Nə gözəl yaraşır Muğana ceyran!

post-img

Adı çəkiləndə zərif, ürkək ceyranların yada düşdüyü Şirvan Milli Parkı Kür-Araz ovalığında, Xəzər dənizinin qərb sahillərində yerləşir. Sahəsi 54 min hektardan bir qədər çoxdur. Landşaftı, əsasən, yarımsəhradır. 
Ərazidə ən çox iydə, ağacşəkilli gəngiz, Xəzər şahsevdisi, Xəzər sarıbaşı, ağacşəkilli çərən, şoviç yovşanı və s. bitki növlərinə, eləcə də su-bataqlıq quşları (cüllütkimilər, qazkimilər, qızılqazlar), canavar, çaqqal, dovşan kimi heyvanlara rast gəlinir. Qeyd etmək lazımdır ki, burada qorunan ceyran, qamışlıq pişiyi, adi qızılqaz, bəzgək Azərbaycan Respublikasının “Qırmızı kitab”ına daxil edilib. 
Quşların miqrasiya yollarında yerləşən parkda 230 növ quş qeydə alınmışdır. Miqrasiya zamanı və quşların qışlama dövründə göllərin və dənizin dayaz yerlərində yaşılbaş ördəklər, fitçi cürə, boz ördək, marek, cırıldayan cürə, enliburun ördək, flaminqo, fısıldayan qu, qaşqaldaq, dərin su sahələrində isə qırmızıburun, qırmızıbaş, kəkilli və dəniz dalğıcları, güləyən ördəklər bir yerə toplaşırlar. Bu mənzərəni seyr etmək özü başqa bir zövqi-səfadır! 
Parkda yırtıcı quşlardan çay qaraquşu, ağquyruq dəniz qartalı, çöl sarı, adi sar, çöl qartalı, böyük qartalça, imperator qartalı, ütəlgi qızılquş, şahin və s. növlərə də rast gəlinir.
Yeri gəlmişkən, Bəndovan palçıq vulkanı da Şirvan Milli Parkının ərazisində yerləşir. Bəndovan burnunda yerləşən vulkan morfoloji cəhətdən xüsusiləşmiş dağdan ibarətdir. Onun əsasının diametri 2 kilometrdən artıqdır. Vulkanın şimal-şərq və cənub-qərb yamacı dərin qobularla kəsilmişdir.
Şirvan Milli Parkı turistlərin çox sevdiyi marşrutlardandır. Parkın əməkdaşları və ziyarətçiləri üçün müəyyən qaydalar və məhdudiyyətlər müəyyənləşdirilib. Birinci növbədə, ətrafa məişət tullantılarının atılması qadağan olunub. Yanğına səbəb olacaq hərəkətlərdən çəkinmək də tələb olunur. 
Turistlər parka daxil olanda onlara bələdçi tərəfindən təhlükəsizlik qaydaları izah olunur. Tövsiyə olunur ki, ziyarətçilər kol-kosa girməsinlər, yaxud buradakı hansısa otu, yaxud gülləri yığmaq fikrinə düşməsinlər. Axı ceyran və cüyürləri qorxuda bilərlər. 
Yuxarıda qeyd etdiyimiz kimi, Şirvan Milli Parkının ən başlıca özəlliyi, gözəlliyi və heç şüb-
həsiz, bəzəyi, ceyranlardır. Yarım əsr bundan əvvəl parkda ceyranların nəsli kəsilmək üzrə idi, məlumatlara görə, cəmi 70 ceyran qalmışdı. Son 10-12 ildə isə vəziyyət yaxşılığa doğru xeyli dəyişib. Belə ki, ceyranların mühafizəsi və populyasiyasının gücləndiriməsi sahəsində görülən işlərin nəticəsində bu təbiət gözəllərinin sayı artırılaraq 6200-ə çatdırılıb. Ceyranların sayları artdıqca onları digər uyğun coğrafi areallara, yəni qoruq və yasaqlılara köçürürlər. Son illər Şirvan Milli Parkından yüzlərlə ceyran Acınohur qoruğuna köçürülüb. Bura el arasında Ceyrançöl adlanır. 
Hörmətli oxucu! Həcmcə heç də böyük olmayan bu yazıda Xalq şairi Səməd Vurğunun dillər əzbəri olan məşhur şeirini xatırlamamaq, ən azı, insafsızlıq olardı. Bu gözəl şeirin son bəndini burada yada salmağı özümüzə borc bildik:
Ovçu, insaf elə, keçmə bu düzdən,
O çöllər qızını ayırma bizdən!
Qoyma ağrı keçə ürəyimizdən, 
Qıyma öz qanına boyana ceyran,
Nə gözəl yaraşır Muğana ceyran!

M.HACIXANLI 
XQ

Maraqlı