Yaxud yüz illərin işğalı altında insanların Allah sevgisi
Alman alimi Paul Hambrux hələ 1910-cu ildə sübut etmişdi ki, bu liliput dövlətdə (dünya ensiklopediyalarında onun adı kiçik dövlət kimi yox, məhz liliput dövlət (карликовое государство) şəklində göstərilir) yaşayan naurular haqqında olan məlumatların, təxminən, 3 min illik tarixi var. Bu uzun tarixin, demək olar ki, 99 faizini işğal altında olublar. 1968-ci il yanvarın 31-də Böyük Britaniya, Avstraliya və Yeni Zelandiyanın (eyni vaxtda 3 dövlətin nəzarətində idi) müstəmləkəsindən azad ediləndən sonra yaratdıqları dövlətin “Nauru mahnısı” adlı himni isə belə başlanırdı: “Allahın iradəsi hər şeydən üstündür”.
Cəmi 21,3 kvadratkilometr ərazisi, 11 min nəfərə yaxın əhalisi olan bu parlamentli respublikanın rəsmi paytaxtı yoxdur. Ən böyük şəhəri olan Yarendən elə paytaxt kimi istifadə edirlər. Yəni prezident də, parlament də, aeroport da həmin şəhərdədir. Dövlət dili ingilis dili olduğuna himn də ingiliscədir. Milli valyutaları olmadığına görə isə Avstraliya dollarından istifadə edirlər.
Rəsmi adı Nauru Respublikası olan bu dövlətin yerləşdiyi eyni adlı ada (orta əsrlərdə ingilislər ona “dadlı, ləzzətli ada” deyirlərmiş) Sakit okeanın qərb sahillərinə yaxındır. Ekvatordan isə cəmi 42 kilometr cənubdadır (https://govno13579.ucoz.org/news/2016-01-08-2,). BMT-nin məlumatına görə, Nauru planetimizin ən kiçik müstəqil dövləti, ən kiçik ada dövləti, Avropa hüdudlarından kənardakı ən kiçik ölkə və nəhayət, İsveçrədən sonra rəsmi paytaxtı olmayan ikinci dövlətdir.
Bu dövlət həm Birinci, həm də İkinci dünya müharibələri dövründə dəfələrlə əldən-ələ keçmiş, Avropanın, demək olar ki, əksər ölkələrinin müstəmləkəsi olmuşdur. 1999-cu ildən BMT üzvü olan Nauru həm də Cənubi Sakit Okean Komissiyasının üzvüdür.
Hər halda, “Allahın iradəsi hər şeydən üstündür”.
İttifaq MİRZƏBƏYLİ