Namizədlər sənədlərini DSK-ya təqdim edirlər

post-img

Bu il sentyabrın 1-də keçiriləcək parlament seçkilərinə hazırlıq işləri davam edir. Deputat mandatı qazanmaq uğrunda mübarizə gündən-günə güclənir. Artıq bir neçə gündən sonra deputatlığa namizədlər zəruri olan seçki sənədlə­rini DSK-lara təqdim etməyə başlayacaqlar. Bu, Mərkəzi Seçki Komissiyasının “Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda da öz əksini tapıb.

Seçki Məcəlləsinə əsasən, irəli sü­rülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyət­li nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək müvafiq seçki komissiyası­na irəli sürülmüş namizədin müdafiə­si üçün toplanmış seçici imzaları olan imza vərəqələrini, seçici imzaları top­lanmasının yekunu haqqında Mərkəzi Seçki Komissiyasının müəyyənləşdir­diyi formada tərtib edilmiş protokolun 2 nüsxəsini, Məcəllənin 53.3-cü və 54.8-ci maddələrinə uyğun olaraq na­mizəd haqqında təqdim edilmiş mə­lumatlarda dəyişikliklər barədə bildi­rişi, namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumatı, mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumat və namizədin ilkin maliyyə hesabatını (seçici imzaları toplanmasının təşkilinə sərf edilən və­sait haqqında məlumatlar göstərilmək­lə) təqdim etməlidir. 

İşğaldan azad edilmiş ərazilərdə əlavə seçki məntəqələri formalaşdırılıb

İşğaldan azad edilmiş ərazilərdə məskunlaşan, eləcə də uzunmüddət­li bərpa, tikinti-quruculuq və abadlıq işlərində çalışan çoxsaylı seçicilərin seçki hüquqlarının təmin edilməsi pri­oritet vəzifələrdəndir. Keçmiş məcbu­ri köçkün soydaşlarımızın dədə-baba yurdlarına qayıtmaları nəticəsində hə­min ərazilərdə məskunlaşanların sayı getdikcə çoxalır. Bu baxımdan həmin ərazilərdə yeni seçki məntəqələrinin yaradılması zərurətə çevrilib.

MSK sədrinin müavini Rövzət Qası­mov bildirib ki, azad olunmuş ərazilər­də 8 əlavə seçki məntəqəsinin yara­dılması qərara alınıb. Növbədənkənar parlament seçkilərində 34 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək. R.Qa­sımovun sözlərinə görə, azad olunmuş ərazilərdə müvəqqəti seçki məntəqələri də yaradılacaq.

Azad edilmiş ərazilərdə prezident seçkilərində 26 daimi, 21 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərmişdi.

ATƏT Azərbaycanda seçkiləri müşahidə edəcək

Azərbaycanda keçirilən seçkilər həmişə beynəlxalq aləmin diqqət mərkəzində olub. Bu il keçiriləcək növ­bədənkənar parlament seçkilərinin də böyük maraq doğuracağı istisna deyil. ATƏT PA-nın mətbuat xidmətinin yay­dığı məlumatda bildirlir ki, qurumun nümayəndələri sentyabrda keçiriləcək parlament seçkiləri ilə bağlı müşahi­dəçilər missiyasının formalaşdırılması üçün hazırlıq işlərinə başlayıb.

Məlumatda bildirilir ki, ATƏT PA seçkilərə dəvət aldığını təsdiqləyib və missiya göndərməyi planlaşdırır. Təş­kilati işlərə yenicə başlanılıb. Müşahi­dəçilərin sayı son qeydiyyat tarixindən sonra, yəni seçki gününə bir neçə həftə qalmış müəyyən ediləcək. Həmçinin qeyd edilib ki, seçki günü ATƏT PA missiya rəhbərlərinin iştirakı ilə mətbu­at konfransı keçirəcək.

17 siyasi partiyanın səlahiyyətli nümayəndəsi təsdiqlənib

MSK-dan verilən məlumata görə, sentyabrın 1-də keçiriləcək növbə­dənkənar parlament seçkilərində iştirak etmək üçün indiyədək 156 nəfər depu­tatlığa namizədliyini irəli sürüb. Onlar­dan 71 nəfərin namizədliyinin irəli sü­rülməsi təsdiqlənib.Bir nəfər öz ərizəsi ilə seçkilərə qatılmaqdan imtina edib.

MSK 17 siyasi partiyanın 458 səla­hiyyətli nümayəndəsini təsdiqləyib.

Artıq seçkiləri izləmək istəyən mü­şahidəçilər də müraciət edirlər. Bu vax­ta qədər 128 nəfər müşahidə aparmaq üçün müraciət edib və onlar müsbət cavab alıblar. 

Hazırladı:
Əliqismət BƏDƏLOV
XQ

Son xəbərlər