Xarici İşlər naziri Ceyhun Bayramov mayın 15-də ölkəmizdə səfərdə olan Belarusun Xarici İşlər naziri Sergey Aleynik ilə görüşüb.
Ceyhun Bayramov və həmkarı Sergey Aleynik arasında keçirilən təkbətək görüş daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Görüşdə Azərbaycan və Belarus arasında mövcud strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, Belarus Prezidentinin ölkəmizə planlaşdırılan dövlət səfərinə hazırlıq məsələləri, habelə regional vəziyyət müzakirə olunub.
Tərəflər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 ildən artıq müddət ərzində iqtisadiyyat, ticarət, emal sənayesi, kənd təsərrüfatı, nəqliyyat, turizm, əczaçılıq, yüksək texnologiyalar, humanitar və sair istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin formalaşmasını məmnunluqla qeyd ediblər.
İki ölkənin liderləri arasında intensiv təmasların mövcud siyasi dialoqun inkişafında müstəsna rolundan bəhs edən C.Bayramov Belarus Prezidentinin ölkəmizə dövlət səfərinin, habelə səfər çərçivəsində müxtəlif sahələr üzrə sənədlərin imzalanacağının əhəmiyyət kəsb etdiyini bildirib.
***
Suriyanın münaqişə bölgələrinə getmiş 5-i uşaq və 3-ü qadın olmaqla 8 vətəndaşımızın Azərbaycan Respublikasının Hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində mayın 14-də ölkəmizə repatriasiyası həyata keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən bildirilib ki, Azərbaycan Hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş vətəndaşlarımızın repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək.
XQ