Əzəli torpaqlarımıza qayıdışın beynəlxalq hüquqi əsasları

post-img

“Prezident İlham Əliyev ötən ilin 24 dekabrında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüş zamanı qeyd etmişdir ki, Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. 

Dövlət başçısının bu bəyanatına, eləcə də soydaşlarımızın tarixi vətənlərinə sülh yolu ilə, ləyaqətli şəkildə qayıdışının hüquqi əsaslarının hazırlanması ilə bağlı tövsiyə və tapşırığına uyğun olaraq,  Hüquq və İnsan Haqları İnstitutu ilkin araşdırma aparıb və müəyyən nəticələrə gəlib. Qurumun İdarə Heyətinin sədri, hüquq üzrə fəlsəfə doktoru Məhəmməd Quluzadə qəzetimizə qısa açıqlamasında bildirdi:
– Əvvəla, beynəlxalq hüquq qaçqınların və məcburi köçkünlərin öz doğma diyarlarına qayıtmağı və mülkiyyət hüquqlarını birmənalı olaraq tanıyır. Beynəlxalq məhkəmələr də öz qərarlarında qaçqınların və məcburi köçkünlərin mülkiyyət hüquqlarını təsdiqləyir.
Eyni zamanda, BMT Baş ­Assambleyası və Təhlükəsizlik Şurası da bu məsələ ilə bağlı bəyanatlarında qaçqınların və məcburi köçkünlərin öz doğma diyarlarına qayıtmağı və mülkiyyət hüquqlarını tanımış və təsdiqləmişdir. 
Bundan əlavə, BMT-nin İqtisadi və Sosial Şurasının 2005-ci ildə qəbul etdiyi Qaçqınlar və məcburi köçkünlər üçün ev və əmlakın restitusiyası Prinsipləri (“Pinheiro prinsipləri”) ev, torpaq və əmlakın restitusiyası hüququnun müdafiəsinə, təhlükəsiz və ləyaqətli qayıdışa görə məsuliyyəti beynəlxalq ictimaiyyətin üzərinə qoyur (22-ci prinsip) və bu hüququ “bərabər vəziyyətdə olan digər köçkünlərə” də şamil edir. Buna sübut olaraq aşağıdakı misalları gətirmək olar: 
– BMT restitusiyaya dair onlarca sənəd qəbul edib və mexanizmlər yaradıb (məsələn, təkcə fələstinlilərin restitusiya hüququna dair 3 qətnamə qəbul edilib);
– Bosniya və Herseqovinaya dair Dayton Sülh Sazişi Mülkiyyət Tələblərinə dair Komissiya yaradaraq 440 mindən çox qaçqına və 570 mindən çox məcburi köçkünə kömək edib;
– “Pinheiro prinsipləri” (10-­21-ci prinsiplər) qayıdış və restitusiya hüququnun tanınmasında müvafiq dövlətə prosedurların yaradılması, qanunvericilikdə dəyişikliklərin edilməsi, qərarların icrasının təmin edilməsi və bu tədbirlərdə iştirakçılığın olmasına dair öhdəlik müəyyən edir;
– BMT İnsan Hüquqları alt-Komissiyası torpaq, ev və mülkiyyətin restitusiyasını beynəlxalq hüquqda insan hüququ kimi tanıyıb. BMT İnsan Hüquqları Komitəsinin 31 saylı Ümumi Qeydi Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda (MSHBP) olan hüququn pozulması üçün restitusiyanın mümkün təzminat vasitəsi olmasını açıq-aşkar müəyyən edib; 
– BMT İnsan Hüquqları ­Komitəsinin 27 saylı Ümumi qeydi “öz ölkəsi” ifadəsinin “vətəndaşlığı olduğu ölkə” ifadəsindən daha geniş olduğunu qeyd edir.
Bu məsələni tədqiq edən məşhur mütəxəssis Leckie 1991–2004-cü illərdə imzalanmış sülh sazişlərinin 56-sını araşdırarkən (misal üçün, Tacikistan, Gürcüstan, Burundi, Ruanda, Mozambik və s.) onların 25 faizində restitusiya hüququnun təsbit olunduğunu müəyyən edib.
Müsahibimiz daha sonra söylədi ki, qeyd edilənlər nəzərə alınaraq aşağıdakı nəticələrə gəlinib:
1. Beynəlxalq hüquq və təcrübə daha detallı araşdırılmalıdır;
2. BMT Baş Assambleyası və Təhlükəsizlik Şurası restitusiyaya dair müvafiq sənədin qəbul edilməsinə və mexanizmin yaradılmasını  təşviq etməli və bu, ondan tələb edilməlidir;
3. Qərbi azərbaycanlıların statusuna yenidən baxılmalı və həmin vətəndaşlar “qaçqına bərabər vəziyyətdə olan şəxslər” kimi tanınmalıdırlar.


“Xalq qəzeti” 



Sosial həyat