Diplomatik korpusun nümayəndələri Laçında

post-img

İgidlər oylağı qayıdış poliqonu, dirçəliş ünvanıdır

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Şərqi Zəngəzur və Qarabağa səfəri başlayıb.

İyunun 20-də diplomatlar Laçında olublar. Nümayəndə heyətini Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.

Qonaqları Laçın Beynəlxalq Hava Limanında Prezidentin xüsusi nümayəndəsi Məsim Məmmədov qarşılayıb. Hava limanı ilə tanışlıq zamanı yeni inşa olunan aeroport haqqında məlumat verilib. Bildirilib ki, Laçın aeroportu ötən ayın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılıb. Mürəkkəb dağlıq relyefdə yerləşən bu hava limanı işğaldan azad olunmuş ərazilərdə inşa edilən üçüncü beynəlxalq hava limanıdır. İşğaldan azad olunan ərazilərdə qısa vaxtda müasir standartlara cavab verən Füzuli və Zəngilan beynəlxalq hava limanları da inşa olunub və artıq fəaliyyət göstərir. Laçın aeroportunun istifadəyə verilməsi ilə Azərbaycanın beynəlxalq hava limanlarının sayı doqquza çatıb.

Tikintisinə 2021-ci ilin avqust ayında başlanılmış bu mühüm infrastruktur obyektinin inşası ən yüksək texnoloji və mühəndislik standartlarına uyğun həyata keçirilib. Hava limanında istənilən tip hava gəmisinin qəbuluna imkan verən, uzunluğu 3 min, eni isə 60 metr olan uçuş-enmə zolağı inşa edilib. Beş min kvadratmetrlik terminal binası saatda ən azı 200 sərnişinə xidmət göstərmək imkanına malikdir. Terminalda sərnişinlərin rahatlığı üçün VIP zal, qeydiyyat və təhlükəsizlik sistemləri, baqaj konveyerləri, ticarət obyektləri və iaşə zonaları nəzərdə tutulub. Burada yaradılmış infrastruktur ICAO və IATA standartlarına uyğun olaraq uçuşların təhlükəsiz və səmərəli şəkildə həyata keçirilməsinə imkan verir.

Bu hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportudur. Laçın şəhərindən 30 kilometr, Şuşadan 70 kilometr, Kəlbəcərdən isə 60 kilometr məsafədə yerləşən hava limanı Qarabağ və Şərqi Zəngəzur regionlarının nəqliyyat əlaqələrinin gücləndirilməsində mühüm rol oynayacaq.

Diplomatik korpus nümayəndələri sonra “Hoçazfilm” studiyasına gəliblər. Qarabağın çoxşaxəli nadir yaradıcılıq məkanı layihəsi olan studiya Laçın şəhərində iki inzibati binadan və bir çəkiliş pavilyonundan ibarətdir. Studiyanın adı Laçın rayonunun əsas rəmzlərindən sayılan Hoçaz qayalıqlarının adından götürülüb. Çoxşaxəli yaradıcılıq məkanı olan “Hoçazfilm”in perspektiv fəaliyyət istiqamətləri çox genişdir. Bu istiqamətlərə Qarabağ regionunun genişmiqyaslı təbliğatı ilə bağlı layihələrin həyata keçirilməsi, bölgədə keçiriləcək mədəni-kütləvi tədbirlərin işıqlandırılması, Laçında yenidənqurma işlərinin, regionun milli brendlərinin və yerli məhsulların təşviqi, kinoteatr və yaradıcı ittifaqla əməkdaşlıq, gənclər üçün yay məktəbləri, yaradıcılıq atelyeləri, kinematoqrafiya, rəsm kursları və müsabiqələrinin təşkili daxildir.

Qonaqların tanışlıq səfərinin növbəti ünvanı Yurd Qalereyası olub. 2025-ci ildə Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi çərçivəsində açılmış bu qalereya Qarabağ və Şərqi Zəngəzurun zəngin mədəni irsini əks etdirmək məqsədi daşıyır. Burada yerli sənətkarların əsərləri, bölgənin tarixi və etnoqrafiyası ilə bağlı eksponatlar sərgilənir. Qalereya həm də mədəni tədbirlər və sərgilər üçün yaradıcı platformadır.

Daha sonra qonaqlar “Lacinema” mərkəzinə baş çəkiblər. Qeyd edilib ki, kino mərkəzi musiqili və bədii tədbirlərin keçirildiyi məkana çevrilib. Bayram və əlamətdar günlər ərəfəsində mərkəzdə bir çox mədəni tədbirlər təşkil edilir.

Diplomatlar burada Laçının işğal zamanı çəkilən görüntülərini və azad edildikdən sonra görülən bərpa-quruculuq işlərini özündə əks etdirən videoçarxa baxıblar. Prezidentin xüsusi nümayəndəsi Məsim Məmmədov Laçın haqqında təqdimatla çıxış edib.

Diplomatik korpus nümayəndələrinin Laçın səfəri Seyrangahda davam edib. Burada qonaqlar Laçın şəhərinə açılan mənzərəyə baxıb, Laçının yenidən abadlaşdığına şahid olublar.

Laçında fəaliyyətə başlayan mərkəzlərdən biri – "Gilabi Ceramics” də səfər iştirakçılarının marağına səbəb olub, burada ərsəyə gələn əl işlərinin sərgisinə baxış keçirilib. Sonra qonaqlar Həkəri çayının Laçın şəhər mərkəzindən keçən sahilində olub, çaya balıq buraxıblar.

Səfər iyunun 21-də Şuşada davam edəcək.

XQ



Son xəbərlər