Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı, ICESCO-nun dəstəyi ilə şəhərdə keçirilən “Şuşa şəhərinin İslam memarlıq irsi“ adlı simpoziumun açılış mərasimində Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov, UNESCO-nun nümayəndəsi Pietro Laureano, ICESCO rəsmisi Bilal Çələbi çıxış edərək, Şuşa memarlığının özəlliyindən danışıb, İslam dünyası memarlığının tarixi və önəmi baxımından bu tədbirin memarlıq sahəsinin inkişafı üçün böyük töhfə olacağını bildiriblər.
Rəsmi hissədən sonra simpozium panel müzakirələrlə işini davam etdirib. Sessiyalarda “Tarixi şəhər toxumasının regenerasiyası”, “Abidələrin müasir həyatı” mövzularında təqdimatlar, moderator və auditoriya müzakirələri olub. Memarlar təcrübələrini bölüşərək, fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, simpoziumda Azərbaycanla yanaşı, Türkiyə, Misir, BƏƏ, Tunis, Keniya, İordaniya, İtaliya, Mərakeş, Səudiyyə Ərəbistanı və Böyük Britaniyadan olan 80-dən çox memar iştirak edir. Simpoziumun ilk günü – oktyabrın 11-də Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İcraçı direktoru Tural Novruzov və qoruğun memarları əcnəbi memarları Şuşa şəhərinin tarixi-memarlıq abidələri, bərpa olunan məscidləri, qala divarları ilə yaxından tanış ediblər. Qədim tarixi mədəniyyət abidələri ilə zəngin olan Şuşa şəhərinin bərpası istiqamətində bu gün həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri və abadlıq, quruculuq, yenidənqurma işlərinin davam etdirilməsi barədə qonaqlara geniş məlumat verilib, şəhər gəzintisi təşkil olunub.
XQ