Baş Prokurorluğun illik hesabatı

post-img

Yanvarın 27-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda 2024-cü ildə prokurorluq orqanları tərəfindən bütün fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Baş prokuror Kamran Əliyev prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlərə və statistik göstəricilərə istinad etməklə hesabat dövründə respublikada kriminogen durumun nəzarətdə saxlanıldığını, daxili işlər, dövlət təhlükəsizliyi və digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunduğunu, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində zəruri tədbirlərin görüldüyünü qeyd edib. Vurğulanıb ki, 2024-cü ildə ölkə ərazisində 33 min 379 cinayət qeydə alınmaqla onların 87,6 faizinin açılması təmin olunub, ümumilikdə ölkə üzrə cəmi 17 min 155 cinayət işinin istintaqı tamamlanıb ki, bunlardan 1086-sı prokurorluq orqanlarında istintaq edilib. 

Bu müddət ərzində prokurorluq orqanları tərəfindən 735, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 13 min 551 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib ki, ibtidai istintaqı tamamlanmış cinayət işləri və bəraətverici əsaslar olmadan rədd edilən materiallar üzrə ümumilikdə 913 milyon 744 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək onun 31 faizinin, yəni 283 milyon 411 min manat hissəsinin ödənilməsinə nail olunub. 

Prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşan cinayət işləri üzrə ümumilikdə 170 milyon 958 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 44 faizinin, yəni 75 milyon 300 min manat hissəsinin ödənilməsinə nail olunub, habelə 33 milyon manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyulub. 

Xüsusi qeyd edilib ki, “Elektron prokurorluq” informasiya sistemi artıq prokurorluq orqanlarının bütün fəaliyyət sferalarında tətbiq edilir, bununla yanaşı 2024-cü ildə həmin sistem üzərindən həyata keçirilən xidməti fəaliyyətin təkmilləşdirilməsi istiqamətində zəruri işlərin icrası davam etdirilməklə, ümumilikdə, 19 yeni modulun istifadəyə verilməsi və “EPİS”in digər informasiya sistemlərinə inteqrasiyası istiqamətində intensiv işlərin icrası təmin edilib. 

Hesabat dövründə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən 61 şəxs barəsində 27 cinayət işinin ibtidai istintaqı aparılmaqla baxılması üçün məhkəmələrə göndərilib, bunlardan 5 şəxs barəsində 2 iş qəsdən adam öldürmə faktları ilə bağlı olub. 

Kollegiya iclasında daxili işlər, dövlət təhlükəsizliyi və ədliyyə orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalan qeyri-aşkar şəraitdə törədilən 6 qəsdən adam öldürmə cinayətlərinin açılması təmin edilməklə hesabat dövründə onlardan 2-si üzrə təqsirli şəxslərin məhkəmə məsuliyyətinə verildiyi xüsusi vurğulanıb.

Ötən ildə prokurorluq orqanları tərəfindən 1869 apellyasiya və 587 kassasiya protestləri verilib, 843 apellyasiya protesti və 127 kassasiya protestləri təmin olunmaqla nəticədə məhkəmə səhvlərinin aradan qaldırılması təmin olunub. 

2024-cü ildə istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarətin səmərəliliyinin artırılması məqsədilə prosessual rəhbərlik və effektiv nəzarətin həyata keçirilməsini təmin edəcək mexanizmin təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülməklə cinayət işləri üzrə icraata xitam verilməsinə dair 894 qərar əsassız və qanunsuz hesab edilərək ləğv olunub, habelə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlar tərəfindən 255 halda ittiham aktları təsdiq edilməyərək cinayət işləri əlavə istintaq aparılması üçün qaytarılıb. 

Cinayət təqibindən kənar icraatlarla əlaqədar inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyətinə malik qurumlarla işgüzar əlaqələrin qurulması təmin olunmaqla yanaşı, prokurorluq orqanları tərəfindən inzibati xəta haqqında işlər üzrə 3 min 561 icraat başlanıb, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında digər qurumlar tərəfindən qəbul edilən 122 qərar ləğv edilib.

Qeyd edilib ki, Baş Prokurorluğun “961 Çağrı Mərkəzi”nə 2024-cü ildə daxil olan müraciətlərdən 29 min 747 müraciət üzrə vətəndaşlara onları maraqlandıran müvafiq hüquqi izahlar verilib, 4 min 426 məlumat isə cinayət xarakterli olduğu üçün qeydə alınaraq araşdırılması aidiyyəti struktur qurumlara tapşırılıb və həmin məlumatlar üzrə cinayət işləri başlanıb, habelə müvafiq prokuror təsir aktları qəbul edilməklə zəruri tədbirlər görülüb. 

Kollegiya iclasında bildirilib ki, ötən ildə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb, aparılan xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 19 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib. Onlardan 11-nə töhmət və ya şiddətli töhmət elan edilib, 7 nəfər vəzifədən azad olunub, bir nəfər rütbədən məhrum edilməklə prokurorluq orqanlarından xaric edilib.

Hesabat dövründə prokurorluq orqanlarının beynəlxalq nüfuzunun artırılması istiqamətində xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələr genişlənib, Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin həyata keçirdiyi tədbirlərlə 51 nəfər təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası təmin edilib.

Daha sonra Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Elçin Məmmədov, müavinləri Elmar Camalov və Heydər Məmmədov hesabat dövründə fəaliyyət, bu zaman yol verilmiş nöqsanlar və onların aradan qaldırılması istiqamətində görülməli tədbirlər barədə, Samux, Ağcabədi və Şuşa rayon prokurorları hesabat dövründə görülmüş işlərlə bağlı, Kadrlar idarəsinin rəisi Natiq Hüseynov isə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq icrası həvalə olunan vəzifələrə təyinatlara razılıq verilməsi ilə bağlı məruzələrlə çıxış edib, məruzələr ətrafında fikir mübadiləsi aparılmaqla, qarşıda duran vəzifələrə dair tapşırıqlar verilib.

Baş prokuror cari ildə prokurorluq orqanları əməkdaşlarının qarşıda duran vəzifələrin icrasında öz bilik və peşə bacarıqlarını bütünlüklə səfərbər edəcəklərinə əminliyini ifadə edib.

XQ

 



Son xəbərlər