İşçi qrupunun növbəti iclası Xankəndidə keçirildi

post-img

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclası Xankəndidə keçirilib.

İclasda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəq­liyyat və rabitə infrastrukturu üzrə qarşı­ya qoyulmuş tapşırıqların icrası ilə bağlı görülmüş işlər, hazırda davam edən la­yihələr və gələcək planlara dair aidiyyəti qurumların məlumatları dinlənib, layihələ­rin icrası ilə bağlı cari vəziyyət, qarşıya çıxan çətinliklər və onların həlli yolları ət­raflı müzakirə edilib.

Rəqəmsal inkişaf və nəqliyyat naziri­nin müavini, İşçi qrupunun rəhbəri Rəh­man Hümmətov çıxış edərək bildirib ki, Dövlət Proqramına uyğun olaraq, hazır­da həmin ərazilərdə avtomobil və dəmir yollarının bərpa və tikintisi, yeni hava li­manlarının inşası, telekommunikasiya şəbəkələrinin qurulması kimi strateji la­yihələrin icrası davam etdirilir.

R.Hümmətov hazırda Laçın hava li­manının tikintisi üzrə işlərin ümumi icra vəziyyətinin 65 faiz təşkil etdiyini, eləcə də ümumi uzunluğu 2500 kilometr olan 26 layihə üzrə avtomobil yollarının tikinti­si işlərinin qrafikə uyğun aparıldığını qeyd edib. Bildirib ki, Bərdə-Ağdam (47,1 km) və Horadiz-Ağbənd (110,4 km) dəmir yolu xətlərinin tikintisi işləri də davam etdirilir. Layihələr üzrə əldə edilmiş fiziki tərəqqi müvafiq olaraq 92,5 və 52 faiz təşkil edir. Bununla yanaşı, hazırda Ağdam-Xankəndi dəmir yolu xəttinin layihə-smeta sənədləri­nin hazırlanması üzrə işlər həyata keçirilir. 

Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərə əhalinin qayıdışı, bərpa-quru­culuq işləri, eləcə də səfərlərin təşkili ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən mövcud marşrutlara əlavə və tələbata uyğun olaraq yeni is­tiqamətlərdə avtobus marşrutlarının açıl­ması üzrə işlər görülür. Qarabağa turist səfərlərinin genişləndirilməsi məqsədilə “Yolumuz Qarabağa” portalı vasitəsilə vətəndaşlara fərdi minik avtomobilləri ilə də Şuşa şəhərinə, Suqovuşan qəsəbə­sinə və Laçın şəhərinə səfər etmək imka­nı yaradılıb. 

Bildirilib ki, Laçın şəhərinin Baş Pla­nına uyğun olaraq, şəhərdaxili ictimai nəqliyyat xidmətlərinin təşkili məqsədilə nəqliyyat planı hazırlanıb, Şuşa şəhəri üzrə işlər davam edir. Bununla yanaşı, aparılmış təhlillər əsasında Xankəndi şəhərinin nəqliyyat planının layihəsi ha­zırlanıb. Nəqliyyat planında nəzərdə tutu­lan şəhərdaxili marşrut xətləri və marşrut sxemi, avtobus dayanacaqlarının sayı və yerləri, şəhərlərarası marşrut şəbəkəsi və marşrutları, eləcə də Xankəndi şəhərində avtovağzalın və avtobus deposunun ya­radılması üzrə planlaşdırılan işlər və tək­liflər əksini tapıb.

İclasda yaxın zamanda məskunlaş­ması nəzərdə tutulan ərazilərdə, o cüm­lədən Xocalı və Xankəndi şəhərlərində, Kərkicahan qəsəbəsində və Malıbəyli kəndində zəruri yol-nəqliyyat infrastruktu­runun qurulması, ictimai nəqliyyat, sərni­şindaşıma və telekommunikasiya xidmət­lərinin təşkili məsələləri, mövcud tələbat və imkanlar geniş müzakirə edilib.

Sonra nazir müavini işğaldan azad edilmiş ərazilərdə radio-televiziya yayımı, mobil rabitə və sabit telekommunikasiya şəbəkəsi üzrə görülmüş və planlaşdırı­lan işlər barədə məlumat verib. Bildirib ki, hazırda ərazidə bərpa edilən radio-te­leviziya yayım stansiyaları vasitəsilə 10 televiziya və 7 radio proqramının yayımı həyata keçirilir. Mobil telekommunikasiya xidmətlərinin təşkili üçün antiterror təd­birləri nəticəsində işğaldan azad edilən ərazilər də daxil olmaqla, ümumilikdə 300 baza stansiyası quraşdırılıb. Şuşa, Laçın, Füzuli, Zəngilan, Xankəndi və digər əra­zilərdə telefon və yüksəksürətli internet xidmətləri göstərilir.

Azərbaycan Respublikasının Prezi­denti Administrasiyasının sektor müdiri Elmir Vəlizadə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev, Azər­baycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyəti sədrinin müavini Heydər Rüstəmov, “Teleradio” İB-nin baş direk­toru vəzifəsini icra edən Elman Həsə­nov, “Aztelekom” MMC-nin baş direktoru vəzifəsini icra edən Tural Pirverdiyev və digər iştirakçılar da iclasda çıxış ediblər. Çıxışlarda işğaldan azad edilmiş əra­zilərdə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq həyata keçi­rilən infrastruktur layihələrinin əhəmiyyə­ti, onların icrasının İdarələrarası Mərkəz vasitəsilə əlaqələndirilməklə aidiyyəti qu­rumlar tərəfindən həyata keçirilməsi, əra­zilərdə mina təhlükəsizliyi üzrə tədbirlərin daim nəzarətdə saxlanılması, yeni salına­caq yaşayış məntəqələrinə əhalinin köçü­rülməsi və məşğulluğunun təmin edilməsi və digər vacib məsələlərlə bağlı qarşıda duran vəzifələrdən söz açılıb. 

İclasda Dövlət Proqramında sahə üzrə nəzərdə tutulan tədbirlərin vaxtında icrası ilə əlaqədar aidiyyəti qurumlarla bir­gə tədbirlər görülməsi, həmçinin yerlərdə tikinti-quraşdırma və bərpa işlərində müa­sir texnologiyaların tətbiqinin zəruriliyi və digər məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

Səfər çərçivəsində Xankəndi şəhəri­nin daxili yol-nəqliyyat şəbəkəsinin möv­cud vəziyyətinə, şəhərdə telekommuni­kasiya şəbəkəsinin qurulması və rabitə xidmətlərinin təşkili üzrə görülən işlərə, Ağdam şəhərinin daxili yol-nəqliyyat, həmçinin kommunikasiya şəbəkəsinin qurulması işlərinə, Bərdə–Ağdam, eyni zamanda, tikintisi davam edən Ağdam–Əsgəran–Xocalı–Xankəndi–Şuşa avto­mobil yollarına baxış keçirilib.

XQ

Son xəbərlər