Türkmənçay müqaviləsi ilə Rusiya imperiyasına ilhaq edilmiş İrəvan xanlığının ərazisi özündən əvvəlki və sonrakı tarixdə türkdilli əhalinin yaşadığı və mütləq çoxluq təşkil etdiyi coğrafiya sayılsa da, sovet dövründə Azərbaycanın bu qərb torpaqları dünyaya “tarixi Ermənistan” adı ilə təqdim edilmişdir. AMEA Tarix İnstitutunun Qərbi Azərbaycan şöbəsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Elçin Qarayev bu bağışlanmaz tarixi saxtakarlığın səbəb və nəticələri barədə qəzetimizə açıqlamasında bildirdi:
– Sovet tarix elmində hökm sürən “konsepsiya”ya görə isə İrəvan xanlığı ermənilərin uydurduqları “Böyük Ermənistan”nın tərkib hissəsi sayılırdı. Ona görə də erməni və eləcə də sovet tarixşünaslığında İrəvan “əzəli Ermənistan ərazisi” kimi təqdim edilmiş, onun tarixi, demoqrafiyası hərtərəfli təhrifə məruz qalmışdı.
İndi milli tarix elminin əsas hədəflərindən biri XVIII əsrin ortalarından 1827-ci ilə qədər mövcud olmuş İrəvan xanlığının siyasi quruluşunu, coğrafiyasını, əhalinin etnik, say və dini tərkibini olduğu kimi tədqiq etməkdir. İlk dəfə olaraq biz həmin məsələləri tədqiq etməyi qarşımıza məqsəd qoymuşuq. İrəvan xanlığının tarixi coğrafiyası onun siyasi sərhədlərinin müəyyənləşdirilməsini, inzibati ərazi bölgüsünü, iqtisadi coğrafiyasını, fiziki-coğrafi relyefini, əhalinin demoqrafiyası və dini tərkibini, yerləşməsini, məşğuliyyətini, miqrasiya proseslərini və s. məsələləri əhatə edir.
Monoqrafiyanın yazılmasında müxtəlif səpkili qaynaqlardan istifadə olunmuşdur. Bu qaynaqlara yerli, rus, osmanlı, erməni və gürcü qaynaqları daxildir. İrəvan xanlığının siyasi tarixini öyrənmək üçün Rusiya Mərkəzi Dövlət Hərbi Tarix Arxivindən, Rusiya İmperiyasının Xarici Siyasət Arxivindən, Rusiya Elmlər Akademiyasının Arxivindən gətirilmiş və hazırda Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Arxivində saxlanılan sənədlərdən istifadə olunmuşdur.
Müsahibimiz arxiv materialları ilə bərabər, müxtəlif illərdə çap olunmuş qaynaqlardan da istifadə olunduğunu qeyd edərək belə qaynaqlardan ən zənginin XIX yüzilliyin ikinci yarısında A. Berjenin redaktorluğu ilə Qafqaz Arxeoqrafiya Komissiyasının topladığı 12 cilddən ibarət sənədlər toplusu oduğunu söylədi:
– Monoqrafiyada bu toplunun VIII cildindən istifadə olunmuşdur. Tarixi sənədlərdə sırf İrəvan xanlığından bəhs edildiyi halda, erməni tarixçiləri bunu “Şərqi Ermənistan kimi qələmə vermişlər. İ.Şopenin “Rusiya imperiyasına birləşdiyi dövrdə Erməni vilayətinin tarixi abidələrinin vəziyyəti” əsəri İrəvan bölgəsinin tarixi, tarixi coğrafiyası və əhalisini öyrənmək üçün ən mühüm mənbədir. Əsərdə bəhs edilən ərazinin “Erməni vilayəti” adlanması Rusiyanın işğaldan sonra Cənubi Qafqazda apardığı inzibati-ərazi dəyişikliyi ilə bağlı idi.
İrəvan və Naxçıvan xanlıqları işğal edildikdən sonra 1828-ci il martın 21-də çar I Nikolayın xüsusi fərmanı ilə bu iki xanlığın ərazisində “Erməni vilayəti” adlı inzibati-ərazi vahidi yaradılmışdı. Əsərdə İrəvan bölgəsinin siyasi tarixi, coğrafiyası, iqlimi, iqtisadiyyatı, kənd təsərrüfatı, sənətkarlığı, məişəti, adətləri, suvarma sistemi, bitkiləri, yerli çəki və ölçü vahidləri, vergilər, inzibati-ərazi bölgüsü, əhalinin sayı, etnik və dini tərkibi və s. haqqında zəngin statistik məlumatlar toplanmışdı.
Alim işğaldan sonra həyata keçirilən bu siyahıyaalınmaya ehtiyatlı yanaşmaq və digər mənbələrlə müqayisə etmək lazım gəldiyini vurğuladı:
– İşğal prosesində İrəvan xanlığının ərazisi və əhalinin əksəriyyətini təşkil edən türklər çoxlu itkiyə məruz qalmış, erməni əhalisi əksinə rusların köçürmə siyasəti nəticəsində çoxaldılmışdı. Digər tərəfdən, İrəvan bölgəsinin siyasi tarixinə toxunan müəllif erməni mənbələrinin təsirinə düşmüş və onun tarixini ermənilərlə bağlamışdı.
Tədqiq etdiyimiz mövzu ilə bağlı Azərbaycanda olmuş ayrı-ayrı rus məmurlarının xatirələri də sanballı faktlar verir. Bunlardan biri 1783-1787- ci illərdə Rusiyanın Kartli-Kaxetiya sarayında nümayəndəsi olmuş, rus səyyahı və diplomatı S.D.Burnaşovun “İranda Azərbaycan əyalətinin təsviri və onun siyasi vəziyyəti” əsəridir. Bu əsərin əhəmiyyəti ondan ibarətdir ki, müəllif İrəvan da daxil olmaqla bütün xanlıqların yerləşdiyi ərazini “Adrebijan” yəni Azərbaycan adlandırır. Bu faktın özü İrəvan xanlığının Şərqi Ermənistan adlandıran erməni müəlliflərinə tutarlı bir cavabdır.
Ermənilərin İrəvan xanlığına köçürülməsinin təşkilatçılarından biri olan yazıçı və diplomat A.S.Qriboyedovun “Gündəlik” və məktublarının da mövzumuz üçün böyük əhəmiyyəti vardır. İrəvan xanlığının tarixinin öyrənilməsində əhəmiyyəti misilsizdir.
Elçin Qarayev yerli mənbələrdən səyyah və coğrafiyaşünas Zeynalabdin Şirvaninin adını çəkərək bildirdi ki, onun “Bustanüs-səyahə” adlı səyahətnaməsi xüsusi əhəmiyyət daşıyır:
– Şirvani bu əsəri 1832-ci ildə yazmış və ölümündən sonra 1896-cı ildə Tehranda nəşr olunmuşdur. Səyahətnamənin IV fəslində Azərbaycanın 30-a qədər şəhər, kənd və s. məntəqəsi təsvir edilmiş, onların əlifba sırası ilə izahı verilmişdir. Onun İrəvan haqqında verdiyi məlumat xüsusilə əhəmiyyətlidir. 1826-cı ildə İrəvanda olan səyyah səyahətnaməsində buranın Azərbaycan ərazisi olduğunu, əhalinin türkcə danışdığını və burada çox az xristian əhalisinin yaşadığını xüsusi qeyd etmişdir. Bu fakt erməni müəlliflərinin saxtakarlıqla İrəvanda erməni əhalisinin çoxluq təşkil etməsi haqqında boşboğazlığına tutarlı cavabdır.
Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərində İrəvan əmrlərinin və əhalisinin əksəriyyətinin Azərbaycan türklərindən olan Qacarlara məxsusluğunu göstərməsi çox önəmli faktdır. Rus qafqazşünaslarından V.L.Veliçkonun , N.N.Şavrovun əsərlərində ermənilərin Azərbaycanın ayrı-ayrı yerlərinə, o cümlədən İrəvan xanlığı ərazisinə köçürülməsi məsələsindən bəhs edilməsi də ciddi tarixi əsaslar yaradır.
Şübhəsiz ki, ermənilərin necə təqdim etməsindən asılı olmayaraq İrəvan və ətraf bölgələrin Qərbi Azərbaycan və tarixi türk torpaqları olması həqiqətini dəyişmir. Bu gün yurd-yuvalarından qaçqın düşmüş irəvanlıların tam haqqıdır ki, öz doğma torpaqlarına qayıtsınlar və orada yaşamağa davam etsinlər.
Hazırladı:
Anar TURAN,
“Xalq qəzeti”