünc, Türkiyədə 2022-ci ildə baş tutan 5-ci İslam Həmrəyliyi Oyunlarında isə 1 qızıl, 2 gümüş, 1 bürünc medal qazanıblar. Elnur Məmmədov vurğulayıb ki, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına ölkə Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev tərəfindən böyük diqqət və qayğı göstərilir. O, ölkəmizdə gimnastika üzrə mötəbər yarışların təşkilinin, eləcə də bu sahədə qazanılan uğurların Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın bu idman növünün inkişafına verdiyi önəmin nəticəsi olduğunu vurğulayıb. 
Açılış mərasimindən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və yarışlara start verilib.  
Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana ­Məmmədzadə jurnalistlərə müsahibəsində Dünya Kuboku ilə bağlı fikirlərini bölüşüb. O qeyd edib ki, ölkəmizdə 2016-cı ildən başlayaraq gimnastikanın olimpiya növləri üzrə yarışlar keçirilir. Bu il gimnastika üzrə ikinci beynəlxalq yarışdır ki, Azərbaycanda təşkil edilir. Belə ki, ötən ay ölkəmiz batut gimnastikası üzrə Dünya Kuboku yarışına evsahibliyi edib. 
Baş katib turnirdə Azərbaycanın Samirə Qəhrəmanova, Nazənin Teymurova, Nikita Simonov və İvan Tixonovla təmsil olunduğunu bildirib: “Komandamızın üzvlərindən Nikita Simonov ötən həftə Qətərdə keçirilən Dünya Kuboku mərhələ yarışında üçüncü yeri tutub. İvan Tixonov isə Tokio Olimpiadasının iştirakçısıdır. Komandamızın qadın iştirakçılarına gəlincə isə bu ildən böyüklər arasında mübarizə aparan Nazənin Teymurova ötən il gənclər arasında Avropa çempionatı və Avropa Yay Olimpiya Festivalında ölkəmizi təmsil edib. Nazənin Azərbaycanın qadın idman gimnastikası tarixində ilk dəfə Avropa çempionatında gənclər kateqoriyasında finalda mübarizə aparıb”.
Nurlana Məmmədzadə onu da deyib ki, idman gimnastikası üzrə növbəti Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Dünya Kuboku yarışı 2024-cü ildə baş tutacaq. 
Yarışın birinci günündə kişilər arasında sərbəst hərəkətlər, paralel qollar, halqalarda, qadınlarda isə dayaqlı tullanma, müxtəlif hündürlüklü qollarda təsnifat yarışları baş tutub. 
Təmsilçilərimizdən ən yaxşı nəticəni Nikita Simonov göstərib. O, halqalarla hərəkətdə 14,733 göstərici ilə birinci yeri tutaraq finala vəsiqə qazanıb. Komandamızın digər üzvlərindən Nazənin Teymurova dayaqlı tullanmada iki hərəkətin cəmində 12,449 xal toplayaraq 10-cu pillədə qərarlaşıb. İvan Tixonov paralel qollarda hərəkətinə görə 13,400 xal alıb və bununla da 15-ci yeri tutub. 
Bu gün – təsnifat mərhələsinin ikinci günündə kişi gimnastlar dayaqlı tullanma, dəstəli at, turnikdə, qadınlar isə gimnastika tiri, sərbəst hərəkətlərdə mübarizə aparacaqlar. 
Martın 11-i və 12-də isə yarışın final mərhələsi keçiriləcək.
Dünya kuboku yarışlarının yekununa görə ən yüksək icra xalını toplayan gimnastlara ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.


Leyla QURBANOVA



İdman