Parlament sədrlərinin növbəti görüşü
Cenevrədə Parlament Sədrlərinin VI Ümumdünya Konfransı Təşkilat Komitəsinin 1-ci iclası çərçivəsində Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin ikinci görüşü keçirilib.
Görüşdə Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları fonunda iki ölkənin parlamentlərinin sülh prosesinə necə dəstək verə biləcəyi ilə bağlı məsələlərin müzakirəsi davam etdirilib.
Görüş konstruktiv atmosferdə keçib. Tərəflər parlamentlər arasında dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.
Milli Məclisin Pİ ilə Anlaşma Memorandumu
İsveçrənin Cenevrə şəhərində Azərbaycan Respublikası Milli Məclisi ilə Parlamentlərarası İttifaq arasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası – COP29 çərçivəsində Parlament görüşünün təşkili ilə əlaqədar Anlaşma Memorandumu imzalanıb. Sənədi Milli Məclisin Sədri Sahibə Qafarova və Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq imzalayıblar.
Mərasimdə çıxış edən Sahibə Qafarova sənədin əhəmiyyətini qeyd edərək deyib ki, bu, COP29 çərçivəsində keçiriləcək tədbirlərə parlament platformasında dəstək verəcək. Onun sözlərinə görə, bu tədbir parlamentarilərə fikir mübadiləsi aparmağa və iqlim dəyişikliyi ilə mübarizədə təkliflərlə və yeni fikirlərlə çıxış etməyə imkan yaradacaq.
O bu sənədin Milli Məclis ilə aparılan danışıqlar nəticəsində ərsəyə gəldiyini bildirərək parlament görüşünün parlament diplomatiyası və qlobal çağırışlara qarşı birgə mübarizə baxımından da tarixi bir hadisə olacağını söyləyib.
BMT-nin Cenevrə ofisində görüş
Cenevrədə işgüzar səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarova BMT-nin bu şəhərdəki ofisinin Baş direktoru Tatyana Valovaya ilə görüşüb.
BMT-nin Cenevrədəki ofisindəki “Azərbaycan otağı”nda keçirilən görüşdə bu təşkilatla ölkəmiz arasında münasibətlərə dair müzakirələr aparılıb. Qeyd edilib ki, Azərbaycan BMT və onun institutları ilə yaxından əməkdaşlıq edir. Görüşdə müasir qlobal çağırışların həllində parlament ölçüsünün əhəmiyyəti diqqətə çatdırılıb.
“Azərbaycan otağı”nın Heydər Əliyev Fondu tərəfindən bərpa olunduğu vurğulanaraq, fondun çoxşaxəli fəaliyyəti yüksək qiymətləndirilib, o cümlədən, Heydər Əliyev Fondunun BMT-nin layihələrində fəal iştirakı təqdir edilib.
Spiker bu sessiya çərçivəsində Parlamentlərarası İttifaqla Milli Məclisin birgə təşkilatçılığı ilə keçiriləcək parlament konfransı haqqında da məlumat verib.
Görüşdən məmnunluğunu bildirən BMT-nin Cenevrədəki ofisinin Baş direktoru Tatyana Valovaya Azərbaycanın BMT üçün bir sıra istiqamətlərdə əməkdaşlıq baxımından mühüm tərəfdaş olduğunu diqqətə çatdırıb.
Baş direktor Azərbaycanın COP29-a evsahibliyi etməsindən məmnunluğunu ifadə edərək ölkəmizin “yaşıl enerji” sahəsində atdığı uğurlu addımların əhəmiyyətini vurğulayıb.
Əliqismət BƏDƏLOV
XQ