Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan tərəfinin etirazlarına baxmayaraq, Azərbaycanın Ermənistana qarşı iddiasına, o cümlədən minalarla bağlı faktlara mahiyyəti üzrə baxmağa qərar verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Beynəlxalq Ədalət Məhkəməsi bu gün təsdiq edib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin onilliklər boyu işğalı zamanı etnik təmizləmə və digər irqi ayrı-seçkilik aktları ilə bağlı Azərbaycanın Ermənistana qarşı iddiası davam etdiriləcək.
Məhkəmə, həmçinin Ermənistanın mina və mina tələlərinin yerləşdirilməsi ilə bağlı iddiaları Məhkəmənin yurisdiksiyasından çıxarmaq cəhdini də rədd edib. Ermənistanın mina aktlarının qurbanları üçün ədaləti təmin etmək həyati əhəmiyyət kəsb edir, bu say faciəvi şəkildə bu günə qədər artmaqda davam edir", - o bildirib.