Ümummilli lider Baş Prokurorluqda anıldı

post-img

Dekabrın 11-də Baş Prokurorluqda müstəqil və müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Əvvəlcə Baş Prokurorluğun rəhbərliyi Ümummilli liderin büstü önünə gül dəstələri qoyub.

Baş prokuror Kamran Əliyev bildirib ki, Azərbaycanın qurucusu, dövlətçilik salnaməsinin banisi, ulu öndər Heydər Əliyev Azərbaycan xalqının, dövlətinin tarixində və taleyində silinməz izlər buraxıb, ölkəmizin müstəqilliyini təmin edərək, xalqımıza böyük gələcək perspektivləri açıb: 

“Ulu öndər Heydər Əliyevin qətiyyəti və ağır əməyi sayəsində sovetlər birliyi dönəmində sosial-iqtisadi böhran keçirən Azərbaycan 1970–1980-ci illərdə İttifaqın ən qabaqcıl respublikalarından biri olub. Ümumilikdə 1969–1982-ci illərdə Ümummilli liderin təşəbbüsü və ciddi səyləri nəticəsində ölkəmizdə yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradılıb, 250-dən çox İttifaq miqyaslı sənaye müəssisələri fəaliyyətə başlayıb”.

Baş prokuror vurğulayıb ki, həmin illərdə Ulu öndərin fəaliyyəti nəticəsində xalqın milli mənlik şüurunun, mədəniyyətinin və dilinin inkişafına güclü təkan verən silsilə tədbirlərin icrası sayəsində milli oyanışın, eləcə də Azərbaycanın gələcək müstəqilliyinin təmininə yönələn milli mübarizə ruhunun əsası qoyulub. 

Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova “Heydər Əliyev: qanunvericiliyin inkişafında tarixi missiya” mövzusunda çıxış edib, “Müstəqil Azərbaycanın böyük uğurlarında Heydər Əliyevin rolu” sənədli filmi nümayiş olunub.

XQ

 

Son xəbərlər