Siyasi partiyaların növbəti dialoqu

post-img

Siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdiril­məsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Ko­missiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə mayın 16-da görüş təşkil olunub. 

Bu barədə verilən məlumatda qeyd olunur ki, görüşdə çıxış edən Prezident Administrasiyası­nın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev dövlət siyasətində demokratik prinsip və dəyərlərə daim sadiq qalan Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr ara­sında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühitinin təş­viq olunduğunu bildirib, bu istiqamətdə indiyədək görülmüş çoxsaylı işlər barədə ətraflı məlumat verib. 

Şöbə müdiri siyasi partiyaların cəmiyyətdə artan rolunu ölkəmizdə formalaşmaqda olan yeni siyasi konfiqurasiyanın əsas elementlərindən biri kimi xü­susi vurğulayaraq təşkil olunmuş görüşün, həmçinin siyasi partiyaların mövcud potensialının dövlət si­yasətinin və ictimai münasibətlərin daha da inkişa­fına yönəldilməsi imkanlarının genişləndirilməsinə xidmət etdiyini bildirib. Ə.Vəliyev sağlam əməkdaş­lığın, milli həmrəyliyin sabitliyi və dayanıqlı inkişafı təmin edən amillərdən olduğunu diqqətə çatdırıb.

Sonra tədbirdə müxtəlif dövlət orqanlarının nü­mayəndələri çıxış edərək “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn məsələlər barədə təmsil etdikləri orqanların aidiyyəti üzrə gördüyü işlər barədə məlumat veriblər. Ədliyyə Nazirliyinin nümayəndəsi siyasi partiya üzvlərinin reyestrinin aparılması, siyasi partiyalarla iş üzrə fər­di kabinetdən istifadə, qanunvericiliyin pozulmasına görə məsuliyyət, Maliyyə Nazirliyinin nümayəndəsi siyasi partiyalarda mühasibat uçotunun aparılması, siyasi partiyalara dövlət maliyyə yardımının ayrılma­sı, Mərkəzi Seçki Komissiyasının nümayəndəsi siyasi partiyaların maliyyə hesabatı, siyasi partiyalar tərə­findən ianələrin qəbul olunması, Hesablama Palata­sının nümayəndəsi isə siyasi partiyalara dövlət büd­cəsindən ayrılmış maliyyə yardımının xərclənməsinin yoxlanılması kimi məsələlərə aydınlıq gətiriblər.

Daha sonra siyasi partiyaların nümayəndələri çıxış edərək müzakirə olunan mövzulara münasibət­lərini bildiriblər. Cəmiyyəti narahat edən məsələlərin daha təkmil həlli yollarının müəyyənləşdirilməsində siyasi partiyaların mühüm rol oynaya biləcəyi nəzərə çatdırılaraq milli maraqlar və milli birliyin qorunma­sı naminə ölkənin bütün vətənpərvər və intellektu­al qüvvələrinin səfərbər olmasının vacibliyi, habelə mövcud dialoq mühitinin qorunub saxlanılmasının əhəmiyyəti vurğulanıb.

Tədbir dövlət orqanlarının təmsilçiləri tərəfindən siyasi partiya nümayəndələrinin çoxsaylı suallarının cavablandırılması və müzakirələrlə davam edib.

İştirakçılar bu qəbildən olan tədbirlərin mütəmadi təşkilinin və hər bir siyasi qüvvənin belə təşəbbüs­lərdə fəal iştirak etməsinin faydalı olacağını diqqətə çatdırıblar. 

Tədbirdə aşağıdakı siyasi partiyaların nümayən­dələri iştirak ediblər:

Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ana Vətən Partiyası, Ədalət, Hüquq, De­mokratiya Partiyası, Böyük Quruluş Partiyası, De­mokratik İslahatlar Partiyası, Vəhdət Partiyası, Azər­baycan Demokratik Maarifçilik Partiyası, Milli Cəbhə Partiyası, REAL Partiyası, Haqq Ədalət Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Ümid Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbay­can Xalq Partiyası, Böyük Azərbaycan Partiyası, Ədalət Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, AĞ Partiyası, Azad Vətən Partiyası, Müasir Müsavat Partiyası, Gələcək Azərbaycan Partiyası, Yeni Zaman Partiyası, Müsa­vat Partiyası.

XQ

Son xəbərlər