Kür niyə quruyur?

post-img

Son vaxtlar sosial şəbəkələrdə, xəbər saytlarında Kürün səviyyəsinin getdikcə azalması, çayın keçdiyi bəzi ərazilərdə, hətta quruması foto və video materiallarla diqqətə çatdırılır. Eyni zamanda, tarixən “dəliliyi” ilə xatırlanan, 2010-cu ildə isə Azərbaycanda ən böyük və ən dağıdıcı daşqına səbəb olan Kürün indiki vəziyyəti haqqında müxtəlif fikirlər səsləndirilir.   


Ekspertlərin bir qismi belə bir narahatlıq doğuran şəraitin yaşanmasını bütün dünyada olduğu kimi, respublikamızda da qlobal iqlim dəyişikliyindən irəli gəldiyini bildirir. Mütəxəssislər əhalinin artan sayı və kənd təsərrüfatının inkişafı fonunda bu təsirlərin yay aylarında daha da güclənəcəyini ehtimal edirlər. Hazırda su qıtlığının, əsasən, Kürün suyunun azalmasında, dağ çaylarının isə tamamilə qurumasında nəzərə çarpdığı söylənilir.  
Bu məqamda BMT-nin Azərbaycanın 2040-cı ilə qədər su ehtiyatlarının ciddi çatışmazlığı ilə üzləşəcək ölkələr siyahısında 20-ci yerdə qərarlaşacağına, 2050-ci ilə qədər iqlim dəyişikliyi səbəbindən görünməmiş quraqlıq nəticəsində respublikamızda su təchizatının 23 faiz azalacağına dair proqnozu da mətbuatda yayılıb.
Yeri gəlmişkən, vəziyyətin araşdırılması ilə əlaqədar rəsmi qurumların nümayəndələrinin fikirlərinə diqqət yetirək. Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva hələ keçən ilin fevralında bildirib ki, iqlim dəyişikliyi nəticəsində əhalisi 10 milyon nəfərdən çox olan respublikamızın su ehtiyatları artıq 10 faiz azalıb və gələcəkdə də su çatışmazlığı getdikcə artacaq.
Xatırladaq ki, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İradə Hüseynova Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Ətraf Mühit, Təbii Sərvətlər və Sağlamlığın Mühafizəsi Komissiyasının səkkizinci iclasında respublikamızda su qıtlığının davamlı xarakter alacağı, suyun çatışmazlığının digər məsələlərlə yanaşı, ölkənin biomüxtəlifliyinin qorunmasına da mənfi təsir göstərəcəyi barədə məlumat verib. O, ölkədə səhralaşmanın ildən-ilə genişlənməsinin böyük narahatlıq doğurduğunu və bununla bağlı müəyyən tədbirlərin həyata keçirildiyini xatırlatmaqla yanaşı, müvafiq strukturların su qıtlığının qarşısının alınması üçün səylərini birləşdirməyin, Azərbaycanın biomüxtəlifliyin qorunması üçün zəruri addımlar atmağın önəmini diqqətə çatdırıb.
Coğrafiya İnstitutunun şöbə müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru dosent Ənvər Əliyev Kürün qurumasının əsas səbəblərindən biri kimi su anbarlarını göstərərək bildirir ki, respublikamızın mühüm su mənbəyi olan bu çayın bir çox qolu Türkiyə, Ermənistan və Gürcüstandan, ümumillikdə isə respublikamız da daxil olmaqla 1515 kilometr ərazidən keçir. Həmin ərazilərdə Kürdən müxtəlif məqsədlər üçün su anbarları vasitəsilə maksimum dərəcədə istifadə olunur. Təkcə respublikamızda ümumi su həcmi 21,9 milyard kubmetr olan 140 su anbarının mövcudluğunu nəzərə alsaq, Kür çayının quruması səbəbi haqqında müəyyən təsəvvür yaranar. 
Ə.Əliyev daha sonra Kürün anbarlara yönəldilməsi səbəbindən onun quruması ilə nəticələnən su qıtlığının sonda torpaqların şoranlaşmasına gətirib çıxardığını vurğulayıb və hazırda belə bir mənfi tendensiyanın çayın keçdiyi ərazilərdə nəhəng şoranlıq yaratdığını qeyd edib. Ekspert bu məsələdə çayı çirkləndirməklə, su israfına yol verməklə Ermənistanın xüsusi məsuliyyət daşıdığını, işğalçı dövlətin indiyədək Gürcüstandan fərqli olaraq ölkələrarası su müqavilələrini imzalamaqdan boyun qaçırdığını bildirib. 
Burada bir məqamı da diqqətə yönəltmək istərdik. Belə ki, bəzi sosial şəbəkələrdə Kürün qurumasının səbəblərindən biri də çayın Mingəçevir su anbarına yönəldilməsi ilə əlaqələndirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev isə bu fikri təkzib edir. O, belə bir məsələnin problemin   yaranmasına heç bir təsir göstərmədiyini bildirərək anbara su vurulmasını adıçəkilən SES-in elektrik enerjisi istehsalını şərtləndirdiyini diqqətə çatdırır. Əks halda, həmin stansiyanın fəaliyyətinin pozulması ilə üzləşiləcəyini deyir. 
Xidmət rəisinin müavini, eyni zamanda son günlər ərzində Gürcüstandan Kürə daxil olan suyun həcminin artdığının müşahidə edildiyini, tezliklə çayın aşağı axınında vəziyyətin müsbətə doğru dəyişəcəyini qeyd edir. “Mart ayında adətən qar əriməsi və daşqınlar başlayır ki, bu da maya qədər davam edəcək və yaxın vaxtlarda çayın səviyyəsində artım müşahidə edəcəyik”,–deyə Rafiq Verdiyev bildirir.
Kürdə suyun azalması artan əhalinin ehtiyacının ödənilməsinə, aqrar sektorun, eləcə də balıqçılıq təsərrüfatlarının inkişafına mənfi təsir göstərir. Təbii ki, çayın quruması ilə yanaşı, israfçılıq, su itkisi halları da ciddi şəkildə nəzərə çarpır. Belə hallarda problemin həllində su kanallarını betonlaşdırmaq, borulardan sızmaları aradan qaldırmaq, damcı suvarma üsulunu tətbiq etmək kimi məsələlər də diqqətdə saxlanılmalıdır. Eyni zamanda, suvarmada müasir texnologiyaların kütləvi şəkildə tətbiqinə, su ehtiyatlarının qorunmasına prioritet istiqamət kimi yanaşılmalıdır. 
Sonda xatırladaq ki, dövlətimizin başçısının tapşırığı əsasında su ehtiyatlarından səmərəli və qənaətlə istifadəni təmin etmək məqsədilə Su Ehtiyatlarından Səmərəli İstifadə Komissiyası yaradılıb və bu komissiyanın fəaliyyətinin mövcud problemin həllində mühüm rol oynayacağı əminliyi yaranıb. 

 

Riad AXUNDZADƏ, 
“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sektor müdiri


Proqnoz məlumatlara əsasən, ölkə üzrə su ehtiyatlarının 2020-2050-ci illərdə 20-25 faiz azalması gözlənilir. Bunu nəzərə alsaq, su ehtiyatlarından qənaətlə və səmərəli istifadə olunmasına, onun qorunmasına və mühafizə edilməsinə böyük ehtiyac var.
Mingəçevir su anbarını qidalandıran çayların sərfinin azalması, bununla yanaşı, həmin anbardan qidalanan Yuxarı Qarabağ və Yuxarı Şirvan kanalları, o cümlədən Kür çayının xidməti ərazisində əkin sahələrinin son illərdə artması xüsusilə suvarma kanallarının sonunda yerləşən fermerlərin müəyyən çətinliklərlə qarşılaşmasına gətirib çıxarır. Bənzər vəziyyət hazırda Kür çayının sonunda yerləşən Salyan və Neftçala rayonlarında da müşahidə olunur. Kür çayı üzərində yerləşən rayonlarda suya artmaqda olan tələbat iqlim dəyişiklikləri fonunda çayın su sərfinin kəskin azalmasına gətirib çıxarır.
Mart-aprel aylarında dağlıq ərazilərdə buzlaqların əriməsi, o cümlədən hazırda Mingəçevir su anbarından çayın aşağı axınına buraxılan suyun həcminin çoxalması problemin həllinə inam yaradır. 
İqlim dəyişikliklərinə qarşı mübarizə tədbirləri arasında önəmli məsələlərdən biri yenə insan amili olaraq qalır. Belə ki, cari ildə apardığımız monitorinqlər zamanı əksər torpaq sahələrində hamarlama işlərinin aparılmadığı müşahidə edilir, mütəxəssislərimiz tərəfindən fermerlərə bunun su itkilərinin kəskin artmasına səbəb olduğu izah edilir. 
Müəyyənləşdirilən bir səbəb isə sahələr suvarılarkən suvarma texnologiyasına əməl olunmamasıdır. Əksər hallarda fermerlər tərəfindən su sahənin bir başından açılır və digər tərəfinə çatdıqda bağlanılır, suvarma zamanı arxlardan, suvarma zolaqlarından istifadə olunmur, sahədaxili kanallara bölünmə aparılmır. Həmçinin, ölkə ərazisində gecə suvarması çox az aparılır. Belə ki, soyuq torpağı axşam və ya gecə suvaranda gün ərzində isinən torpaqdan daha az su buxarlanır. Beləliklə, bitkilər növbəti günün istisi gələnə qədər kifayət qədər su ala bilir. 
İqlim dəyişikliklərinin təsirlərinin sonrakı illər ərzində daha da artması proqnozlaşdırılır. Buna görə də məhdud su ehtiyatlarından qənaətlə və səmərəli istifadə edilməlidir. Bu istiqamətdə su ehtiyatlarının ən böyük istifadəçisi olan fermerlər su itkilərinin azaldılması məqsədilə aqrotexniki qaydalara uyğun olaraq əkin sahələrində vaxtında şumlama, hamarlama, əkin sahələrinin sahədaxili kanallara bölünməsi, səpinin vaxtında aparılması tədbirlərinə ciddi riayət etməli, suvarmada mütərəqqi texnologiyalardan istifadə genişləndirilməlidir.
Dövlət tərəfindən həyata keçirilən bütün tədbirlər, su anbarlarının tikintisi, suvarma kanallarının təmiri, bərpası və yenidən qurulması, bütün istismar işlərinin effektivliyi birbaşa olaraq fermerlər tərəfindən suyun səmərəli istifadəsindən asılıdır. Əgər əvvəlki bir neçə illə müqayisədə hazırda kifayət qədər ciddi su çatışmazlığı ilə rastlaşırıqsa, gələcəkdə ölkəmizə daxil olan su ehtiyatlarının daha 35-40 faiz azalacağına indidən hazır olmalıyıq. Bu baxımdan hamımız maariflənməli, sudan ənənəvi istifadə vərdişlərini dəyişdirməli, su itkilərinə yol verilməməsinə qarşı məsuliyyətli olmalıyıq. 


Vaqif BAYRAMOV, 
“Xalq qəzeti”



İqtisadiyyat