UNEC-də Türk Universitetlər Birliyinin iclası

post-img

Dünən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) sədrliyi ilə Türk Universitetlər Birliyinin (TÜRKÜNİB) 7-ci Baş Assambleyasının iclası öz işinə başlayıb. Beynəlxalq məclisdə türk dövlətlərindən 50-dək universitetin rektoru, elm və təhsil nümayəndəsi iştirak ediblər.

UNEC-in rektoru professor Ədalət Muradov iştirakçıları salamlayaraq, UNEC-in TÜRKÜNİB-ə sədrliyi dövrün­də gördüyü işlər barədə təqdimatla çıxış edib. O bildirib ki, 2024-2025-ci il üçün elm, təhsil və sosial sahələr üzrə bir çox tədbir və layihələri əhatə edən Yol Xəritə­si Layihəsi hazırlanaraq, TÜRKÜNİB-in Baş Assambleyasına təqdim edilib. 

Rektor daha sonra TÜRKÜNİB-in Türk Dövlətləri Təşkilatı qarşısındakı statusu, mübadilə proqramlarının maliyyələşdiril­məsi, TÜRKÜNİB-ə üzvlüyün kriteriyaları, daimi fəaliyyət göstərən strukturun yara­dılması, eləcə də yeni texnologiyaların elm və təhsildə yaratdığı fürsətlərdən yararlanmaq və ehtimal olunan təhdidlər­dən qorunmaq məqsədilə birgə fəaliyyət mexanizmlərinə ehtiyacın olub-olmama­sı barədə müzakirələrin aparılmasının vacibliyindən danışıb. UNEC rəhbəri bu­günkü iclasda üzvlüklə bağlı 60 universi­tetin müraciətinə baxılacağını və birliyin gələcək fəaliyyəti üçün əhəmiyyətli olan məsələlərin müzakirə ediləcəyini bildirib.

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev təşkilatın gördü­yü işlərdən və qarşıda duran vəzifələrdən söz açaraq qeyd edib ki, TÜRKÜNİB-ə üzv olmaq üçün bir çox universitetin mü­raciəti təşkilata artan marağı nümayiş et­dirir. Türk Dövlətləri təhsil nazirlərinin iyun ayında Şuşada keçiriləcək 8-ci iclası bu təkliflərin qəbul edilməsi və TÜRKÜNİB-in daha da institusionallaşdırılması baxımın­dan mühüm əhəmiyyət kəsb edir”-deyə baş katib bildirib.

Azərbaycan təhsil nazirinin müavini Həsən Həsənli Türk dünyası dövlətləri ilə elm və təhsil sahəsində həyata keçirilən əməkdaşlıqdan və əldə olunan müsbət nəticələrdən söz açıb. O, Assambleya­da veriləcək qərarların bu əməkdaşlığın daha da genişləndirilməsinə və möh­kəmlənməsinə zəmin yaradacağını bil­dirib. Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Şahin Mustafayev TÜRKÜNİB-də əlaqələndirmə mərkəzi­nin qurulmasının səmərəli ola biləcəyini söyləyib, rəhbərlik etdiyi akademiya­nın əməkdaşlığın inkişafına hər zaman dəstək göstərəcəyini diqqətə çatdırıb.

Sonra Baş Assambleya öz işini mü­zakirələrlə davam etdirib. İclasda TÜR­KÜNİB-ə üzv olan universitetlərin elm və təhsil sahəsində proqramlarının uyğun­laşdırılması, mübadilə proqramlarının sayının artırılması, diplomların ekviva­lentliyinin tanınması və s. istiqamətlərdə müzakirələr aparılıb. TÜRKÜNİB-ə müra­ciət etmiş 60 universitet birliyə üzv qəbul olunub və beləliklə üzvlərin sayı 109-a çatdırılıb.

XQ



Son xəbərlər