29-30 iyun 2024-cü il tarixlərində Baku Flame Towers, Fairmont hoteldə Azərbaycan Rinoloqlarının II Beynəlxalq Konqresi keçirilib. Konqresin əsas məqsədi otorinolarinqologiyada burun estetik əməliyyatları, o cümlədən burun ətrafı ciblərin endoskopik sinus cərrahiyyəsi sahəsində olan ən yeni nailiyyətləri müzakirə etmək, xüsusilə gənc nəsil həkimlərimizin inkişafına, elmi-praktik biliklərinin artırılmasına töhfə verməkdir. Konqres Azərbaycan Səhiyyə Nazirliyi Elmi Tibbi Şurası tərəfindən 20 DTT kredit balı ilə akkreditasiya olunub.
“Rinologiyanın inkişafına Dəstək və Azərbaycan Otorinolaringologiya” cəmiyyətlərinin birgə həyata keçirdiyi Konqresin elmi proqramı rinologiyanın müxtəlif problemlərinə həsr olunub. Belə ki, rinoplastika, endoskopik sinus cərrahiyyəsi, buruna dolğu-botoks prosedurlarının icrası, fəsadlaşmalar, fəsadlaşmalardan qaçınma yolları bütün incəliklərinə qədər ələ alınaraq müzakirə edilib.
Konqresin 1 -ci günü panel və məruzələrdən, 2 -ci günü isə həm məruzə, həm də canlı cərrahiyyədən -rinoplastika (ErenTaştan) və Endoskopik Sinus Cərrahiyyəsi (Babür Küçük, Süha Beton) üzrə masterklassdan ibarət olmuşdur. Konqresdə məşhur professor Eren Taştanilk dəfə Azərbaycanda RİNOPLASTİKA FƏLSƏFƏSİ VƏ CANLI CƏRRAHİYYƏ KURSU verib. O, rinoplastika əməliyyatını bütün incəlikləri haqqında çıxış edib və canlı əməliyyat, əməliyyat texnikaları birbaşa izlənilib.
Azərbaycanın təcrübəli həkimləri, həm də Türkiyənin məhşur universitet və klinikalarında tədris verən professor-müəllim heyəti tərəfindən həyata keçirilən konqresdə cərrah mütəxəssislər öz təcrübələrini, bilik və bacarıqlarını bölüşüblər. Dermatokosmetoloq İlker Yörük və patoloqanatom professor Selçuk Tunalı burunda təhlükəli zonalar, dolğu-botoks fəsadlaşmaları və s. məqamları bütün detallarıyla anladaraq master-klass veriblər.