Soydaşlarımızın Qərbi Azərbaycana qayıdışının tarixi-məfkurəvi əsaslarından biri də xalqımızın bu coğrafiyada yaratdığı zəngin mənəvi irs, tarixdə silinməz izlər qoymuş mədəni dəyərlərdir. 2 il əvvəl 140 illiyini Prezident sərəncamı əsasında qeyd etdiyimiz İrəvan Müəllimlər Seminariyası və onun yetirmələrinin çoxşaxəli fəliyyətinin öyrənilməsi və təbliği Qərbi Azərbaycanla bağlı ümumxalq missiyasının gerçəkləşməsinə yardımçı olan önəmli mövzulardandır.
İrəvan Müəllimlər Seminariyası 8 noyabr 1881-ci ildə bu qədim Azərbaycan şəhərində 9 müəllim və 42 şagirdlə fəaliyyətə başlayıb. Seminariyanın ilk direktoru rus pedaqoqu Yakov Stepanoviç Şuşevski olub. İrəvan Müəllimlər Seminariyası 1915-ci ilədək sonrakı İrəvan Xalq Təsərrüfatı İnstitutunun binasında yerləşib. Axund Məmmədbağır Qazızadə (1881–1897) seminariyanın ilk azərbaycanlı müəllimi olub. Hər il 15 azərbaycanlı tələbə dövlət vəsaiti hesabına seminariyada təhsil alıb və onun pansionunda yaşayıb. Seminariyada təhsil müddəti 3 il olub.
İrəvan Müəllimlər Seminariyasının əsasnaməsi Qori Müəllimlər Seminariyasının əsasnaməsi ilə eyni idi. İlk buraxılışı 1884-cü ildə olub, seminariyanı 5 azərbaycanlı bitirib. 1885-ci ildə 9, 1886-cı ildə 14, 1887-ci ildə 7, 1888-ci ildə isə 10 azərbaycanlı məzun olub.
XIX əsrin sonlarında Cənubi Qafqazda fəaliyyət göstərən kənd məktəblərinin müəllimləri və direktorlarının bir hissəsi müxtəlif illərdə İrəvan Müəllimlər Seminariyasında ekstern yolu ilə imtahan verərək pedaqoq hüququ əldə ediblər. Görkəmli nəsillərin övladları olan Şıxəli bəy Firudinbəyov, Cəfərbəy Cəfərbəyov, Hüseynəli bəy Rüstəmbəyov, Tağı bəy Səfiyev, Haşım bəy Nərimanbəyov, Şamil Mahmudbəyov, Həmid bəy Şahtaxtinski kimi dövrünün tanınmış pedaqoqları, Türkiyənin tanınmış rəssamlarından olan İbrahim Şəfi İrəvan Müəllimlər Seminariyasının yetirmələridir.
Azərbaycan xalqının maariflənməsində misilsiz xidmətləri olan Firudin bəy Köçərli ömrünün on ilini bu gimnaziyada elmə, təhsilə maarif işığına həsr edib. Firudin bəy Köçərlinin xidmətləri sayəsində İrəvan şəhərində yeni üsullu anadilli məktəblər açılıb. Həmin müddətdə görkəmli pedaqoq “Azərbaycan dili” proqramı yazıb. Dərslik İrəvan Müəllimlər Seminariyasında istifadə olunub. İrəvan Müəllimlər Seminariyasında görkəmli pedaqoq Mirzə Elxanovun “Vətən dili” dərsliyinə isə məşhur pedaqoqlar A.O.Çernyayevski və Sankt-Peterburq Universitetinin Şərq fakültəsinin dosenti V.Smirnov müsbət rəy versələr də, həmin dərslik məhz milli zəmində olduğuna görə nəşrə buraxılmayıb.
Azərbaycanlı pedaqoqlardan Azərbaycan dili müəllimi Axund Məmmədbağır Qazızadə (1881–1897), Həmid bəy Şahtaxtinski (1904–1917), Axund Əbülhəsən Qazızadə seminariyanın ilk azərbaycanlı müəllimləri kimi müxtəlif fənləri tədris ediblər. İrəvan seminariyasının fiziki tərbiyə müəllimi işləyən Həbib bəy Səlimov sonralar Azərbaycan Xalq Cümhuriyyətinin generalı kimi tanınmışdır. Seminariyanın yetirmələri Azərbaycan elminin, mədəniyyətinin, ictimai-siyasi fikir tarixinin formalaşmasında, inkişafında müstəsna xidmət göstəriblər.
Mirabbas Mirbağırov, Mirzə Qədim İrəvani, Abbas Məhəmmədzadə, Fazil Əbülqasım İrəvani, Cabbar Əsgərzadə, Teymur xan Makinski, Rəşid bəy İsmayılov, Nəriman bəy Nərimanbəyov, Miryusif Mirbabayev, Əkbər ağa Şeyxülislamov, Mustafa bəy Topçubaşov, Əziz Əliyev, Maqsud Məmmədov, Heydər Hüseynov, Cəfər Xəndan, Əhməd Cəmil, Mirəli Seyidov, Kamil Əliyev və yüzlərlə digər dəyərli şəxsiyyətin vətəni olan İrəvan şəhəri tarixən azərbaycanlıların birgə yaşadığı elm, təhsil və mədəniyyət mərkəzlərindən biri kimi tarixə şahidlik edib. Zamanın və tarixin güzgüsündə şəxsiyyət zirvəsinə qalxan böyük bir nəslin nümayəndələri məşhur İrəvan Müəllimlər Seminariyasının məzunları olublar.
1916-cı ilədək seminariyanı 85 nəfər azərbaycanlı bitirib. Həmin illərdən başlayaraq, İrəvan şəhərində yaşayan yerli əhaliyə – azərbaycanlılara qarşı məkrli erməni ssenarisi hazırlanır və çar Rusiyasının himayədarlığı altında dəhşətli daşnak planları həyata keçirilməyə başlanır. Məqsəd əhalinin milli tərkibini ermənilərin xeyrinə dəyişdirmək, İrəvan şəhərində yerli azərbaycanlılara aid olan maddi-mədəniyyət abidələrini, məscidləri, elm, təhsil mərkəzlərini məhv etmək idi.
Fəaliyyətinin genişləndiyi bir vaxtda İrəvan Müəllimlər Seminariyasının yerləşdiyi bina erməniləşmə siyasətinin qurbanı olaraq kazarmaya çevrilib və seminariya 1915-ci ildə Armavir şəhərinə köçürülüb. Əlbəttə, erməni daşnakları Azərbaycan türklərinin gündən-günə savadlanmasına, inkişaf etməsinə, tərəqqi yoluna çıxmasına imkan verə bilməzdilər.
Armavir şəhərində seminariya 1918-ci ilə kimi fəaliyyət göstərib. 1918-ci ildə erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri qanlı cinayətlərin nəticəsində İrəvan Müəllimlər Seminariyasının azərbaycanlı müəllim və tələbələri amansızcasına öldürülüblər. Sağ qalanlar isə Türkiyə və Azərbaycana üz tutublar. Sonrakı dövrdə Azərbaycan torpaqlarında erməni dövlətinin yaranması nəticəsində İrəvanda yaşayan azərbaycanlılar öz doğma torpaqlarında “azsaylı xalq”a çevrilib.
Sovet hakimiyyətinin ilk illərində Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin nəzdində olan “Azsaylı xalqlar” şöbəsinin müdiri Bala Əfəndiyevin, Xalq Maarif Komissarlığının “Azlıqda qalan millətlər” bürosunun rəhbəri Mehdi Kazımovun, “Zəngi” qəzetinin məsul redaktoru Mustafa Hüseynovun və digər ziyalıların iradəsi, cəsarətli tələblərinin nəticəsi olaraq 1924-cü ilin oktyabr ayının 15-də İrəvan Müəllimlər Seminariyasının xələfi olaraq İrəvan Türk Pedaqoji Texnikumu açılıb.
Bu texnikum İrəvan Müəllimlər Seminariyasının ənənələrini davam etdirsə də, 1949-cu ildə ermənilərin növbəti qanlı ssenarilərinin nəticəsi olaraq azərbaycanlıların ata-baba yurdundan kütləvi deportasiyası ilə əlaqədar Göygöl rayonuna köçürülüb. İrəvan Müəllimlər Seminariyasının bu tarixçəsi Qərbi Azərbaycanın qiymətli bir səhifəsidir.
Firudin bəy Köçərlinin yazdığı kimi: “İrəvan üləma-alimlərin, füzəla-müdriklərin, fəzilət sahiblərinin, Şüəra-şairlərin, söz sərraflarının şəhəri kimi mədəniyyətimizə, tarixi irsimizə nadir ziyalılar bəxş etmişdir. Həmin şəxsiyyətlərin hər birinin ömür yolu, Vətən naminə xidmətləri, Azərbaycanın ictimai, siyasi, mədəniyyət, maarifçilik tarixinin bir hissəsi, aynasıdır”.
Kəmalə ABDİNOVA,
jurnalist