Milli mətbuatımızın 149 illiyi və 22 İyul Milli Mətbuat və Jurnalistika Günü münasibətilə media nümayəndələri iyulun 19-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Azərbaycan milli mətbuatının banisi, "Əkinçi" qəzetinin naşiri və redaktoru, Azərbaycan milli məfkurəsinin əsaslarını yaradanlardan biri olan Həsən bəy Zərdabinin məzarı önünə əklil və tər güllər qoyulub, böyük mütəfəkkirin xatirəsi ehtiramla yad edilib.
***
Həmin gün Medianın İnkişafı Agentliyinin, Audiovizual Şuranın və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Millli Mətbuatımızın 149 illiyinə həsr olunan tədbir keçirilib. Açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov bildirib ki, müxtəlif dövrlərdə yoluna və ənənələrinə sadiq qalan Azərbaycan mətbuatı ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı, həssaslığı, jurnalistlərlə əsl dost münasibəti ilə inamla addımladı.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid çıxışında bildirib ki, Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş milli mətbuatımız bütövlükdə Azərbaycanın taleyinə təsir göstərmiş hadisədir. Rəşad Məcid Prezident İlham Əliyevin Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş mətbuata diqqət və qayğı siyasətinə sistematik məzmun qazandırdığını vurğulayıb.
Azərbaycan Respublikası Audiovizual Şurasının üzvü Bəxtiyar Qaraca da jurnalistikanın daşıdığı missiyanın cəmiyyət həyatında müstəsna əhəmiyyət kəsb etdiyini deyib. O, jurnalist peşəkarlığı amilini ön plana çəkərək diqqətə çatdırıb ki, hazırkı informasiya daşıyıcıları bolluğunda bu, başlıca meyardır.
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, Mətbuat Şurasının sədr müavini Vüqar Zifəroğlu çıxışında vurğulayıb ki, Prezident İlham Əliyev Heydər Əliyev şəxsiyyətinin yoluna sadiqliyini nümayiş etdirərək mətbuatın müasir dövrün tələbləri əsasında fəaliyyətinin təşkilini, jurnalist əməyinin stimullaşdırılmasını prioritet seçdi.
MEDİA Agentliyinin şöbə müdiri Səbinə Seyidova bildirib ki, Azərbaycan dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan COP29-a ev sahibliyini reallaşdıracaq. Ölkəmizin bu nüfuzlu konfransa sədrlik etdiyi dövrdə, “Yaşıl dünya naminə həmrəylik ili” ərzində həyata keçirilən çoxsaylı tədbirlərin əsas şüarına çevrildi. Medianın İnkişafı Agentliyi də iqlim dəyişmələrinə qarşı mübarizədə həmrəylik ideyasını əsas götürərək bu ilin may ayında “Yaşıl dünya naminə media həmrəyliyi” müsabiqəsini elan etdi. Şöbə müdiri müsabiqə barədə məlumat verərək qaliblərin adlarını açıqlayıb.
MEDİA-nın şöbə müdiri Mehriban Məmmədova isə agentliyin “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ilə birgə həyata keçirdiyi “Medialab” layihəsi çərçivəsində elan edilən “Kreativ Media – Bakı” məzmun müsabiqəsindən söz açıb. "AzərGold" QSC-nin İctimaiyyətlə əlaqələr və marketinq departamentinin müdiri Leyla Sadıxova isə diqqətə çatdırıb ki, müasir medianın çağırışlarına uyğun, gənc, enerjili, istedadlı və ən əsası bacarıqlı jurnalistlərin yetişdirilməsinə töhfə vermək əhəmiyyətlidir və MEDİA mövcud istiqamətdə mühüm işlər gerçəkləşdirir. “Medialab” layihəsi çərçivəsində elan edilən “Kreativ Media - Bakı” məzmun müsabiqəsi də bunlardan biridir. O, müsabiqənin “Dağ-mədən sənayesində yaşıl həllər: iqlim, texnologiya və innovasiyalar” mövzusunun spesifikliyini, müasir dövrün çağırışları ilə səsləşdiyini, müsabiqə iştirakçılarının mövzulara orjinal və yaradıcı yanaşdıqlarını diqqətə çatdırıb.
Mərasimdə müsabiqə çərçivəsində nəticələr açıqlanıb və qalib seçilən 20-yə yaxın gənc mükafatlandırılıb.
Medianın İnkişafı Agentliyinin, Audiovizual Şuranın və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə millli mətbuatımızın 149 illiyinə həsr olunmuş toplantı bədii hissə ilə davam etdirilib.
XQ