Gərəksiz quruma istinadlar normallaşma prosesinə əngəldir

post-img

Mayın 14-də xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə səfəri çərçivəsində ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ceyhun Bayramov və İan Borq ara­sında təkbətək müzakirələrdən sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib, bir neçə əsas istiqamət üzrə ətraflı müzakirələr aparılıb.

Azərbaycan və Malta arasında siya­si, iqtisadi, humanitar və digər sahələr­də əməkdaşlığın inkişaf perspektivlərinə toxunulub, enerji və turizm kimi sahələr­də münasibətlərin gücləndirilməsi üçün geniş imkanların mövcudluğu qeyd edilib.

Maltanın ATƏT-də sədrliyinin prioritet­ləri arasında ətraf mühit, bağlantılar kimi sahələrin əks olunmasının Azərbaycan tərəfindən müsbət qarşılandığı bildirilib. Xüsusilə Azərbaycanın COP29 sədrliyi ilə Maltanın ATƏT sədrliyinin birgə səylər sayəsində qlobal ətraf mühit dəyişikliyinə reaksiya verilməsində sinerji effekti yara­da biləcəyi diqqətə çatdırılıb.

Avropada təhlükəsizliyin ciddi çağı­rışlarla üzləşdiyi hazırkı dövrdə ATƏT-in regional ölçülü məsələlərin həllində rolu­nu qoruyub saxlaya bilmək üçün özünün hərtərəfli təhlükəsizlik konsepsiyasından və geniş üzvlük coğrafiyasından maksi­mum istifadə etməli olduğu vurğulanıb. Burada suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlə­rin toxunulmazlığı kimi prinsiplərin ATƏT çərçivəsində təhlükəsizliyin təmini, ina­mın bərpası və əməkdaşlıq üçün təməl rolunu oynamalı olduğu xatırladılıb.

Ceyhun Bayramov postmünaqişə dövründə regional vəziyyət, Azərbay­can–Ermənistan normallaşma prosesi barədə maltalı həmkarına ətraflı məlumat verib. Ermənistan–Azərbaycan əlaqələri­nin normallaşdırılması və nəticə etibarilə sülh sazişinin imzalanması üzrə birbaşa ikitərəfli danışıqların irəliyə getmək üçün ən yaxşı yanaşma olduğu bildirilib.

Keçmiş münaqişə dövründə bir sıra ATƏT təsisatlarının Ermənistan ilə Azər­baycan arasında 30 il davam etmiş mü­naqişənin həlli prosesində müvafiq man­dat daşımasına baxmayaraq, hər hansı irəliləyişə nail ola bilmədiyi qeyd olunub. Keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması mövzusu üzrə danışarkən aktuallığını itirmiş təsisatlara istinadlar edilməsinin Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinə xələl gətirdiyi bildirilib.

Postmünaqişə dövründə Azərbaycan tərəfinin tələbatı və müvafiq müraciətinə əsaslanaraq, ölkəmizdə minalardan və partlamamış sursatlardan təmizləmə, eləcə də məcburi köçkünlərin qayıdışını sürətləndirmə işlərinə dəstək verilməsinin vacibliyi vurğulanıb.

Nazirlər daha sonra mətbuat brifinqin­də görüşlərin nəticələrinə dair bəyanat­larla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.

XQ

Son xəbərlər