Parisdə Beynəlxalq Enerji Agentliyinin qərargahında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş “COP29 – BEA enerji keçidi yüksək səviyyəli dialoq” mövzusunda konfrans keçirilib.
Toplantıda müxtəlif ölkələrin aidiyyəti nazirləri, COP26, COP27, COP28 və COP29-un prezidentləri, beynəlxalq təşkilatların rəhbərləri, Fransada akkreditə olunmuş müxtəlif ölkələrin səfirləri iştirak ediblər.
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev və Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol konfransa həmsədrlik ediblər.
Fatih Birol konfransı açaraq tədbirin əhəmiyyətindən danışıb. Muxtar Babayev BEA-nın təşkil etdiyi Zirvə toplantısında Afrika ölkələri üçün təmiz yemək hazırlamaq təşəbbüsünü dəstəkləyən ölkələrə təşəkkür edib. Bildirib ki, 2024-cü ilin Afrikada təmiz yemək bişirmək üçün dönüş nöqtəsinə çevrilməsinə verilən töhfələr əhəmiyyətlidir. Azərbaycan bu uğuru möhkəmləndirməyə və COP29-da bu səyləri davam etdirməyə sadiqdir. Beynəlxalq müqavilələri milli fəaliyyətə çevirdikcə Beynəlxalq Enerji Agentliyi kimi tərəfdaş agentliklərin dəstəyinə ehtiyac olacaq.
COP29-un prezidenti diqqətə çatdırıb ki, COP29 sədrliyi ambisiyaları artırmaq və hərəkətə keçmək üçün planının iki istiqamətini ötən ay Berlində təqdim edib. Bu iki istiqamət qarşılıqlı olaraq bir-birini möhkəmləndirir. Hər bir ölkə qlobal istiləşmənin 1,5 dərəcəyədək məhdudlaşdırılması məqsədinə çatmaq üçün ehtiyac olan maliyyələşməni müəyyənləşdirərək milli planlarını tərtib etməlidir. Milli planların düzgün siqnallar verməsinə əmin olmaq üçün onların iddialı və həyata keçirilə bilən olması mütləqdir. Milli planlar möhkəm təməllərə əsaslanmalı və milli inkişaf strategiyası çərçivəsində qurulmalıdır. Milli planlar dəstəyi istiqamətləndirmək üçün investisiya portfeli kimi xidmət etməli və şəffaflıqla müşayiət olunmalıdır.
Konfransda 40 nəfər çıxış edərək iqlim dəyişikliyi, yaşıl enerjiyə keçid ilə bağlı fikir və təkliflərini səsləndirib. Tədbirdə Azərbaycanın bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkə olduğu vurğulanıb.
XQ