Azərbaycanlı alimlər Avropada İttifaq təsis ediblər

post-img

Azərbaycanlı mühəndislər tərəfindən Almaniyada təşəbbüs qrupu tərəfindən “Avropa Azərbaycanlıları Mühəndislər İttifaqı” (AAMİ) rəsmi olaraq təsis edilib. 1 fevral 2025-ci il onlayn formatında keçirilən təsis iclasında qurumun nizamnaməsi qəbul olunub və idarə heyəti seçilib.

Bu barədə “Xalq qəzeti”-nə Almaniya Baltik-Net Cəmiyyətinin İdarə Heyətinin sədri, professor Yaşar Musayev məlumat verib.

İttifaqın İdarə heyətinin sədri, Texnika Elmləri Doktoru, Yaşar Musayev, sədr müavinləri isə texnika elmləri doktoru Rafiq Hüseynov və Rauf Abdullayev seçiliblər. İclasda, həmçinin müxtəlif sahələr üzrə İdarə Heyətinin məsul koordinatorları seçiliblər.

İttifaqın məqsədi Avropada yaşayan Azərbaycan əsilli mühəndislər arasında əlaqələri gücləndirmək, Almaniyada çalışan mühəndis və elmi-texniki mütəxəssislərin Azərbaycanın təhsil, sənaye,  istehsalat və elmi- texnologiya sahələrinə dəstəyini koordinasiyalı təşkil etmək, elmi-texniki biliklərin inkişafına töhfə verməkdir. Bununla yanaşı, ittifaq Avropada mühəndislik sahəsindəki mütəxəssislərin qarşılıqlı mübadiləsini həyata keçirmək, azərbaycanlı mühəndislərin Almaniya və Avropada daha məqsədyönlü şəkildə fəaliyyət göstərməsinə, eləcə də Azərbaycanda elm, təhsil və texnologiyanın inkişafına töhfə verməsinə yardım etmək məqsədi daşıyır.

Azərbaycanın texnologiya və innovasiya sahəsində inkişafına töhfə verməyi hədəfləyən ittifaq, həmçinin gənc mühəndislərin potensialını üzə çıxarmaq və müxtəlif mühəndislik layihələrinə dəstək olmaq niyyətindədir.

İttifaqın nizamnaməsi və digər təsis sənədləri Almaniya qanunvericiliyinə uyğun olaraq tərtib edilib və tezliklə Almaniyada müvafiq qanunvericilik əsasında qeydiyyata alınacaq.

Anar ƏLİ,
XQ

Son xəbərlər