Qayıdış Proqramının icra monitorinqlərinin nəticələri

post-img

Mayın 15-17-də Nazirlər Kabinetinin Aparatının rəhbəri Rüfət Məmmədovun rəhbərliyi ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası ilə bağlı 2023-cü ildə və 2024-cü ilin 4 ayı ərzində aparılan monitorinqlərin nəticələrinə dair müşavirə keçirilib. 

Tədbirdə Dövlət Proqramının icrası ilə bağlı aidiyyəti dövlət qu­rumlarının rəhbərlərinin müavin­ləri və digər məsul şəxslər iştirak ediblər. 2023-cü il və cari ilin 4 ayı üzrə monitorinq hesabatları təqdim olunub, təkliflər dinlənilib və Dövlət Proqramının növbəti mərhələdə qarşıda duran və­zifələrinin icrasına dair müza­kirələr aparılıb.

Müzakirələr zamanı müşahi­də olunan əsas çətinliklər və növ­bəti müddətdə diqqət yetirilməli istiqamətlər vurğulanıb, Dövlət Proqramının icrası müddətində həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr, aparılan quruculuq işlərinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonla­rının sürətlə dirçəlməsini, əhalinin dayanıqlı məskunlaşmasını təmin edəcəyi qeyd olunub. 

Müşavirədə, həmçinin Nazir­lər Kabinetinin 2023-cü il 13 de­kabr tarixli 942s nömrəli Sərənca­mı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024-2026-cı illərdə əhalinin məşğulluq imkan­larının artırılmasına dair Tədbir­lər Planı”nın icrası ilə əlaqədar əhalinin qayıdış ardıcıllığı nəzərə alınmaqla məşğulluq imkanlarının qiymətləndirilməsi, vakansiyalar üzrə işin aparılması, peşə təhsi­linin və hazırlığının təşkili, ictimai işlərə və özünüməşğulluq proq­ramına cəlb edilməsi və digər bu kimi aktiv proqramların dəstəklən­məsi istiqamətində işlərin icrası­nın gedişi barədə də müzakirələr aparılıb.

Dövlət Proqramının icrasına nəzarət işlərinin operativ və da­yanıqlı həlli üçün aidiyyəti dövlət qurumlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.

XQ

Son xəbərlər