Azərbaycanın Müstəqillik Günü Gürcüstanda silsilə tədbirlərlə qeyd olunur.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilati dəstəyi ilə paytaxt Tbilisidə və Gürcüstanın müxtəlif bölgələrində Müstəqillik Günü ilə əlaqədar bayram tədbirləri təşkil olunub.
Mayın 28-də Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, eləcə də səfirliyin əməkdaşları, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, şirkətin əməkdaşları, bu ölkədə fəaliyyət göstərən azərbaycanlı iş adamları, ictimai xadimlər Tbilisidə Heydər Əliyev adına parka gələrək müasir müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Liderin abidəsinin önünə əklil və gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Tədbir iştirakçıları sonra şəhərin Botanika bağında yerləşən, görkəmli azərbaycanlıların panteonunda Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Fətəli xan Xoyski və Həsən bəy Ağayevin xatirəsini anıblar.