“Ermənistanın imzalanacağı gözlənilən sülh sazişi ilə bağlı Azərbaycana qarşı irəli sürdüyü iki əsas tələb daha çox formal xarakter daşıyır və erməni ictimaiyyətinin sakitləşdirilməsinə xidmət edir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycanın konstitusiyasında guya İrəvana qarşı ərazi iddialarının olması və ATƏT-in Minsk qrupundan sülh sazişinin imzalanmasından sonra buraxılmasına dair fikirləri əsassız və məntiqsizdir. Onun aqumentlərində heç bir tezis olmadığı üçün sübut kimi qiymətləndirilə bilməz. Bu, sadəcə, uğursuz siyasi manevrdir. Sanki İrəvan Azərbaycanın əsaslandırılmış tələblərinin qarşısına “əliboş” çıxmamaq üçün çürük, paslı silahlardan istifadə edir”.
Bunu saytımıza açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.
O qeyd edib ki, Mirzoyanın çıxışı onun Antalya Diplomatiya Forumu çərçivəsində "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusunda panel müzakirəsinə hazırlıqsız gəldiyini göstərir: “O, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun güclü məntiqi, ağlabatan arqumentləri qarşısında acizliyini nümayiş etdirdi. İddialarının heç birinin diskussiyadan “sağ çıxmaq” şansı yox idi. Ceyhun Bayramov çox yerində qeyd etdi ki, Ermənistandan fərqli olaraq Azərbaycan Konstitusiyasında Ermənistana qarşı heç bir ərazi iddiası yer almır. Əgər belə bir fakt olsaydı Ermənistan tərəfi mütləq bu məsələni qaldırardı. Rəsmi Bakı haqlı olaraq bəyan edir ki, konstitusiya dəyişikliyi olmadan Ermənistanla sülh müqaviləsinin imzalanması məntiqsizdir. Belə ki, heç bir beynəlxalq razılaşma ölkənin əsas qanunu olan Konstitusiyaya zidd ola bilməz. Bu baxımdan sülh müqaviləsində Azərbaycanın ərazi bütövlüyü tanınsa belə, o, Ermənistan Konstitusiyasına zidd olacağı üçün hüquqi qüvvəsi sual altında qalacaq. Belə bir şəraitdə Ermənistanla tələsik sülh sazişi imzalamaq nə dərəcədə doğrudur?”
Millət vəkilinə görə, Ermənistanın müstəqillik bəyannaməsində konkret olaraq göstərilir ki, “qondarma dağlıq qarabağ şurasının 1989-cu ildə qəbul etdiyi qondarma “birləşmə” – “miatsum” qərarı yerinə yetirilməlidir”. Bu iddialardan rəsmi şəkildə imtina edilmədiyi müddətdə sülh sazişinin imzalanmasından söhbət gedə bilməz. görünür, konstitusiya dəyişikliyi olmadan imzalanacaq sülhün də davamlılığı daim sual altında olacaq. Ermənistan hakimiyyəti rəsmi Bakının tələblərini ona görə yerinə yetirmir ki, ölkədəki revanşist qüvvələrdən çəkinir. Düşünürlər ki, belə bir addım atsalar, erməni ictimai rəyində kök salmış “hakimiyyət Bakının qarşısında geri çəkilir” təəssüratını təsdiq etmiş olarlar. Ona görə də çıxış yolunu “Azərbaycan da kontitusiyasını dəyişdirsin” tələbini irəli sürməkdə görürlər. Mirzoyan Azərbaycanın konstitusiyada hansı maddənin Ermənistan üçün “zərərli” olduğunu deməsə də, güman ki, bu, 1991-ci ildə qəbul edilən Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinaddır. Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan olunması nədənsə İrəvanı narahat edir. İrəvanda qorxurlar ki, rəsmi Bakı varis kimi AXC ərazilərinin bərpa edilməsinə çalışa bilər. Bunun hüquqi tərəflərini şərh etmək hüquqşünasların işidir. Bildiyim qədər Azərbaycan Konstitusiyasında heç bir ölkənin ərazisinin adı çəkilməyib. Ölkə rəsmiləri də ən yüksək səviyyədə qeyd ediblər ki, Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Olsaydı, bunu 2020-ci il Vətən müharibəsində həyata keçirərdik. Ermənistanla şərti sərhədə çatandan sonra müharibəni dayandırdıq və bütün dünyaya sübut etdik ki, biz işğalçı deyil, öz ərazi bütövlüyümüz uğurunda savaşan dövlətik”.
ATƏT-in Minsk qrupunun buraxılmasına gəldikdə isə M.Vəliyeva bildirdi ki, əgər Ermənistan münaqişəni bitmiş hesab edirsə, Minsk qrupunun buraxılması müraciətinə imza atmalıdır: “Ermənistan Minsk qrupu kartınını Azərbaycanla alver etmək üçün əlində saxlayır ki, bu da çox uğursuz gedişdir. Ermənistan Azərbaycanla sülh sazişi imzalamaqda səmimi olduğunu sübut etməlidir, ancaq təəssüflər olsun hələ ki, biz bunu görmürük”.