Dayanıqlı İnkişaf Məqsədlərinin maliyyələşdirilməsi üçün hazırlanan İnvestor Xəritəsinin təqdimat mərasimi keçirilib.
Xatırladaq ki, İnvestor Xəritəsində bir sıra mühüm məsələlər öz əksini tapıb. Məsələn, respublikada sərmayədarların daha çox infrastruktur sahələri arasında, ilk növbədə, sənaye müəssisələri və ev təsərrüfatları üçün çirkab sularının təmizlənməsinə vəsait yönəldə biləcəkləri vurğulanıb. Sənəddə investorlar üçün sənaye müəssisələrinin, habelə ev təsərrüfatlarının çirkab sularını, o cümlədən neftlə çirklənmiş suları texniki istifadə məqsədilə təmizləyən sutəmizləyici qurğuların tikintisi və istismarının reallaşdırılmasına xüsusi önəm verilib.
İnvestor Xəritəsində digər istiqamət isə təhlükəli olmayan tullantıların utilizasiyası və təkrar emal müəssisələrinin yaradılmasıdır. Bununla bağlı Xəritədə tullantıların emalı, həmçinin təkrar emal müəssisələri tikmək və istismar etmək, təhlükəli olmayan məişət tullantılarını təmizləmək, təkrar istifadə olunan materialı yenidən bazara çıxarmaq təklif edilir.
Xəritədə növbəti istiqamət təhlükəli tullantıların saxlanılması və utilizasiyası, o cümlədən neft qalıqlarının təmizlənməsidir. Təhlükəli tullantıların idarə edilməsi, təmizlənməsi və saxlanılması xidmətlərini reallaşdıran müəssisələrin tikintisi və istismarı, o cümlədən neft qalıqlarının təmizlənməsi, burada yığılmış neft məhsulunun qalıqlarının müvafiq neft qalıqları təchizatçısına qaytarılması, yaxud bərk tullantı yanacağına çevrilməsi imkanları var.
Hesabatda infrastruktur sahələri üzrə investisiya imkanları üzrə təklif edilən digər sahə əsas ticarət marşrutları boyu ticarət logistika mərkəzlərinin yaradılmasıdır. Məhsulların düzgün saxlanılmasını və bazarlara vaxtında, təhlükəsiz şəkildə çatdırılmasını gerçəkləşdirmək üçün bir məntəqədə saxlamaq, nəqliyyat və tranzit-gömrük xidmətlərini təklif edən əsas quru və dəmir yolu ticarət marşrutları ilə bağlı logistika mərkəzlərinə investisiya qoyuluşunu həyata keçirmək mümkündür.
Təqdimat mərasimində bildirilib ki, Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi layihələr “Yaşıl enerji” və “Yaşıl iqtisadiyyata keçid” prinsiplərinə uyğundur. Bununla yanaşı, vurğulanıb ki, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, soydaşlarımızın öz doğma torpaqlarına qayıdışı istiqamətində tədbirlər görülür. Həmin ərazilərə investisiyaların cəlb olunması çox vacib məsələlərdən biridir. İnvestor Xəritəsinin və yaxud investisiya platformasının formalaşdırılmasının isə Azərbaycanda iqtisadi inkişafa öz mühüm töhfəsini verəcəyi gözlənilir.
Tədbirdə, eyni zamanda, ölkəmizin regionda ilk ölkə olaraq Davamlı İnkişaf Məqsədlərinin (DİM) icrası istiqamətində görülmüş işlərin yekunlarına dair BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna üç Könüllü Milli Hesabat (2017, 2019 və 2021-ci illərdə) təqdim etməsi Azərbaycan hökumətinin DİM-lərin həyata keçirilməsinə verdiyi önəmin bariz nümunəsidir.
Yeri gəlmişkən, BMT-nin 2016-2030-cu illər üçün təsdiqlənmiş “2030 Gündəliyi” üzrə Azərbaycanın qəbul etdiyi öhdəliklərin həyata keçirilməsi dövlət siyasətinin mühüm tərkib hissələrindən birinə çevrilib. Bu istiqamətdə sosial, iqtisadi, ətraf mühit sahələri ilə bağlı dövlət proqramları, startegiyalar, tədbirlər planları DİM-lərin məqsədlərinə və hədəflərinə uyğunlaşdırılıb.
Xatırladaq ki, BMT-nin Baş Assambleyasının qəbul etdiyi 17 məqsəd təşkilatın 2015-ci ilin sentyabr ayında keçirilmiş sammitində dünya liderlərinin qəbul etdiyi “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əks olunub, 2016-cı il yanvarın 1-də rəsmi şəkildə qüvvəyə minib. Universal xarakter daşıyan bu yeni məqsədlər fonunda 2030-cu ilə qədər ölkələri yoxsulluğun bütün formalarına son qoymaq, bərabərsizliklərə qarşı tədbirlər görmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bütün səylərini səfərbər etmək nəzərdə tutulub.
“Qlobal Məqsədlər” kimi də tanınan DİM-lər Minilliyin İnkişaf Məqsədlərinin əldə etdiyi nəticələrə əsaslanır, eyni zamanda, yoxsulluğun bütün formalarının aradan qaldırılmasını qarşıya mühüm vəzifə kimi qoyur. Yeni DİM-lərin özünəməxsusluğu bütün dövlətləri, o cümlədən yoxsul, zəngin və orta gəlirli ölkələri planetin mühafizəsini reallaşdırmaq şərti ilə tərəqqini təşviq etmək üçün tədbirlər görməyə səsləyir.
DİM-lərin tətbiqi təsdiqləyir ki, yoxsulluğun aradan qaldırılması iqtisadi artımın təmin edilməsinə yönələn strategiyalarla əlaqəli şəkildə həyata keçirilməlidir. Onlar təhsil, sosial müdafiə və məşğulluq imkanları da daxil olmaqla geniş spektrli sosial ehtiyacları və bununla yanaşı, iqlim dəyişikliyi ilə mübarizəni və ətraf mühitin mühafizəsini ön plana çəkir.
Təqdimat mərasimində, həmçinin ölkədə əlverişli biznes mühitinin mövcudluğu səbəbindən 2011-2021-ci illərdə Azərbaycan iqtisadiyyatına 62,3 milyard manat investisiya qoyulduğu, ölkə Prezidentinin həyata keçirdiyi uğurlu xarici və daxili siyasət, o cümlədən yaradılmış əlverişli biznes mühitinin investorların diqqətini cəlb etdiyi diqqətə çatdırılıb.
“Xalq qəzeti”