Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə artıq Avropaya təxminən 21,5 milyard kubmetr qaz nəql edilib. Bu barədə TAP-ın icraçı direktoru Luka Şippati “TopUtility 2023” konfransında çıxışı zamanı bildirib.
Ümumi qaz həcmlərinin 18 milyard kubmetrdən çoxunun İtaliyaya ötürüldüyünü diqqətə çatdıran icraçı direktor deyib ki, TAP bu ölkəyə qaz tədarükünün etibarlılığının gücləndirilməsinə və bazarın likvidliyinin artırılmasına kömək edir.
Luka Şippati, həmçinin bildirib ki, bu kəmər mayeləşdirilmiş təbii qaz və digər birləşdirici boru kəmərləri ilə birgə bu gün, nəhayət, böhranlı durumu aradan qaldırmağa səbəb olub. Bununla yanaşı, o, qarşıdan gələn qışı diqqətdə saxlamağın vacibliyini diqqətə çatdırıb.
O, deyib ki, TAP tərəfindən imzalanmış uzunmüddətli müqavilələr üzrə nəqliyyat öhdəliklərinin tam yerinə yetirilməsi və qısamüddətli nəqliyyat imkanlarının maksimum artırılması sayəsində bu kəmər təkcə 2022-ci ildə İtaliyanın istehlakının 15 faizindən çoxunu ödəyib. “İtaliyanın qaz təchizatının şaxələndirilməsi strategiyasına TAP-ın ikiqat artırılması ilə Cənub Qaz Dəhlizindən nəqlin artırılmasına tam siyasi dəstək daxildir”,– deyə Luka Şippati əlavə edib.
Onun fikrincə, bu çətin ssenaridə Avropa İttifaqı Komissiyasının və milli hökumətlərin dəstəyi TAP-ın davamlı genişlənməsini təmin etmək üçün lazım olan tənzimləyici baza və maliyyə dəstəyinin işlənib hazırlanmasında strateji əhəmiyyət kəsb edir.
Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 kilometr təşkil edir ki, bunun da 550 kilometri Yunanıstanın şimal hissəsindən, 215 kilometri Albaniya ərazisindən, 105 kilometri Adriatik dənizinin dibi ilə, 8 kilometri isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə isə 2020-ci il dekabrın 31-dən başlanılıb.
“Xalq qəzeti”