Ceyms Uebb Kosmik Teleskopu kainatın sirlərinə bir daha işıq salıb. Belə ki, "Böyük partlayış"dan iki milyard il sonra meydana gələn qalaktikanı araşdıran elm adamları mərkəzində nəhəng bir "qara dəliy"ə malik qalaktikanın niyə “öldüyünü” müəyyən ediblər. Məlum olub ki, “qalaktika qatili” hesab edilən "qara dəlik" qalaktikanın həyat mənbəyi olan qazı faktiki olaraq məhv edib və ulduzların əmələ gəlməsi prosesini dayandırıb.
Kembric Universitetinin rəhbərlik etdiyi beynəlxalq qrup "Böyük partlayış"dan iki milyard il sonra yaranan bu qalaktikanı Uebb Teleskopu ilə araşdırıb. Mərkəzində superkütləli "qara dəliy"ə malik olan bu qalaktika “çökmüş” vəziyyətdə olub, yəni yeni ulduz əmələ gəlməsi böyük ölçüdə dayanıb. Məlum olub ki, "qara dəlik" qalaktikadan yüksək sürətlə qaz çıxarır ki, bu da yeni ulduzların meydana gəlməsini dayandırır. "Əvvəlki müşahidələrimizə əsasən, biz bilirdik ki, bu qalaktikada ulduz əmələ gəlmə prosesi dayanıb və bunun "qara dəlik"lə əlaqəli olduğunu təxmin edirdik. Ancaq Uebb Teledkopuna qədər bu əlaqənin olduğunu qətiləşdirməmişdik", - Françesko D'Eugenio bildirib.
Bu qalaktika çox böyükdür. Kütləsi Günəşin kütləsindən təxminən 200 milyard dəfə böyük olan bu qalaktikadakı ulduzların çoxu 12,5-11,5 milyard il öncə yaranıb.
Tədqiqatın digər həmmüəllifi, professor Roberto Maiolino deyib: "Kainatda belə böyük "ölü" qalaktikanın bu qədər erkən vaxtında görmək maraqlıdır. Ulduzların əmələ gəlməsini dayandıran proses tez baş vermiş olmalıdır". Uebb Teleskopu ilə aparılan müşahidələr göstərirdi ki, qalaktika saniyədə min kilometrə qədər sürətlə böyük miqdarda qaz çıxarır. Bu sürət qazın qalaktikanın cazibə qüvvəsindən qaçmasına imkan verir.
Komanda müəyyən edib ki, "qara dəlik" qalaktikadan böyük miqdarda qaz ataraq yeni ulduzların yaranmasının qarşısını alır. D'Eugenionun sözlərinə görə, "Bu, qalaktikanı öldürən "qara dəlik"dir. Qalaktika üçün lazım olan "qida"nı kəsərək ulduzların əmələ gəlməsinin qarşısını alır". Bu yeni kəşf "qara dəlik"lərin qalaktikalara təsirini daha aydın şəkildə ortaya qoysa da, elm dünyası "qara dəlik"lərin qalaktikalarda ulduz əmələ gəlməsini necə dayandırdığını anlamaqda irəliyə doğru bir addım atıb.
Tədqiqatçılar Atakama Böyük Millimetr/Submillimetr Massivi (ALMA) ilə aparacaqları yeni müşahidələrin ulduz əmələ gəlməsi üçün lazım olan qazın hələ də qalaktikada gizlənib-gizlənmədiyini və superkütləvi "qara dəliyi"n qalaktika ətrafında hansı təsirə malik olduğunu aydınlaşdırmaq üçün gözləyirlər.
Hazırladı:
S.ELAY
XQ