(fəlsəfi yanaşma)
(əvvəli https://xalqqazeti.az/az/siyaset/178892-amea-nin-yenilesme-kursu-dovletcilik)
Beləliklə, II məqalənin son tezisinin məzmununda iki aspekt sıx qarşılıqlı əlaqədə ifadə edilmişdir. Birinci aspekt hər bir AMEA əməkdaşının araşdırma sərbəstliyi ilə alim məsuliyyətinin nisbətini ölkənin strateji inkişaf kursunun ruhuna uyğun müəyyən etməsi ilə əlaqəlidir.
İkinci aspekt AMEA-nın yeniləşmə kursunun aktuallığı fonunda onun maliyyələşməsini fundamental olaraq yeniləşdirmək zərurətini ifadə edir. Bu ehtiyac AMEA rəhbərliyinin dövləti maraqları mərkəzi məqsəd kimi qəbul edərək, olduqca yüksək fəallıq göstərməsi fonunda çox təbii görünür. Çünki ölkəmiz, müstəqilliyimiz və dövlətçiliyimiz naminə ölkənin baş elmi təşkilatının fəallıq təşəbbüsü maliyyə cəhətdən də dəstəklənməlidir.
Bundan əlavə, vurğulanan iki aspekt daxilində bir sıra mühüm faktorlar da mövcuddur. Məsələnin fəlsəfi tərəfi üzərində bir qədər geniş dayanmaq lazım gəlir.
Kollektiv məsuliyyət
Kollektiv məsuliyyəti nəzəri zərurətdən praktiki fəaliyyət faktoruna çevirmək asan məsələ deyil. Burada uzun müddət formalaşmış bir sıra psixoloji sindromları, elmi fəaliyyətin təşkilindəki müəyyən statikliyi, həm də tədqiqatları ölkənin inkişaf kursunun şərtlərinin tələb etdiyi istiqamətlərə davamlı yönəltməyi nəzərə almaq gərəkdir.
Psixoloji sindromlar
Yeniləşmə kontekstində psixoloji sindromların müəyyən qismi haqqında öncəki məqalələrdə bəhs etmişik. Burada insanın yeniləşməyə, ümumiyyətlə, əmin olması məsələsi xüsusi əhəmiyyət kəsb edir. Yəni, allim əmin olmalıdır ki, həqiqi mənada elmi təşkilatda yeniləşmə aparılır. Gedən proseslər hər hansı şəxsi maraqlara xidmət etmir və keçici deyildir. Öncəki mərhələlərdə də analoji addımlar atıldığı haqqında AMEA rəhbərləri fikir bildirmişlər, lakin bu, həm qısa müddətli olmuş, həm də real prosesdən çox imitasiyanı xatırlamışdır. Bu gedişat istər-istəməz əməkdaşlarda yeniliyin real olmasına inamsızlıq da yaratmışdır. Lakin bu cür yanaşmada ciddi bir qüsur və yanlışlıq vardır. Çünki indiki proseslərə dövlət başçısının və AMEA rəhbərliyinin real addımları kontekstində yanaşmaq düzgündür. Keçmişdəki qısamüddətli təcrübələr həmin mərhələnin bir sıra reallıqları ilə əlaqəli müsbət sonuc verməmişdir (köklü və davamlı yeniliklər baxımından).
Ancaq son 20 ildə Prezidentin elmlə bağlı çağırışlarına və dəvətlərinə baxdıqda görürük ki, dövlət başçısı qətiyyətlə bu sferada vəziyyəti dünya standartları səviyyəsinə yüksəltməkdə israrlıdır. İlham Əliyevi lider kimi fərqləndirən keyfiyyətlərdən biri məhz əsaslı, sistemli, davamlı və qətiyyətlə problemin üzərinə getməsidir. Azərbaycan lideri məsələnin zamanında həll edilməsində çox məharətlidir. Bu baxımdan Prezidentin məhz yeni tarixi mərhələ ilə əlaqədar bir daha alimlərə səslənməsi, onları yüksək inkişaf etmiş Azərbaycan yaratmaqda daha fəal olmağa dəvət etməsi tarixi addımdır! Bəli, Prezident alimləri və bütövlükdə, ziyalıları ölkə üçün fəallığa dəvət etmişdir! AMEA rəhbərliyinin buna reaksiyası necədir?
AMEA rəhbərliyi tam olaraq Prezidentin səslənişini bəyan etmiş və bunu fəallığı ilə təsdiq etməkdədir. Qurumun rəhbəri Prezidentin müəyyən etdiyi inkişaf strategiyasına dəqiq və tam əməl edərək idarəetmədə, elmi fəaliyyətin təşkilində və müxtəlif elmi təşkilatlarla əməkdaşlığı gücləndirməkdə maksimum təşəbbüskar çıxış edir. Aydın görünür ki, AMEA artıq bütün imkanları ilə müstəqil dövlətçiliyin daha da inkişaf etməsi prosesinin yanındadır və elmlə bağlı burada hansı məqamlar varsa, ona yenidən baxmağa hazırdır.
Milli Elmlər Akademiyası kollektiv olaraq dövlət başçısı və təşkilatın rəhbərliyinin bu fəallığı, dəvəti və təşşbükarlığına əsaslanaraq yeniləşmənin gerçəkliyinə, davamlılığına və mütləq uğura hesablandığına inanmalıdır! Şübhə etmirik ki, kollektivin böyük əksəriyyəti məhz bu fikirdədir! Çünki azərbaycanlılar dövlətçiliyi çox sevir və onun uğrunda çalışmaqdan yorulmurlar! Tarix dəfələrlə bunu sübut etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti üçün son qəpiyini xərcləyən kişiləri, gecə-gündüz suverenliyimiz naminə çalışan ziyalıları xatırlaya bilərik.
II Dünya savaşında da bu xalq eyni hərəkətləri etdi. Özünə Vətən saydığı SSRİ-ni qorumaq üçün hər bir fədakarlığa qatıldı. Azərbaycanın bir cəmiyyət olaraq, faşizm üzərində qələbədə ciddi rol oynadığından bu gün də danışırlar. Həmin dövrdə azərbaycanlı qoca, qadın, gənc, uşaq ac qaldı, lakin xilaskarı bildiyi sovet ordusuna əlində olan hər şeyi göndərdi. Azərbaycan alimləri o dövrdə elm, texnika, hərb üçün nələr etmədilər? Arxivlərə baxsaq, gizli sənədlərə diqqət etsək, görərik ki, azərbaycanlılar əsgər kimi hərb meydanında necə döyüşmüşlərsə, alimləri də eyni mücadiləni aparmışlar. Azərbaycan şairi o dövrdə yazırdı ki, “müsəllah əsgərəm mən də bu gündən”.
İndi müstəqillik dövründə Azərbaycan fəhləsi, kəndlisi, siyasətçisi və əsgəri kimi, alimi də böyük fədakarlıq göstərməyə hazırdır! Əslində, AMEA əməkdaşları bu fədakarlığı göstərirlər. II Qarabağ savaşında bütün Azərbaycan kimi, alimlər və müəllimlər də Vətənin “müsəllah əsgəri oldular”. Azərbaycanlı pensiyaçısı son qəpiyini, ayağında cırıq ayaqqabısı ola-ola, orduya verdiyi kimi, Azərbaycan alimi zehninin və psixologiyasının son potensialını da dövlətin müstəqilliyinə və ərazi bütövlüyünün təmininə fəda etməkdən çəknmədi! AMEA əməkdaşlarının ön cəbhədə iştirakını sübut edən faktlar çoxdur! Bununla yanaşı, yaradıcılıq sahəsində də fəaliyyət davam etmişdir!
Azərbaycan ziyalılarının əksəriyyəti həmişə vətənpərvər, vətənsevər olmuşdur və indi də belədir. Bu, bütövlükdə Azərbaycanda ziyalılıq ənənəsindən qaynaqlanır. Burada yaradıcı adamların böyük əksəriyyəti başqa cür ola bilmirlər! Vətən darda olanda AMEA-nın divarları da soyudu! AMEA şəhidin anası ilə birgə ağladı, qazisi ilə qürur duydu! AMEA Azərbaycan Prezidentinin yüksək zəkasını dərk edib, onu alqışlayan böyük təşkilatdır! AMEA həmişə dövlətin yanındadır, lakin bundan sonra daha yüksək səviyyədə fəal olacaqdır! AMEA rəhbərliyi psixoloji sindromlar zəncirini birdəfəlik qırmışdır! Məsuliyyətlə dövlət və millət üçün, cəmiyyətin inkişafı naminə fəaliyyət göstərməyə hazırdır!
Elmi fəaliyyətin təşkilindəki statiklik
Hazırda təşkilat rəhbərliyi bu istiqamətdə ardıcıl addımlar atmaqdadır. Təbii ki, uzun illər formalaşmış araşdırma modellərini qısa müddətdə və davamlı dəyişmək mümkün deyildir. Burada yalnız rəhbərliyin fəallığı kifayət etmir. Hər bir tədqiqat institutu daxilində işə və birgə çalışdığı əməkdaşın yaradıcılığına münasibəti yeniləşməlidir. Nəyi nəzərdə tuturam?
Sirr deyil ki, AMEA-da dərin bilikli alimlər az deyildir. Onlar dünya miqyasında əsərələrini dərc etdirirlər. Müxtəlif beynəlxalq elmi konfranslarda çıxışları maraqla qarşılanır. Təbiət elmləri haqqında deyə bilmərəm, lakin sosial, humanitar və ictimai elmlərdə bu səviyyədə olan alimlərin yaradıcılığına işlədiyi institut da daxil olmaqla, elm camiyəsi lazımi səviyyədə oxumur! Təəssüfedicidirmi? Əlbəttə! Lakin gerçəklikdir! Bu çatışmazlığı aradan qaldırmaq üçün AMEA rəhbərliyi tez-tez məhz Azərbaycan alimlərinin yardıcılığına həsr edilmiş tədbirlər keçirir. Bir neçə institut üçün ortaq mövzularda “dəyirmi masalar”, konfranslar, yubileylər təşkil edir. Bu üsulla istər-iztəməz Azərbacyan alimləri bir-birinin yaradıcılığı ilə real zamanda tanış olurlar. Proses getdikcə genişlənir və öz bəhrəsini verir. Ancaq burada bir özəlliyi vurğulamaq lazımdır.
Məsələ ondan ibarətdir ki, elmi fəaliyyətin təşkil edilməsində uzun müddət statiklik yaradan sindromlardan xilas olmaq üçün alimlərin özlərinin fəal olması zəruridir. O cümlədən, elm aspektində kommunikativ aktivliyi artırmaq, bir-birinin elmi araşdırmaları ilə sistemli və davamlı şəkildə tanış olmaq müasir mərhələdə elmi səmərəlilik üçün mütləq şərtlərdən biridir. Biz, xarici alimlərin bir neçəsinin birləşərək hər hansı məqalə yazdığından ağızdolusu danışırıq və düz də edirik. Elə olur ki, 7-8 alim 10-15 səhifəlik məqalə yazır, lakin orada ideyalar kifayət qədər olur. Aydın görünür ki, bu, formal təqdimat deyildir. Bir-birinin yaradıcılığı ilə yaxından tanış olub, kollektiv kreativlik göstəmək nümunəsidir.
İndi yalnz bir ölkənin bir elmi təşkilatında çalışan alimlər deyil, həm ölkədaxili müxtəlif elmi təşkilatlarda (və təhsil müəssilərində) çalışanlar, həm də coğrafi olaraq bir-birindən çox uzaq olan ölkələrin alimləri arasında ortaq araşdırmaların sayı sürətlə artır. Əgər internetdə axtarış versəniz bunun çox sayda nümunəsini görə bilərsiniz. Koreyalı, avstraliyalı, britaniyalı, braziliyalı, afrikalı, çinli və başqa ölkələrin alimləri birləşib 15 səhifəlik məqalə yazırlar. Burada həm konkret problemə fokuslanmaq, həm də komanda yaradcılıq vərdişini formalaşdırmaq olduqca ciddi əhəmiyyət kəsb edir.
Bu üsulun hətta Nobel mükafatı səviyyəsində layiqli olan yeni elmi kəşflərə gətirib çıxardığı ilə bağlı nümunələr az deyildir. Əslində, son illər yalnız müxtəlif ölkələrin elm adamlarının birgə etdikləri kəşflər Nobel mükafatına layiq görülür. İki misala baxaq.
2021-ci ildə amerikan biokimyaçısı Cenifer Dudna və fransız mikrobioloqu Emmanuel Şarpantye CRISPR/Cas9 genomunu redaktə etmə metodunu kəşf etdiklərinə görə Nobel mükafatına layiq görülmüşlər. Baxaq: ikisi də qadın və biri ABŞ-dan, digəri Fransadan. Biri ingilisdilli, digəri fransızdilli. Onlar Latın Amerikasında bir elmi konfransda tanış olmuşlar və problemi müzakirə etmişlər. Bir-birinin araşdırmaları ilə öncədən tanışlıqları olmuşdur. Və bu əməkdaşlıq bir neçə ildən sonra böyük elmi kəşfə səbəb olmuş və Nobel mükafatı gətirmişdir!
Digər misal. Yenə də 2021-ci ildə fizika üzrə Nobel mükafatını 3 alim almışdır. Onlar yapon S.Manabe, alman K.Hasselman və italyan C.Parizidir. Onların üçü də mürəkkəb sistemləri tədqiqindəki uğurlara görə mükafata layiq görülmüşlər. Yapon S.Manabe və alman K.Hasselman, konkret olaraq, iqlimi mürəkkəb sistem kimi araşdırma nəticəsində əhəmiyyətli nəticə aldıqlarına görə, C.Parizi isə atom səviyyəsindən tutmuş planetar miqyasa qədər fiziki sistemlərdə nizamsızlıq və fluktuasiyaların qarşılıqlı əlaqələrini kəşf etdiyinə görə mükafatlandırılmışdır.
Bu kimi nümunələr kifayət qədərdir. Onlar göstərir ki, həm konkret ölkə daxilində, həm də dünya miqyasında komanda yaradıcılıq fəaliyyəti aparıcılıq təşkil edir və bu zaman mühüm nəticələr alınır.
Eyni məntiqi Azərbaycanda elmi fəaliyyətə proyeksiya etmək olar. Yəni Azərbaycan alimləri arasında yaradıcılıqların nəticələrinin paylaşılması davamlı və mühüm elmi fəaliyyət üsulu kimi təkmilləşməlidir. Bunun üçün, təbii ki, ilk növbədə öz ixtisasına aid araşdırma aparan Azərbaycan aliminin işləri ilə yaxın tanışlıq lazımdır (biz əsasən sosial-humanitar sahəni nəzərdə tuturuq).
Bəs bu istiqamətdə mövcud vəziyyət necədir? Azərbaycan alimləri bir-birinin yaradıcılığı ilə yaxından tanış olurlarmı?
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru