UNESCO dünyanın müxtəlif yerlərində etiraz aksiyalarını işıqlandıran jurnalistləri müdafiə etməyə çağırıb

post-img

UNESCO dünyanın müxtəlif yerlərində etiraz aksiyalarını işıqlandıran jurnalistləri müdafiə etməyə çağırıb.

AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, UNESCO-nun bəyanatında son aylarda dünyanın müxtəlif yerlərində etiraz aksiyalarını işıqlandıran çoxsaylı jurnalistlərin öz peşə vəzifəsini yerinə yetirərkən müxtəlif formada hücumlara, o cümlədən qətllərə, xəsarətlərə, əsassız həbslərə, avadanlıqlarının müsadirəsinə məruz qaldıqları bildirilib.

UNESCO xatırladıb ki, bütün aidiyyəti orqanlar beynəlxalq normalara və insan hüquqları öhdəliklərinə uyğun olaraq dünyada etiraz aksiyalarını işıqlandıran jurnalistlərin təhlükəsizliyini təmin etmək vəzifəsi və məsuliyyəti daşıyır. “Sülh dövründə olduğu kimi, böhranlı vəziyyətlərdə də jurnalistlər vətəndaşlar üçün təsdiqlənmiş informasiyaların mühüm həyati vasitələrdir. Onlar demokratik həll yolları olan ictimai müzakirə və dialoqa da töhfə verirlər. Hakimiyyətlər beynəlxalq ifadə azadlığı standartlarına uyğun şəkildə etirazları işıqlandıran jurnalistlərin təhlükəsizliyinə zəmanət verməlidir”, - deyə bəyanatda vurğulanıb.

2024-cü ilin mayında Ümumdünya Mətbuat Azadlığı Günü ərəfəsində dərc olunan UNESCO-nun ekoloji problemləri işıqlandıran jurnalistlərin təhlükəsizliyinə dair hesabatında son 15 ildə dünyada 194 jurnalistin, media qruplarının ətraf mühitlə bağlı etirazlar kontekstində hücuma məruz qaldığı qeyd edilib.

UNESCO bildirib ki, təşkilatın monitorinq qrupu jurnalistlərə qarşı hücum və təhdid hallarını izləyir. Təşkilat, həmçinin qlobal maarifləndirmə və bacarıqların artırılması yolu ilə və BMT-nin Jurnalistlərin Təhlükəsizliyi və Cəzasızlıq Problemi üzrə Fəaliyyət Planının icrasını əlaqələndirir və media nümayəndələrinin təhlükəsizliyi məsələsini təşviq edir.

Dünya