Biz bir təndə iki canıq

post-img

“Azərbaycanla Türkiyə milli və beynəlxalq arenada hər sahədə bir-birini dəstəkləyib, bundan sonra da dəstəkləyəcək. Tarixən olduğu kimi, bu gün də sevincimizi, kədərimizi bölüşürük. Zəlzələ ilə bağlı ağır günlərimizdə qardaş Azərbaycanın ilk olaraq dəstək verməsi bizim üçün böyük stimul oldu”. 


Bu fikirləri Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar “Xalq qəzeti”nə açıqlamasında bildirib.
Necdet Ünüvar deyib ki, Azərbaycanla Türkiyə fərqli coğrafiyalarda yerləşsələr də, bu, sarsılmaz güclə bağlı olmağımızı əngəlləmir: “Mən 8 ilə yaxın Türkiyə Böyük Millət Məclisində (TBMM) Türkiyə–Azərbaycan Parlamentlərarası Dostluq Qrupuna sədrlik etmişəm. Millət vəkilliyi dönəmim bitəndən sonra da   Azərbaycanla qəlbən yaxınlığım davam edir. Bu gün Azərbaycan xalqı əzmi və iradəsi sayəsində Qafqazın parlayan ulduzuna çevrilib. Türkiyə-Azərbaycan münasibətləri isə yüksəlməkdə davam edir və zəlzələ fəlakətindən sonra bu münasibətlərin daha da yüksələcəyinə inanıram”.  
Müsahibimiz fevralın 6-dan başlayaraq Azərbaycanın Türkiyədəki Səfirliyi ilə daha yaxın təmasları olduğunu bildirib: “Cənab İlham Əliyev bu məsələyə birbaşa diqqət göstərdi. Bundan sonra Azərbaycan səfirliyi zəlzələ bölgələrinə  göndərilən yardımları koordinasiya etdi. Bu, çox təqdir olunan haldır. Biz səfirliklə bərabər bölgədə təkcə ərzaq, geyim və insan qüvvəsinin ehtiyac duyulduğu yardımları deyil, həm də tibbi yardımlar etdik. Zəlzələ ocağı olan Kahramanmaraş Elbistan bölgəsində psixoloji dəstəyimiz hələ də davam edir”.
Ankara Universitetinin nəzdində olan  İbn Sina və Cəbəçi uşaq xəstəxanalarında zəlzələdən zərər çəkənlərin müalicə olunduğunu vurğulayan rektor, Azərbaycan səfirliyinin uşaqlara xüsusi diqqət göstərildiyini də qeyd edib: “Cənab səfir Rəşad Məmmədov və həyat yoldaşı – ixtisasca həkim olan Günay xanım zərərdidə çocuqları ziyarət edərək onlara Azərbaycanı sevdirəcək xüsusi hədiyyələr – bayraq, geyim, Azərbaycan–Türkiyə qardaşlığını əks etdirən nişanlar bağışladılar. Uşaqlar çox sevindilər, təşəkkür etdilər və təbii ki, belə bir duyğusal görüş bizi də məmnun etdi”.
Rektor bundan səfir Rəşad Məmədovla xəstəxanadakı azərbaycanlı həkimlər arasında çox təqdirəlayiq bir görüş keçirildiyini də vurğulayıb: “İxtisasartırmada iştirak edən həkimlərlə görüşdə Rəşad bəy Türkiyənin bu ağır günlərində verdikləri dəstəyə görə azərbaycanlı həkimlərə təşəkkür etdi”.
Hazırda xəstəxanada 12-13 azərbaycanlı həkimin ixtisasartırma kursunda iştirak etdiyini deyən rektor, ümumilikdə, Azərbaycandan Ankara Universitetində təhsil alan tələbələrin sayının 500-ə yaxın olduğunu bildirib və qeyd edib ki, onların arasından xeyli könüllü də sınaq günlərində əlindən gələni əsirgəməyib. 


M.SULTANOVA,
Ankara



Sosial həyat