Daşkənddə dostluq nəşri

post-img

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinov və Özbəkistanda çalışan gənc azərbaycanlı alim, tarix elmləri namizədi Azər Adıgözalovun Daşkənddəki “Renessans Press”  nəşriyyatında rus dilində “Özbəkistan - Azərbaycan: qardaş xalqlar arasında mədəni-mənəvi əməkdaşlığın tarixi aspekti” adlı monoqrafiyası  çapdan çıxıb. 


Monoqrafiya Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında işıq üzü görüb. 
Monoqrafiyada qədim dövrdən bugünədək iki qardaş xalqın bütün sahələrdə əlaqələri, mədəni-mənəvi əməkdaşlığı, dövlətlərarası münasibətlər, rəsmi sənədlər, arxiv materialları ilə bağlı məlumatlar öz əksini tapıb. 
Nəşrdə qeyd olunur ki, eramızdan əvvəl II-I əsrlərdə Çin və Hindistandan başlayan, Orta Asiyadan keçən, buradan Xəzər dənizinə çataraq Azərbaycan ərazisindən – Odlar yurdu vasitəsilə Avropaya uzanan ticarət yolu antik dövrün coğrafiyaşünası Strabon tərəfindən Böyük İpək Yolu adlandırılıb.  Böyük İpək Yolunun üç əsas karvan yolundan birinin Mərkəzi Asiyanın Fərqanə vadisindən (Özbəkistan) keçərək Qafqazda qədim Azərbaycan dövləti olan Atropatena torpaqlarından davam etməsi monoqrafiyada öz əksini tapıb. 
Monoqrafiya beynəlxalq münasibətlərin və xarici siyasətin tərkib hissələrindən biri kimi ikitərəfli mədəni əlaqələrlə maraqlanan geniş oxucu kütləsi, habelə ali təhsil müəssisələrinin müvafiq ixtisas və fakültələrinin mütəxəssisləri, müəllimləri, magistrantları və tələbələri üçün nəzərdə tutulub.


Qulu Kəngərli, 
Daşkənd

Mədəniyyət