“Sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilər ölkəmizin bütün ərazisində keçiriləcək və bu baxımdan strateji əhəmiyyət daşıyır”.
XQ “Secki 2024” Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin sədri Məlahət Qurbanova bildirib.
M.Qurbanova qeyd edib ki, seçki prosesi ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan hadisədir: “Konkret desək, ölkənin gələcəyini müəyyənləşdirən faktorlardan biridir. Bu baxımdan, seçkilərin yüksək standartlara uyğun şəkildə keçirilməsi, seçki prosesinə yaradılan şərait çox mühüm amildir. Hazırda Azərbaycanda bu aktivliyi müşahidə etmək mümkündür. Dövlətin seçki prosesinin sağlam və yüksək təşkilatçılıq standartlarına uyğun şəkildə keçirilməsi üçün yaratdığı şərait diqqətəlayiqdir”.
Mərkəz sədri bildirib ki, seçkilərin həmçinin azad edilmiş torpaqlarımızda keçirilməsi fərqli və qürurverici hisslər yaradır: “Bütün bunlar Vətən müharibəsindəki və ötən ilin sentyabrında lokal xarakterli antiterror tədbirlərindəki qəti qələbəmizdən sonra yaranmış siyasi və tarixi reallığın nəticəsidir. Hesab edirəm ki, sentyabrın 1-nə təyin edilmiş parlament seçkilərində demokratik ab-hava və yüksək seçici fəallığı müşahidə olunacaq və Azərbaycan siyasi sferasında yeni önəmli səhifə açılacaq”.
XQ