Naxçıvan Dövlət Universitetində “İxracyönlü sənayenin inkişafı: sənayeləşmə siyasəti və infrastruktur təchizatları” mövzusunda respublika elmi konfransı keçirilib.
Əvvəlcə Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr edilən sərgiyə baxış olub. Məclisin açılışında Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qeyd edib ki, bu gün ali məktəblərin qarşısına qoyulan tələblər və əsas meyarlar iqtisadiyyat və sənayeləşmə ilə bağlıdır. Bu baxımdan konfransın mahiyyətini yüksək qiymətləndirən rektor universitetin İqtisadiyyat fakültəsində ixtisasların və strateji hədəflərin əmək bazarının tələblərinə uyğun qurulması istiqamətində işlərin davam etdiyini bildirib. Onun sözlərinə görə, ali təhsil ocağının sahibkarlıq müəssisələri ilə qurulan səmərəli əməkdaşlıqları imkan verir ki, təhsilalanlar əmək bazarının tələblərinə uyğun kadr kimi formalaşsın.
Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavin Abbas İsmayılov Azərbaycanda ixracyönlü sənayenin inkişafı ilə bağlı həyata keçirilən islahatların və sosial inkişaf üçün yeniliklərin əhəmiyyətindən danışıb. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun baş direktoru Nazim Müzəffərli rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verərək, iqtisadi sahədə aparılan elmi tədqiqatlardan bəhs edib. Alim Naxçıvan Dövlət Universiteti ilə iqtisadiyyat sahəsində birgə əməkdaşlığın əhəmiyyətindən danışıb.
“Ləzzət Group” MMC-nin sahibkarı Teymur Rzayev 1995-ci ildən etibarən dünyanın bir çox ölkəsi ilə əməkdaşlığı olan şirkətin keçdiyi inkişaf yolundan, muxtar respublika iqtisadiyyatına verdiyi töhfədən bəhs edib. Qeyd olunub ki, şirkətin Naxçıvan Dövlət Universiteti ilə sıx əlaqələri mövcuddur və ali təhsil ocağının məzunları müəssisədə səmərəli fəaliyyət göstərirlər.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun professoru Fuad Qənbərovun “Zəngəzur dəhlizinin Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına təsiri”, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq ticarət və menecment kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Cavadxan Qasımovun “Naxçıvan Muxtar Respublikasında ixracyönlü sənayenin inkişafı yeni iqtisadi reallıqlar müstəvisində” mövzusunda çıxışları dinlənilib.
Konfransda Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına həsr olunan videoçarx izlənilib. Sonra Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb.
Konfrans ənənəvi və onlayn formatda 3 elmi bölmədə 6 panel müzakirələrlə işini davam etdirib, 20-yə yaxın ali təhsil müəssisəsinin elm adamları tərəfindən 44 mövzu ətrafında elmi məqalələrin mühazirəsi dinlənilib.
Səbuhi HƏSƏNOV
XQ-nin Naxçıvan müxbiri