“Makroniada”nın növbəti seriyası

post-img

Ermənistanın bölgədəki maraqları Parisin vecinə də deyil 

Müsyö Makron yenə “gül” ağzını açaraq Şərqə hədyanlar yağdırıb. İşğalçı ölkəni “sülhsevər”, müharibə cinayətkarlarını “hərbi əsirlər” adlandırmaqdan utanmayan, separatçılara qucaq açan Fransa prezidenti “kiçik bacısı”nın təəssübünü çəkməkdən usanmır. Onun Birləşmiş Krallığın Vudstok şəhərində keçirilən Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində düzənlənən mətbuat konfransında Azərbaycanın ünvanına söylədiklərini növbəti sərsəmləmə kimi diqqətdən kənarda qoymaq olardı. Amma və lakin... 

Yelisey sarayının müvəqqəti kirayəni­şini ərz edir ki, 2020-ci ildə Azərbaycan Ermənistana qarşı “dəhşətli” müharibəyə başlayıb. Küçədə üzünə tüpürülən, başı­na yumurta çaxılan, Afrikadan qovulan, parlament seçkilərini uduzan bir dövlət başçısının ağlının çaşmasına təəccüb­lənməyə dəyməz. Əgər belə olmasaydı, o, “dəhşətli müharibənin” baş verdiyi mə­kanı səhv salmaz, onun Ermənistanda deyil, Azərbaycan ərazisində getdiyinin fərqinə varardı. Üstəlik, pozulmuş yad­daşına onu da salardı ki, Azərbaycan suveren torpağının bir parçasında sepa­ratizmə son qoyub. Həm də beynəlxalq hüququn norma və qaydalarına riayət etməklə. 

Amma Fransa XXI əsrdə “separatçı­larla mübarizə” bəhanəsi ilə müstəmləkə­də saxladığı kiçik dövlətlərə, xalqlara qar­şı, az qala, inkvizisiya cəzası tətbiq edir. Bu biabırçılığa qol qoyan ölkə Azərbay­canı separatçılara qarşı mübarizə apar­maqda qınayır. Əslində, Makron Azər­baycanın təbii hüququnu tanımırsa, bu, artıq onun şəxsi problemi, daha doğrusu, kəmsavadlığıdır. O, jurnalistlərə açıqla­masının sonunda, “qələtini malalamaq” üçün bundan sonra da Ermənistanla Azərbaycan arasında sülhə dəstək verə­cəyini bəyan edib. İkiüzlülüyün yüksək markası! Bu gün nə Azərbaycanın, nə də Ermənistanın kənar dəstəyə ehtiyacı var. Parisin sülh prosesinə ən böyük dəstəyi çəkilib kənarda durması, tərəflərə mane olmamasıdır. Əgər Paris daşnak-revan­şist təxribatçıları qızışdırmasa bu iki ölkə sülhə daha tez gələr. 

* * *

Rəsmi Bakı Fransa prezidentinin siyasi məntiqdən və sağlam diploma­tiyadan uzaq bəyanatına cavabını çox gözlətmədi. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Emmanuel Makronun mətbuat konfransında Azərbaycanla bağlı söylədiyi fikirləri alt-üst edib. Fran­sa prezidentinin Avropa Siyasi İcmasının Zirvə toplantısında Ermənistanın hər­biləşdirmə siyasətinə haqq qazandıran və Azərbaycana qarşı açıq qərəzli mövqe nümayiş etdirən fikirlərinin Parisin region­da gərginlik yaratmaq və sülh prosesinə mane olmaq cəhdlərinin daha bir bariz nümunəsi olduğu vurğulanan açıqlama­da bəzi mətləblər xatırladılıb. Nəzərinə çatdırılıb ki, Azərbaycan suveren ərazilə­rində Ermənistanın 30 il davam edən iş­ğalına son qoymaq, özünün suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün apardığı müharibə ölkəmizin beynəlxalq hüquq çərçivəsində legitim hüququ idi. “Azərbaycanın istənilən səyi, o cümlə­dən hərbi potensialının gücləndirilməsi ədalətli məqsədə yönəlib və yönəlmək­dədir. Amma, bunu işğalçı dövlət olan Ermənistana münasibətdə söyləmək ol­maz”,– deyilən şərhdə XİN rəsmisi qeyd edir ki, bir milyona yaxın azərbaycanlını doğma yurd-yuvasından didərgin sal­mış, kütləvi qırğınlar və insanlığa qarşı cinayətlər törətmiş Ermənistanın Fransa tərəfindən sülhsevər ölkə kimi təqdim edilməsi onun həm vasitəçilik dövründə, həm də 44 günlük Vətən müharibəsindən sonra apardığı siyasətin nə qədər ədalət­siz olduğunun nümayişidir.

Azərbaycan XİN-in açıqlamasında Makrona o da xatırladılır ki, münaqişə­nin sülh yolu ilə həllinə töhfə verməyən, Ermənistanın Azərbaycan ərazilərinin iş­ğalına son qoymağın qarşısını alan məhz Fransa kimi dövlətlərin Ermənistanın 30 ilə yaxın müddətdə təcavüzünü ört-bas­dır edən siyasəti olub. 

* * * 

ATƏT-in Minsk qrupunun həmsədri statusunda münaqişəni dinc yolla nizam­lamaq əvəzinə, onu dondurmaq üçün min oyundan çıxan rəsmi Parisin sülhə xidmət etməyən, regionda sabitliyi po­zan səylərinin faydası olmayacaq. Necə ki, Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin sülh sazişinin imzalanması üçün irəli sürdüyü əsas şərti yerinə yetirməyi uzat­dığına görə görüşdən yayınıb. Bakının mövqeyi hamıya bəllidir: sülh sazişinin imzalanması üçün Ermənistan konstitu­siyasında Azərbaycana ərazi iddalarını əks etdirən bəndlər çıxarılmalıdır! Bunu beynəlxalq hüquq da diktə edir. Əgər Paşinyan sülh və əməkdaşlıq istəyirsə, bu addımı atmalıdır. Əks-təqdirdə böl­gəyə nə arzulanan sülh gələcək, nə də gözlənilən əməkdaşlığa start veriləcək. Bu halda Ermənistan yenə də regional layihələrdə iştirakdan məhrum, deməli, həm də çoxmilyardlıq gəlirdən məhrum qalacaq. Belə məlum olur ki, Paris məhz bu pessimist perspektivdə maraqlıdır. “Kiçik bacısının” gələcək taleyi onu qətiy­yən düşündürmür.

Bunu yazmışdıq, indi bir daha təkrar edirik: Fransanın Ermənistana göndərdi­yi hücum silahları sülhə yox, müharibəyə xidmət edir. Elə iki gün əvvəl Paşinyanı İlham Əliyevlə görüşdən yayındıranın da Emmanuel Makron olduğunu söyləyənlər var. Paşinyanın beynini dolduran, onu ölkəsinin maraqlarına xidmət edəcək addımlardan çəkindirən məhz Makron Fransasıdır.

Elxan ŞAHİNOĞLU, 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik

– Fransa prezidenti Emmanuel Makron Cənubi Qafqaz siyasətini kor­rektə etmək istəmir. Onun son təxri­batçı çıxışı buna dəlalət edir. Makro­nun sözlərinə görə, guya, Fransa Ermənistana ona görə hərbi texnika göndərir ki, bu ölkə özünü Azərbay­candan qoruya bilsin. 30 ilə yaxın tor­paqlarımız işğal altında olanda Ermə­nistanın qorunması Fransanın yadına düşmürdü, torpaqlarımızın 20 faizinin işğalını “reallıq” kimi qəbul edirdilər. Elə ki, Azərbaycan torpaqlarını azad etdi, ərazi bütövlüyünə nail oldu, Fransa əl-ayağa düşdü, vay-şivən qoparmağa başladı ki, Ermənistanı qorumaq lazımdır. Ermənistanı Azər­baycanla sülhə təşviq etmək əvəzinə, konstitusiyada başqalarının ərazisinə iddianın beynəlxalq hüquqa zidd oldu­ğunu anlatmaq əvəzinə Paris İrəvana sanki ürək-dirək verir: “Möhkəm ol, Azərbaycan və Türkiyə ilə razılaşma, silah-sursatı biz göndərəcəyik”. 

Makron deyib ki, baş nazir Nikol Paşinyanın Azərbaycana hücum et­mək planı yoxdur. Həqiqətən Paşinyan o durumda deyil ki, bu barədə düşün­sün. O, İkinci Qarabağ müharibəsində elə zərbə almayıb ki, yeni müharibəyə hazır olsun. Söhbət Paşinyandan yox, baş nazirin etiraf etdiyi, ordusundakı “5-ci kolondan”, Yerkpara kimi terrorçu təşkilatların varlığından gedir. Onlar Azərbaycana qarşı təxribatları ilə yad­da qalıblar. 

Düşünürük ki, Nikol Paşinyanın Londonda Avropa Siyasi Birliyinin 4-cü zirvə toplantısı çərçivəsində Azərbay­can Prezidenti İlham Əliyevlə görüş­dən imtinasının arxasında elə Makron dayanır. Rəsmi London iki lideri gö­rüşdürmək üçün çox çalışdı. Çünki Nikol Paşinyan və İlham Əliyev fev­ralda Berlində Təhlükəsizlik Konfran­sı çərvəsində Almaniya Kansleri Olaf Şoltsun iştirakı ilə görüşüblər. Bundan sonra Vaşinqtonda NATO sammiti çər­çivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan dövlət katibi Anto­ni Blinkenin iştirakı ilə üçtərəfli görüş keçiriblər. London da Avropa toplantı­sı çərçivəsində fürsətdən istifadə edib Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil etmək istəyirdi. Bu, Böyük Britaniyaya Cənubi Qafqazda maraqlı olduğunu, o cümlədən Bakı ilə İrəvan arasında Berlin və Vaşinq­ton qədər moderatorluğunu göstər­mək üçün idi.

Yeganə HACIYEVA, 
Mətbuat Şurası İdarə Heyətinin üzvü, beynəlxalq münasibətlər üzrə ekspert 

– Əvvəlcə onu deməliyəm ki, Azərbaycan mediasının beynəlxalq arenada müdafiə mövqeyindən hücum taktikasına keçməsi təqdir olunası haldır. Fransa rəhbərliyinin Cənubi Qafqazda baş verən pro­seslərə yanaşmasına gəldikdə isə deməliyik ki, rəsmi Paris özünün əvvəlki yanlış mövqeyindən hələ də əl çəkməyib. Emmanuel Makron Ermənistanı silahlandırmaqla, eyni zamanda, bölgədə sabitliyi pozma­ğa yönəlik fəaliyyəti dəstəkləmək­lə məşğuldur. Ümumiyyətlə, otuz ilə yaxın müddətdə qonşusunun torpaqlarını işğalda saxlayan bir ölkəyə silah göndərməklə rəsmi Paris regionda silahlanma yarışına rəvac verir. Bunun perspektivi di­gər qonşu dövlət – Gürcüstan üçün də arzuolunmaz nəticələrə gəti­rib çıxara bilər. Axı, Ermənistanın Gürcüstanın Cavaxetiya vilayətinə qarşı da ərazi iddiaları var. Yəni, güclənmiş Ermənistanın günlərin bir günü həmin bölgəyə hücum etməyəcəyindən Tbilisi də sığorta­lanmayıb. Bu mənada bölgə döv­lətləri Emmanuel Makronun Cənu­bi Qafqazda təhlükəsizliyə təhdid yaradan məqsədyönlü təxribatçı siyasətindən narahat olmalıdırlar. Yəni, bu, təkcə Azərbaycana deyil, region ölkələrinin hamısına aiddir. 

Makronun açıqlamasında nəzərə çarpan digər mənfi məqam regionda əməkdaşlıq üçün risklərin formalaşması təhlükəsidir. O da nəzərə alınmalıdır ki, işğal faktoru hələ də Ermənistan cəmiyyətinin ideoloji zəmini, onları birləşdirən ideyadır. Bu mənada Emmanuel Makronun bölgədə Azərbaycanın yaratdığı reallığı təhrif etməklə, beynəlxalq hüququn əleyhinə fikir­lər səsləndirməsi bölgədə həssas sabitliyə zərbə vurmaq məqsədini güdür.

İmran BƏDİRXANLI
XQ





Siyasət