Davamlı inkişafın uğurları
Naxçıvan Muxtar Respublikasında ilin 9 ayı ərzində görülmüş işlərə dair hesabat yığıncağında iqtisadiyyat nazirinin müavini Abbas İsmayılov qazanılmış uğurlardan və qarşıdakı ayların önəmli vəzifələrindən söz açıb.
Natiq bildirib ki, 9 ayda özəl sektorun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilib. Belə ki, hesabat dövründə sahibkarlara 76 lisenziya verilib, büdcəyə 43,6 min manat vəsait ödənilib. Ötən ilin eyni dövrü ilə müqayisədə Muxtar Respublikada vergi daxilolmaları 36,9 milyon manat və ya 30,6 faiz, məcburi dövlət sosial sığorta daxilolmaları 8,7 milyon manat və ya 8,2 faiz, işsizlik sığortası fonduna daxilolmalar 313,2 min manat və ya 11,1 faiz, icbari tibbi sığorta daxilolmaları 2,7 milyon manat və ya 14,9 faiz artıb.
Nazir müavini əlavə edib ki, ilin əvvəli ilə müqayisədə 1 oktyabr 2024-cü il tarixə vergi ödəyicilərinin sayı 32,6 faiz artaraq 20 min 553olub. 1 yanvar 2023-cü illə müqayisədə aktiv VÖ-nin sayı 61,8 faiz, qeydiyyatda olan obyektlərin sayı 21,4 faiz, ƏDV ödəyicilərinin sayı 78,1 faiz, qeydiyyatda olan Online NKA sayı 73,3 dəfə, qeydiyyatda olan aktiv POS-terminalların sayı 4,2 dəfə, aktiv bank hesablarının sayı 23,6 faiz artıb. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş Naxçıvan şəhəri, Şərur, Ordubad və Babək rayonlarında vergi ödəyicilərinə xidmət mərkəzlərinin istifadəyə verilməsi vaxtından əvvəl tam icra edilib və vergi ödəyicilərinin istifadəsinə verilib.
Ötən dövr ərzində muxtar respublikanın müvafiq qurumları tərəfindən verilmiş 3307 icazə reyestrdə qeydiyyata alınıb. Qeydiyyata alınmış icazələr ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,8 dəfə, verilmiş icazələrdən büdcəyə daxilolmalar isə 2,1 dəfə artıb.
Səbuhi HƏSƏNOV
XQ-nin Naxçıvan müxbiri